"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Regional idarəetməyə keçid-OLSUN YA OLMASIN

--2020-05-12 / 07:05

Son günlər icra başçılarının həbsi ölkəmizdə regional idarəetməni gündəmə gətirib. Bizdə bu mövzu ilə əlaqəli qeydlərimizi oxucuların müzakirəsinə təqdim etmişik. Lakin indiki qeydimizdə diqqəti başqa bir məqama çəkmək istərdik.

Bir qədər tarixə nəzər salmış olsaq görərik ki, ölkəmizdə kommunizm rejiminin ilk illərində, 1923-1930-cu illər aralığında, regional idarəetmə olub. 1930-cu ilin avqustunda mövcud olmuş qəzalar əsasında indiki rayonlar yaradılıb. Və o müddətdən bu günədək inzibati ərazi bölgüsü məhz bu şəkildə davam etdirilmiş, ərazisi böyük olan bəzi rayonlar sönradan iki yerə bölünmüş və ya bir neçə rayonun ərazisindən istifadə etməklə yeni rayon yaradılmışdır. Bir çox hallarda isə yeni rayonlar yaradılarkən aparılan ərazi bölünmələri zamanı bəzi subyektivliyə yol verilməsi nəticədə rayon əhalisinin də cddi problemlərlə üz-üzə qoyub. Misal olaraq Bakının rayonları ilə Abşeron rayonu arasındakı ərazi bölgülərində həqiqətən ciddi problem bu gündə qalmaqdadır. Başqa bir məqam isə iyirmi il ərzində paytaxtın kadastr planını hazırlanmamasıdır. Müvafiq mərkəzi icra orqanlarının kadastr planının ötən iyirmi il ərzində ortalığa qoya bilməməsi nəticədə həm bələdiyyələrə, həm də sakinlərə problem yaratmaqdadır.

Mətləbə qayıdaq. Beləliklə, RİH-lərin keçmiş sovet dövründən miras qalan inzibati ərazi bölgüləri üzrə fəaliyyəti bu gün həm əhalinin, həm də ölkə başçısını qane etmir. Məhz elə səbəbdəndir ki, hazırda 5 icra başçısı həbsdədir. Ehtimal etmək olar ki, proses davam edəcək. Bəzi icra başçılarında müşahidə olunan xoşagəlməz ənənə mərkəzi icra orqanlarında neqativ yaratdığından regional idarəetmə mexanizmi nazirliklər tərəfindən əsasən 2008-ci ildən irəli sürülməyə başlandı. Nazirlik və komitələr əsasnamələrdə dəyişiklilk etməklə icra başçılarıyla təmasdan uzaqlaşa bildilər.

Mədəniyyət nazirliyi, Təhsil nazirliyi, Əmlak məsələləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və Ədliyyə nazirliyi ötən illər ərzində məhz bu sistemə keçib. Bu qurumların regional idarəetməyə keçidində isə əsas səbəb ilk olaraq icra başçılarının onların işinə yerli-yersiz müdaxiləsinin azalmasına nail olmaq idi.

Bu gün yerlərdə xüsusəndə Bakıdakı icra başçılarının elə də ciddi funksiyası qalmayıb. Əslində bələdiyyələri nəzarətdə saxlamalarının kökündə məhz elə səlahiyyəti əlindən alınmış bir qurumun “suda batan adamın son anda saman çöpünə əl atmsına” bənzəyir. Təsəvvür etmək olar ki, bu səlahiyyətlərin əllərindən alınması icra başçılarının “maliyyə gəlirləri”nə nə qədər mənfi təsir edib. Bələdiyyələrin fəaliyyətinə müdaxilə edilməsi də məhz bu “maliyəsizliklə” bağlıdır desəm yanılmaram. Lakin mərkəzi icra orqanlarının yaratdıqları regional idarəetmə sisteminin pərakəndəliyi isə son nəticə sakinlərin qarşılşadıqları problemin operativ həllinə ciddi təsir etmiş oldu. Ən maraqlı regional idarəemə sistemini isə İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin oldu. Deyərdim yaradılan mürəkkəb sistem həqiqətən sakinlərin ciddi narazılığına səbəb olub. Həm Əmlak məsələləri üzrə Dövlət Komitəsinin, həmdə bu struktura aid olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin regional şobələrinin olması təəccüb doğurur. Məgər vahid idarəetmə sistemi yaratmaq olmazdımı? Bu qədər regional idarənin yaradılmasına nə hacət var idi. Üstəlikdə mürəkkəb bir sistemin.

Nəticə etibariylə mərkəzi icra strukturlarının regional idarəetməsindəki pərakəndəlik və yerlərdəki orqanların sayçoxluğu nəticə etibariylə ümumi işin xeyrinə elə də ciddi təsir göstərə bilmədi.

Yekun olaraq qısa şəkildə bəzi məqamları ümumləşdirərək belə qənaətə gələ bilərik:

  • Regional idarəetməyə keçid mütləq şəkildə lazımdır.
  • Bu adddımın atılması ilk növbədə icra strukturlarının itməkdə olan inam və etibarını bərpa edə bilər.
  • Regional idarəetmə sistemini isə Fövqəladə Hallar Nazirliyinin strukturunda olan sistemdən istifadə edilməsi daha məqsədəuyğun ola bilər.
  • Regional idarəetmənin tətbiqi həmdə kifayət qədər büdcə vəsaitlərinə qənaət edilməsinə şərait yaratmış olacaqdır.
  • Yerli inzibati ərazilərdə idarəetmənin seçkili orqana, bələdiyyələrə, şəhərlərdə isə böyükşəhər bələdiyyələrinə verilməsinə zəruri edir.
  • Bələdiyyələrin səlahiyyətlətinin və idarəetmənin səviyyəsinin artması üçün bu sahəyə aid qanunverilikdəki boşluqlaırn tezliklə aradan qaldırılamsına ehtiyac yaradır.
  • Başqa bir məqam isə bələdiyyələrə inzbati nəzarəti həyata keçirən orqanın statusunun artırılması və ya ayrıca dövlət xidmətinin yaradılmasını zəruri edir.
  • Regional idarəetmə həyata keçirilərsə digər nazirliklərin yaratdığı sistem məhz yeni yaradılacaq sistemə uygunlaşdırılmalıdır.

Düşünmək olar ki, qaldırılan məsələlər tezliklə öz həllini tapacaq, ən əsası sakinlərin qarşılaşdığı problemlərin həllinin operativliyi artacaq, başqa bir müsbət məqam isə dövlət büdcəsinə kifayət qədər qənaət edilmiş olacaqdır.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

ŞƏRHLƏR