"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaliblər sırasında iki bələdiyyədə vardır

--2019-06-12 / 17:41

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin 2018-ci il qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbiri AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb. Bu barədə məlumatı AzərTAg yayıb.

S.Möhbalıyev bildirib ki, AHİK-in V Qurultayında 2018-2023-cü illər üçün Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətinin əsas istiqamətlərində layiqli əmək şəraitinin yaradılmasına, işləyənlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə, ekoloji problemlərin həllinə, BƏT-in əməyin mühafizəsinin vahid idarəetmə sisteminə nail olmaq kimi vəzifələr nəzərdə tutulub. Bu vəzifələrin həyata keçirilməsi məqsədilə artıq müvafiq addımlar atılmaqdadır. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür. Respublikamız ətraf mühitin mühafizəsi sahəsində çox sayda beynəlxalq konvensiyaları ratifikasiya edib və normativ-hüquqi bazanın inkişafına nail olub. Belə ki, Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı (ƏMMFP) ölkənin ətraf mühit prioritetlərini və digər nəzərdə tutulmuş fəaliyyətləri müəyyən edir.

Diqqətə çatdırılıb ki, müsabiqənin keçirildiyi dövrdə ilk həmkarlar ittifaqı komitələrinin 150, əməyin mühafizəsi komissiyalarının 103 iclasında əməyin mühafizəsi və təhlükəsizliyi məsələsi müzakirə mövzusu olub. Bu dövrdə işəgötürənlərlə işçilər arasında yaranmış 50 mübahisəli məsələ həll edilib və həmin məsələlərin yuxarı həmkarlar ittifaqı qurumlarında və ya məhkəmələrdə araşdırılmasına ehtiyac qalmayıb. Bütün bu tədbirlər bir sıra müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaitinin əvvəlki müvafiq dövrlə müqayisədə 4,1 faiz, hər işçiyə görə isə 3,7 faiz artırılmasına gətirib çıxarıb.

“Göründüyü kimi həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verib. Burada həmkarlar ittifaqları fəalları ilə yanaşı, çoxsaylı işəgötürənlərin nümayəndələrinin, aidiyyətı dövlət qurumlarının əməyi az olmayıb və biz bu əməyi qiymətləndirməliyik. Hesab edirəm ki, əldə olunan müsbət nəticələr AHİK, onun üzv təşkilatları və işəgötürənlər tərəfindən bundan sonra da davam etdiriləcək”, - deyə AHİK sədri əlavə edib.

Çıxışının sonunda S.Möhbalıyev “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsi qaliblərini təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə, həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış ediblər.

Sonda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib.

Belediyye.infonun əldə etdiyi məlumata görə, qaliblər sırasında Yasamal və Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin də adları vardır.

Tədbirdə "Fəxri fərman"lar və qiymətli hədiyyələr Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərova və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Ayət Nağıyevə təqdim edilib.

Belediyye.info

ŞƏRHLƏR