"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qəbiristanlıqların salınması və idarə olunması qaydaları haqqında- YADDAŞ KİTABÇASI

--2021-06-20 / 15:36

    

 Yaddaş Kitabçası

  29.12.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilərək qəbiristanlıqların saxlanılması, idarə olunması, köçürülməsi ilə bağlı bələdiyyələrə əlavə səlahiyyətlər verilmişdir. Həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli 1789 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir.

                   

I. Ümumi müddəalar

Qaydalar qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir.

Bu Qaydalar Azərbaycan Respublikasının Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir. Belə ki, Fəxri xiyabanların, Şəhidlər xiyabanlarının və kütləvi (qardaşlıq) məzarlıqlarının salınması barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Bu yerlərdə dəfn olunacaq şəxslərin dairəsini isə Azərbayacan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müəyyən edir.

 II. Dövlət reyestrləri

 Qaydaların tələblərinə görə qəbiristanlıqların salınması, idarə olunması, dəfnlərin həyata keçirilməsi ilə bağlı aşağıdakı dövlət reyetsrləri aparılır:

 

  1. daşınmaz əmlakın dövlət reyestri;
  2. qəbiristanlıqların reyestri;
  3. dəfnlərin vahid dövlət reyestri.

 Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri qəbiristanlığın yerləşdiyi ərazi vahidi üzrə bələdiyyənin müraciətinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir.

Qəbiristanlıqların reyestri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparlır.

Dəfnlərin vahid dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır və aşağıdakılardan ibarətdir:

 dəfn edilmiş şəxslərə dair məlumatlar;

  1. qəbiristanlığa və qəbir yerlərinə dair məlumatlar;
  2. dəfnlərin vahid dövlət reyetsrinin aparılması ilə bağlı xidməti məlumatlar.

 Qəbiristanlığın müdiriyyəti qəbiristanlıqda hər bir dəfnə dair dəfnlərin dövlət reyestrinə aşağıdakı məlumatları dəfn həyata keçiriləndən 1 (bir) gün müddətində sənədləşdirilmiş informasiya əsasında vahid dövlət reyestrinə yerləşdirməlidir:

 dəfn edilən şəxsin soyadı, adı və atasının adı;

  1. dəfn edilən şəxsin fərdi identifikasiya nömrəsi (olduğu halda);
  2. dəfn edilən şəxsin ölüm, doğum və dəfn tarixləri;
  3. dəfn edilən şəxsin ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədinin (müvafiq tibb müəssisəsinin ölüm haqqında həkim və ya feldşer arayışının) və ya olduğu halda ölümün dövlət qeydiyyatı haqqında şəhadətnamənin rekvizitləri (sənədi verən qurumun adı, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, sənədin seriya nömrəsi və verilmə tarixi);
  4. ölümü xarici ölkələrdə qeydiyyata alınan şəxslərin ölüm faktını təsdiq edən müvafiq sənədin rekvizitləri (sənədi verən ölkənin adı, sənədin seriyası, nömrəsi və verilmə tarixi) və şəxsin öldüyü yer;
  5. dəfn edilən şəxsin dəfn olunduğu qəbiristanlığın reyestrindəki nömrəsi, yerləşdiyi inzibati ərazi vahidi və ünvanı;
  6. dəfn edilən şəxsin dəfn olunduğu qəbrin nömrəsi və qəbiristanlığın ərazisində yerləşdiyi yer;
  7. qəbiristanlıqda rezervasiya olunmuş qəbir yerlərinə və onları rezervasiya etmiş şəxslərə dair məlumatlar (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi);
  8. dəfn edilmiş şəxsin qəbrinin bu Qaydalarla müəyyən edilmiş hallarda köçürülməsinə və köçürülmənin səbəblərinə dair məlumatlar;
  9. dəfn edilən şəxsin qohumlarından və ya onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərdən birinin ünvanı, əlaqə telefon nömrələri.

 Qeyd: Dəfnlərin vahid dövlət reyestri elektron daşıyıcılarda aparılır.

