"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Peşə bayramınız mübarək şərəfli peşə sahibləri

--2022-11-21 / 18:01

22 noyabr Azərbaycan Respublikası Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasında ədliyyə sisteminin çətin və şərəfli keçmişini əks etdirən zəngin tarixi vardır. Belə ki, müstəqil dövlətimizin ədliyyə tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması ilə bağlıdır.

Nazirlik öz işinə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayaraq, ilk növbədə məhkəmə aparatları tədricən bərpa edilmiş, çətinliklə də olsa, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.

Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

ADR-in 1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu tərəfindən işğalından sonra İnqilab Komitəsinin 13.05.1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmişdir. Əvəzində isə Xalq Ədliyyə Komissarlığı yaradılaraq onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu Komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcrayyə Komitəsi və digər orqanlara verilmişdir.

1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş və onun səlahiyyətlərinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Prokurorluğa və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş və onun səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırılmışdır. Belə ki, əsas fəaliyyət istiqamətləri məhkəmə və notariat işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 07 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edildikdən sonra Nazirliyin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bununla da ədliyyə tarixində yeni mərhələ başlanmışdır.

Göründüyü kimi müxtəlif dövrlərdə dəfələrlə ləğv edilib yenidən yaradılmış Ədliyyə sisteminin çətin və şanlı keçmişi olmuşdur.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ədliyyəsi ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, onun rəhbərliyi ilə ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş və Nazirliyin səlahiyyətləri genişləndirilərək cəmiyyətdə rolu artmışdır.

Ümummilli liderin Ədliyyə sahəsinə göstərdiyi qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin diqqət, qayğı və təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, Nazirliyə mühüm vəzifələr həvalə edilmiş və strukturu daha da təkmilləşdirilmişdir. Prezidentin 18.04.2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək hüquq mühafizə orqanı statusu verilmişdir.

Bundan başqa “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” 26.05.2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmş və ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman, eləcə də Azərbaycan Ədliyyəsinin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Həmçinin ədliyyə fəaliyyətinin mükəmməl normativ-hüquqi bazası yaradılmış və onun üzərinə yeni mühüm vəzifələr qoyulmuşdur.

Biz Ədliyyə işçiləri peşə bayramımızı yüksək əhval ruhiyyə ilə qalib xalqın nümayəndəsi kimi qeyd edirik. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənə qarşı başladığı və 44 gün davam edən haqq savaşında Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi sayəsində tarixi qələbə qazanılaraq işğalda olan torpaqlarımız geri qaytarılmışdır.

Bu günləri bizə yaşatdığına görə Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.

Xalqımzın haqq savaşında Ədliyyə Nazirliyinin əməkdaşları da hərbi xidmətə yollanılaraq iştirak etmiş və yüksək vətənpərvərlik nümunəsi göstərimşlər. Bunlardan könüllü olaraq Vətən müharibəsində iştirak etmiş nazirliyin icra baş idarəsinin əməkdaşı Ruhin Xəlilov mərdlik və şücaət göstərərək şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Sonda qalib xalqın nümayəndəsi kimi 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı münasibətilə bütün həmkarları ürəkdən təbrik edir, şərəfli işinizdə Sizə uğurlar arzulayıram.

 Vüsal Alıyev

Bərdə regional ədliyyə idarəsinin

aparıcı məsləhətçisi

I dərəcəli ədliyyə qulluqçusu

 

ŞƏRHLƏR