"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Problemin həlli kimdən asılıdır: Arxitektura və Şəhərsalma Komitəsindən, yoxsa bələdiyyələrdən

--2022-04-25 / 06:46

Eyni məzmunlu məktubu həm Arxitektura və Şəhərsalma Komitəsinə, həm də dəyərli millət vəkili Fatma Yıldırıma göndərmişdim. Xanım Fatma Yıldırım dərhal reaksiya verərək məktubun müvafiq orqana göndərməklə yanaşı bu barədə bizi də məlumatlandırdı. Bu addımına görə millət vəkilinə təşəkkür edirəm.

Bir neçə gün öncə komitə sədrinin birinci müavini Namiq Hümmətovdan, bu gün isə komitənin Ərazi Tikinti-Planlaşdırma mərkəzinin sədri Ramin Abdullayevdən cavab məktubu aldım. Hər ikisini oxuduqdan sonra belə qənaətə gəldim bu qurumdakı yoldaşlar müraciətin təəssüfki əsas məğzini tuta bilməyiblər.

Bir daha məktubun qısa məzmunu xatırladım ki, normativ-hüquqi sənədlərə görə, uzun illər boyu torpaqdan, həmin torpaq üzərində uzun illərdən bəri tikilmiş və istifadəsində olan əmlakın sənədləşdirilməsi üçün Arxitektura və Şəhərsalma Komitəsindən rəy alınması qanunla nəzərdə tutulub. Və bunun üçün 100 manat həcmində xidmət haqqının ödənilməsi həyata keçirilir. Ən maraqlı məqam isə şəffaflığın təmin edilməsi üçün bu vəsaitin məhz bələdiyyənin bank hesabından ödənilməsi tələb olunur. Sual olunur bank hesabı bağlı olan bələdiyyə bunu necə köçürsün? Vətəndaşın əmlakının sənədləşdirilməsində bələdiyyənin də marağı həm də məhz borcun bağlanılması üçün büdcəyə əlavə vəsaitin cəlb edilməsidir. Belə olan halda bələdiyyənin maliyyə vəsaitinin nəqd şəkildə ödənilməsinə isə icazə verilmir. Belə çıxır ki, komitənin bu tələbi yerinə yetirilmədiyindən vətəndaşın əmlakının sənədlədirilməsi dalana dirənir, üstəlik bələdiyyənin borcu artır. Nəticədə vətəndaş məmnunluğu təmin edilmir.

Burada söhbət ondan gedir ki, bank hesabı bağlı olan bələdiyyə belə vəziyyətdə nə etməlidir?

Mən komitənin cavab məktubunda qanun və normativ sənədlərə istinad etmələrini başa düşürəm. Ancaq belə bir vəziyyətdə komitənin də bu vəziyyətdən çıxmaq üçün təklif verməsini gözləyirəm. Mən şəffaflığın təmin edilməsində nəqdsiz ödənişlərin tətbiqini alqışlayıram. Və əlavə edim ki bələdiyyələrdə artıq 2015-ci ilin bir yanvar tarixindən bütün ödənişlər nəqdsiz həyata keçirilir. Cavabda başa düşüləndir. Ancaq belə fors-major halında komitə və bələdiyyə nə etməlidir? Bax ona aydıqlıq gətirilməlidir ki, vətəndaş süni görünən problemlə üz-üzə qalmasın.

Üstəlik, olmazmı ki, həmin vəsait həm də stasionar ödəmə terminalları vasitəsiylə həyata keçirilsin. Nəzər alaq ki, burda tək bələdiyyənin deyil, həm də vətəndaşa ciddi problem yaranır. Bunu həll etmək mümkün deyilmi?

Xırda görünən bir problemin həlli əslində elə komitənin özü üçün də maraqlı olmalıdır. Problemin mövcudluğu əslində komitənin “məmur xalqın xidmətçisi” olmasına maraqlı olmamasından xəbər verir.

Ən narahat edən məqam ondadır ki, biz problemin həllini bilərəkdən ya bilməyərəkdən çətinləşdiririk, məsələ böyüyür, vətəndaşlar və bələdiyyələr çətin durumda üz-üzə qalır, nəticədə probemin həllinə ölkənin ali vəzifəli şəxsləri qarışır və problem anındaca həll edilir. Bu müddət ərzində isə ötən aylar və illər ərzində vətəndaşı narazı salan orqan “sudan duru çıxır”. Konket olaraq deməliyəm ki, vətəndaşı və bələdiyyələri narahat edən bu problem öz həllini tapmalıdır.

Belə olmaz. Ölkə başçısı da çıxışlarında dəfələrlə vətəndaş məmnunluğunun təmin edilməsində məmurların üzərinə böyük məsuliyyət yükünün düşdüyünü bidlirb.

Fikrimcə, nəticə çıxarmağın vaxtı çatıb.

Vüqar Tofiqli

"Bələdiyyələrin fəaliyyətinin təbliği" ictimai birliyin sədri

ŞƏRHLƏR