 III. Qəbiristanlıqların salınması

Qəbiristanlıqlar bələdiyyə tərəfindən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır. Qəbiristanlığın salınması zamanı aşağıdakı tələblər nəzərə alınmalıdır:

 ətraf mühitin mühafizəsinin təmin olunması;

  1. sanitariya mühafizə zonasının salınması və abadlaşdırılması;
  2. içməli suya olan tələbatın ödənilməsi və yaşıllıqların suvarılması üçün su təchizatı sisteminin yaradılması;
  3. qəbiristanlığın ərazisində su quyularının qazılmasının və meyvə ağaclarının əkilməsinin qadağan edilməsi;
  4. mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri olmadıqda, yalnız yaşıllıqların suvarılması üçün yerli su təchizatı qurğularının və septik qurğu ilə təchiz olunmuş sanitar qovşaqlarının tikintisi;
  5. qəbiristanlığın ərazisi hasara alındıqda, səth sularının (yağış, qar və s.) maneəsiz axıdılmasının təmin olunması;
  6. cənazələrin daşınmasını təmin etmək məqsədi ilə qəbiristanlığın ərazisində avtomobil nəqliyyatı vasitələrinin hərəkət etməsi üçün yolların salınması;
  7. qəbiristanlığa girişdə avtomobil nəqliyyatı vasitələri üçün meydançaların ayrılması;
  8. qəbiristanlığa girişdə gül köşklərinin, habelə dəfn xidmətlərinin göstərilməsi və qəbirləri ziyarət zamanı tələb olunan digər ləvazimatların satışı üçün köşklərin quraşdırılması;
  9. qəbiristanlığın ərazisinin yaşıllaşdırılması (hər bir qəbir yerinin günəş şüaları ilə təmin olunması şərtilə ərazidə ağac və kolların, həmçinin dekorativ bitkilərin əkilməsi);
  10. qəbiristanlığın ərazisinin hasara alınması və gecə vaxtı işıqlandırılması;
  11. qəbiristanlığın fəaliyyəti ilə bağlı bina və qurğuların, o cümlədən qəbiristanlığın işçiləri üçün inzibati bina və ya xidməti otağın, sanitar qovşaqlarının, meyitin dəfnə hazırlanması üçün yuyulma yerinin tikintisi.

 Yeni qəbiristanlıqların salınması barədə qərar bələdiyyə tərəfindən aşağıdakı hallarda qəbul edilir:

 qəbiristanlıq köçürüləndə;

  1. bağlı elan edildikdə;
  2. yeni yaşayış məntəqəsi salındıqda və qəbiristanlıqda qəbir yerlərinin 85%-i dolduqda.

 Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir. Komissiyanın tərkibinə Səhiyyə, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin, habelə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri də daxil edilir. Komissiyanın tərkibinə dair təkliflər bələdiyyənin müraciəti müvafiq quruma daxil olduqdan sonra 10 (on) iş günü müddətində verilir.

Qəbiristanlığın salınması üçün torpaq sahəsi Azərbaycan Respublikasının torpaq münasibətlərinin tənzimlənməsi sahəsində müvafiq normativ hüquqi aktlara əsasən yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğun olaraq ayrılır. Qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir. Bələdiyyənin sifarişi əsasında Şəhərsalma və Tikinti Məcəlləsinin 83.0.2-ci maddəsinə uyğun olaraq qəbiristanlığın tikinti ərazisinin baş planı hazırlanır və baş plana aşağıdakı məlumatlar göstərilir:

 qəbiristanlığın ərazisində yaradılmış zonalar (giriş zonası, qəbir yerləri, yaşıllıq zonası, inzibati bina və mərasim xidmətlərinin göstərilməsi üçün inzibati binaların yerləşdiyi zona və s.) və onların sərhədləri;

  1. qəbiristanlıqdakı qəbir yerlərinin ümumi sayı, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri, həmçinin yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyəti və milli adət və ənənələri nəzərə alınmaqla, qəbiristanlığın ərazisində yaradılmış seksiyalar və onların sərhədləri;
  2. hər bir qəbir yerinin qəbiristanlıqda yerləşdiyi yer və nömrəsi.

 Qeyd: Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi, habelə qəbiristanlığın qorunması və saxlanılması işlərinin təşkili məqsədi ilə bina və digər obyektlərin tikintisi, qəbiristanlıq yollarının və rezervasiya nəqliyyat vasitələri üçün meydançanın salınması məqsədi ilə nəzərdə tutulmalıdır.

Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 (min) nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən edilir.

 

Qeyd: Məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında, müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay, digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında, karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda, habelə neft və qaz kəmərlərinin və yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonalarında, dəmir yollarının təhkim zolaqlarında, dövlət və bələdiyyə avtomobil yollarının torpaqlarında qəbiristanlıqların salınması qadağandır.

