"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

““Pilot layihə” çərçivəsində yeni çoxmərtəbəli binalar sakinlərin istifadəsinə verilmişdir”-Sabunçu RİH

--2019-02-05 / 17:27

Sabunçu rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Sabunçu RİH yayıb.

Bakı Gənclər Mərkəzində Sabunçu rayonunun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Prezident Administrasiyasında sektor müdiri Tağı Tağıyev, millət vəkilləri Eldar Quliyev, Dilarə Cəbrayılova və Fazil Mustafa, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Ümummili lider Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlanılan hesabat yığıncağı Bakı Gənclər Mərkəzinin akt zalında davam etdirilib.

Tədbiri hesabat məruzəsi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin əməyi sayəsində 2018-ci ildə də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması davam etdirilmişdir.

A.Vəliyev qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də Sabunçu rayonunun sosial-iqtisadi sahələrində inkişaf davam etmiş vəəsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li qərarı ilə “Pilot layihə” çərçivəsində RİH-ə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər 2018-ci ildə də davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar sakinlərin istifadəsinə verilmişdir. Bakıxanov qəsəbəsi Mehmandarov 17, 19 və Mədəniyyət küçəsi 28 ünvanlarında olan 2 və 3 mərtəbəli, çoxmənzilli binaların yerində müasir, çoxmərtəbəli yaşayış binalarının tikintisi yekunlaşmaqla sakinlər öz mənzillərinə köçürülmüşdür.
Eyni zamanda, Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 12,Ərəblinski 14, 14a, 16, 18 və 18a, Nazim İsmayılov 70, 72 və 74, R.Qəmbərov 19 və 21, Ərəblinski 1 və Aşıq Alı 9 ünvanlarındakı istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektləri sökülmüş və oradakı ailələr kirayə mənzillərlə təmin edilmişdir.

Hazırda həmin ünvanlarda yeni çoxmərtəbəli yaşayış binalarının inşasına başlanılmışdır. Sabunçu qəsəbəsi Xəstəxanayanı və Əsədullayev küçələri və başqa köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və hazırda sənədləşdirmə işləri aparılır.

06 mart 2018-ci il tarixdə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Maştağa qəsəbəsində yerləşən 120 yerlik 9 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir -bərpadan sonra açılış mərasimi keçirilmişdir. Nardaran qəsəbəsində Bakı Keramika və tətbiqi sənət Mərkəzi və Xalça emalatxanası binalarının tikintisi başa çatdırılmışdır.
13 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakıxanov qəsəbəsində müasir tələblərə uyğun yenidən qurulmuş istirahət parkı və yeni inşa edilmiş ümumi sahəsi 5800 m² olan üçmərtəbəli Bakı Gənclər Mərkəzinin açılışı keçirilmişdir.
2018-ci ildə rayonun mərkəzi küçə və yollarında, məhəllədaxili ərazilərdə abadlıq və quruculuq işləri davam etdirilmişdir. İlin əvvəlindən “Azəravtoyol” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti və Sabunçu bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 230 min m²-dən çox yeni asfalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir.
Rayonun mərkəzi və daxili küçə və yollarında, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə nöqsanlara yol verilməmişdir.

Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır.Hesabat dövründə rayonun bütün qəsəbələrində sakinlərlə müntəzəm səyyari görüşlər, eləcə də cari ilin yanvar ayı ərzində qəsəbə nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmiş və sakinləri narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür.

İl ərzində rayonda bir sıra sosial əhəmiyyətli tədbirlər, ətraf mühitin mühafizəsi, sağlamlıq üzrə aksiyalar, səyahət və görüşlər təşkil edilmişdir.

2018-ci il ərzində Rayon İcra Hakimiyyəti aparatına ümumilikdə 8264 sənəd-ərizə və məktub daxil olmuşdur ki, bu da 2017-ci il ilə müqayisədə 7.2 faiz (554 sənəd) çoxdur. O cümlədən vətəndaş müraciətlərinin sayı 5692 olmuşdur.

Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində fərdi qaydada 562 nəfər qəbul edilmiş, keçirilmiş 48 səyyari görüşlərdə 5200 nəfərə yaxın vətəndaş iştirak edərək onlardan 564 nəfəri müxtəlif təkliflərlə çıxış etmiş və 240 məsələ qaldırılmışdır.

Rayon İcra Hakimiyyəti 2018-ci ildə fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Daha sonra Sabunçu rayonunda istehsal sahələrinin inkişaf perspektivləri haqqında “Neftqazmaş” ASC-nin direktoru Vahid Hacıyev, 2018-ci ildə rayonda aparılan abadlıq və sanitar-təmizlik işlərinin vəziyyəti haqqında Rayon Kommunal-Təsərrüfatı İdarəsinin rəisi Akif Ramazanov, 2018-ci ildə rayonda ictimai asayişin qorunması üzrə görülmüş işlər haqqında Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, 2018-ci il ərzində ölkənin inkişafı üçün müxtəlif istiqamətlərdə görülən işlər barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında sektor müdiri Tağı Tağıyev və millət vəkilləri Eldar Quliyev, Dilarə Cəbrayılova və Fazil Mustafa çıxış ediblər.

Belediyye.info

ŞƏRHLƏR