"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qəbrstanlıq işiçisi həbs edildi: BƏLƏDİYYƏ SƏDRİ MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

--2020-07-09 / 10:04

Bakı şəhər Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun qanunsuz hərəkətləri barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciət əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, iyulun 3-də Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlıqda Zaur Müslümov qəbir yerinin ayrılması müqabilində vətəndaşdan tələb etdiyi 3000 manat pul vəsaitinin 2300 manatını alarkən cinayət başında yaxalanıb.

İstintaqla Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun öz qulluq mövqeyindən istifadə edib 1 saylı Dağüstü qəbiristanlıqda qəbir yerinin ayrılması adı ilə aldatmaqla vətəndaşı rüşvət qismində verməli olduğuna inandıraraq tələb etdiyi 3000 manat pul vəsaitinin 700 manatını iyul 1-də, qalan 2300 manatını isə iyulun 3-də qəbiristanlığın ərazisində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Zaur Müslümova Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyə edir.

Məsələyə aydınlıq gətirən Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov Belediyye.infoya açıqlamasında bildirib ki, A.M.Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü Qəbiristanlıq 1940-ci ildə yaradılmış və 1972-ci ildə bağlı elan olunmuşdur.

1 saylı Dağüstü Qəbirstanlıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli 522 saylı qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na uyğun olaraq, Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən Yasamal Bələdiyyəsinə təhvil verilmiş və trestin 12 nəfər işçisi bələdiyyəyə köçürülmüşdür. Əlavə olaraq qeyd edək ki,  12 işçidən 10 nəfəri bələdiyyənin yeni yaradılan qurumunda işləməkdən imtina edərək ərizə yazaraq işdən uzaqlaşmışlar. 

01.06.2019-cu il tarixdən 01.08.2019-cu il tarixə qədər 1 saylı Dağüstü Qəbiristanlıqda müdir vəzifəsində işləmiş Müslümov Zaur Hafiz oğlu bələdiyyəyə köçürülən işçilərdən biri olub. Təlimata uyğun olaraq, Z.Müslümovun əsas vəzifəsin qəbiristanlığın sanitariya-gigiyena normalarına uyğun saxlanılmasını, o cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin daşınmasını təşkil etmək olub.

Lakin o vəzifə səlahiyyətlərini aşaraq vətəndaşdan qəbir yerinin ayrılması üçün pul tələb etmişdir. Yasamal bələdiyyəsi olaraq baş vermiş hadisədən təəssüfləndiyimizi bildirir və gələcəkdə belə hallaraın baş verməməsi üçün mütəmadi olaraq əraziyə baxış keçirilməsini, monitorinqlərin təşklini nəzərdə tutmaqla sakinləri hər zaman qarşılaşdıqları problemlərlə bağlı dərhal bələdiyyənin qaynar xəttinə (012) 432 51 78 zəng etmələri xahiş olunur.

Onu da əlavə edək ki, hazırda 1 saylı Dağüstü Qəbiristanlığında boş qəbir torpaqları olmadığından orada dəfn olunanlar əvvəliki illərdə dəfn olunmuş insanların qohumlarının yanında dəfn olnurlar.        

 Belediyye.info

 

ŞƏRHLƏR