 Qeyd: Qəbiristanlıqlar qeyri-kommersiya qurumu olduğundan onların nizamnaməsi dövlət qeydiyyatında alınmalıdır. Qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

 IV.Qəbiristanlıqların idarə edilməsi

Qəbiristanlıqlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qaydalara və nizamnamələrinə uyğun olaraq idarə olunurlar. Qəbiristanlıqların idarə olunması üzrə bələdiyyə aşağıdakıları təmin edir:

 qəbiristanlığın ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

  1. qəbiristanlığın müdiriyyətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir;
  2. qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlərin görülməsini təmin edir;
  3. mövcud qəbiristanlıqların ərazisinin genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair bu Qaydaların 11-ci hissəsinə və torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir;
  4. əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin dəfn mərasimlərinin təşkilinə yardım göstərir.

 Qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

Qəbiristanlığın idarə edilməsi üzrə qəbiristanlıq müdiriyyətinin aşağıdakı hüquq və vəzifələri vardır:

  1. qəbiristanlıqların əmlakının inventarlaşdırılması və siyahı üzrə qorunmasını təmin etmək;
  2. qəbiristanlığın ərazisindəki bina və qurğuların, yolların, meydançaların və qəbiristanlığın hasarının saxlanılmasını və təmirini təşkil etmək;
  3. qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların (cığırların) səliqəli saxlanılmasını, qışda qardan təmizlənməsini, həmçinin buz bağlamış hərəkət hissələrinə qum səpilməsini təşkil etmək;
  4. qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini və onlara qulluq edilməsini təmin etmək;
  5. qəbiristanlığın ərazisində səyyar ticarətlə və dilənçiliklə məşğul olmağa, kimsəsiz şəxslərin gecələməsinə, sərxoş vəziyyətdə olan şəxslərin və ev heyvanlarının qəbiristanlığın ərazisinə daxil olmasına, habelə qəbiristanlığın ərazisindən otlaq sahəsi kimi istifadə edilməsinə yol verməmək;
  6. dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərlə bağlanılmış müqavilə əsasında qəbir yerlərinə və qəbirüstü tikililərə ödənişli əsaslarla qulluq edilməsini təmin etmək;
  7. qəbiristanlığın sanitariya-gigiyena normalarına uyğun saxlanılmasını, o cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin daşınmasını təşkil etmək;
  8. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçiləri işə qəbul və işdən azad etmək;
  9. qəbiristanlıqlarda qəbirlərin sıralanması ardıcıllığına riayət etməklə, qəbir yerini ayırmaq və dəfn işlərinin təşkili ilə əlaqədar xidmətlərin göstərilməsini təmin etmək;
  10. qəbiristanlıqda dəfnlərin dəqiq qeydiyyatının aparılması məqsədi ilə məlumatların kağız daşıyıcılarda toplanılmasını və həmin məlumatların dəfnlərin vahid dövlət reyestrində yerləşdirilməsini təmin etmək;
  11. qəbiristanlıqda boş yerlərin sayında dəyişiklik olduğu halda, son dəfn tarixi göstərilməklə, qəbiristanlığın giriş qapısının elan lövhəsində bu barədə məlumatın yenilənməsini təmin etmək;
  12. qəbiristanlığın mövcud vəziyyəti, o cümlədən boş və tutulmuş qəbir yerləri barədə məlumatları rübdə 1 (bir) dəfədən az olmamaq şərtilə bələdiyyəyə təqdim etmək;
  13. ölmüş şəxsin dini mənsubiyyəti və milli adət və ənənələr nəzərə alınmaqla, dəfn mərasiminin keçirilməsi üçün hazırlıq işlərini, o cümlədən ölmüş şəxsin qohumlarına, qanuni nümayəndələrinə və ya onları dəfn edəcək digər şəxslərə tabutun verilməsini, qəbir yerinin qazılmasını, ölmüş şəxsin soyadı, adı, atasının adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılmasını təmin etmək;
  14. qəbiristanlıqda bu Qaydalarla müəyyən edilmiş iş rejiminə və ziyarət vaxtına əməl olunmasını təmin etmək;
  15. qəbiristanlıqda kargüzarlıq işinin aparılmasını təmin etmək;

 Ölmüş şəxsin dəfni ilə bağlı qəbiristanlığın müdiriyyəti tərəfindən dəfn xidmətləri göstərilir. Bu cür xidmətlərin göstərilməsi üçün bələdiyyə müəssisələri yaradıla bilər.

Qəbiristanlığın müdiriyyəti və dəfn xidmətlərini göstərən işçilər dini ayinlərin icrasını bilməli və milli adət və ənənələrə əməl etməlidirlər.

 

Qeyd: Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcə vəsaitləri, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı xidmətlətin göstərilməsindən əldə olunan gəlirlər və Qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

 V. Dəfn xidmətləri

 Ölmüş şəxsin dəfni ilə bağlı onun qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərin ərizəsi əsasında qəbiristanlığın müdiriyyəti tərəfindən dəfn xidmətləri göstərilir. Dəfn xidmətləri dedikdə aşağıdakılar nəzərdə tutulur:

 ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmamışdırsa, onun yuyulması və dəfnə hazırlanması;

  1. ölmüş şəxsin cənazəsinin daşınması üçün tabutun və nəqliyyat vasitəsinin təqdim olunması;
  2. qəbir yerinin qazılması;
  3. ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılması;
  4. cənazənin dəfn edilməsi və dəfn zamanı din xadiminin iştirakı ilə dini ayinlərin icrası;
  5. cənazənin kremasiya olunması və kremasiya olunmuş şəxsin dəfni üçün digər ləvazimatların təqdim edilməsi;
  6. dəfn edilmiş şəxsin ekshumasiyası;
  7. qəbirüstü tikililərin hazırlanması və quraşdırılması.

 Qeyd: Dəfn xidmətlərinin ümumi dəyəri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğindən artıq olmamalıdır.

 Ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərin ərizəsinə ölüm faktını təsdiq edən sənədin (müvafiq tibb müəssisəsinin ölüm haqqında həkim və ya feldşer arayışının) və ölmüş şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır. Qəbiristanlığın müdiriyyəti tərəfindən dəfn mərasimlərinin təşkili ilə əlaqədar ərizəyə dərhal baxılmalı və dəfn yeri ayrılmalı, həmçinin ölmüş şəxsin dini mənsubiyyəti və milli adət və ənənələri nəzərə alınaraq, onun qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərlə razılaşdırılmaqla dəfnin vaxtı müəyyən edilməlidir. Qəbiristanlığın müdiriyyəti qəbiristanlıqda boş qəbir yerləri olmadıqda və yuxarıda qeyd olunan sənədlər təqdim edilmədikdə qəbir yerinin ayrılmasından imtina edilməsi barədə ölmüş şəxsin qohumlarını, qanuni nümayəndələrini və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxsləri dərhal məlumatlandırır. Boş yer olmadıqda bələdiyyəni məlumatlandırmaqla, qəbiristanlığın müdiriyyəti digər qəbiristanlıqda boş yerin ayrılmasına yardım etməli və həmin gün bu barədə məlumatı bələdiyyəyə təqdim etməlidir.

Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Qeyd: Şəhər qəbiristanlıqlarında dəfn xidmətlərinin göstərilməsi üçün bələdiyyə müəssisələri yaradıla bilər.

 VI.Qəbir yerləri və qəbirüstü abidələrə dair tələblər

 Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılmalı, qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalı, qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyən edilməlidir.

Qəbirüstü tikililər dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən quraşdırılır və ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınmaqla, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur.

 Qeyd: Qəbrin ətrafının hasarlanması qadağındır.

 VII.Qəbiristanlıqların köçürülməsi

Qəbiristanlıqların köçürülməsi və (və ya) bağlı elan olunması barədə qərar Komissiyanın rəyi nəzərə alınmaqla, bələdiyyə tərəfindən qəbul edilir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verilir, habelə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir.

Qəbiristanlıqların köçürülməsinə yalnız aşağıdakı hallarda yol verilir:

 subasma, daşqın, sel, torpaq sürüşməsi, zəlzələ və digər təbii fəlakətlər zamanı;

  1. qəbiristanlığın ərazisi olan torpaq sahəsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əsaslar üzrə dövlət ehtiyacları üçün alındıqda.

 VIII.Qəbir yerlərinin rezervasiyası

Qonşu qəbir yerlərinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir.

 Qeyd: Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması ilə bağlı 2018-ci il 30 oktyabr tarixli 1307-VQD nömrəli Qanunla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda yeni maddə əlavə edilmişdir:

 “Maddə 516-1. Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması

 516-1.1. Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə -

vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

516-1.2. Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

516-1.3. Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə -

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.

 516-1.1-ci və 516-1.3-cü maddələrdə (qəbir yerlərinin rezervasiyası tələblərinin pozulmasına münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən, 516-1.2-ci maddələrdə nəzərdə tutulmuş inzibati xəta (dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına münasibətdə) haqqında işlər üzrə isə protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunur.

 Qeyd: Qaydaları tam və dərindən öyrənmək tövsiyə olunur.

 Bələdiyyələrlə İş Mərkəzi

ŞƏRHLƏR