"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

P.Ağayev: "Bələdiyyə-vətəndaş münasibətinin normal səviyyəyə qaldırılması üçün maliyyə imkanlarının rolu əvəzsizdir"

--2022-01-10 / 08:27

İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev Belediyye.infounun suallarını cavablandırır:

- Ötən ildəki fəaliyyətiniz sədr olaraq Sizi qane etdimi? Nədən razı, nədən narazı qaldınız?

- 2021-ci il Azərbaycan tarixinə ilk böyük Zəfər ili kimi daxil oldu. Qarabağ bölgəsində aparılan geniş yenidənqurma işləri heç şübhəsiz xalqla bərabər bizi də sevindirir. Fəaliyyətimizə gəlincə, pandemiya məngənəsində olmağımıza baxmayaraq,​ imkanlarımız daxilində il ərzində rayonun sosial, mədəni- kütləvi tədbirlərinin təşkili və keçirilməsində iştirak etmiş, qayğıya ehtiyac duyanlara dəstək olmuşuq. Əhali ilə birgə olmağa can atmış və buna müəyyən dərəcədə nail olmuşuq. Lakin heç də nəzərdə tutduğumuz işləri yetərincə yerinə yetirməyə müvəffəq ola bilməmişik. Diqqəti vergi ödənişindəki çatışmazlıqların yaranma səbəblərini dərindən öyrənməyə yönəltmişik.​ Bu məsələ üzərində ciddi işləmək, əhali arasında vergi mədəniyyətini, məhəllə komitələri ilə işi qənaətbəxş səviyyəyə çatdırmaq qərarına gəlmişik. Güman edirik ki, 2022-ci ildə bu istiqamətdəki çalışmalarımız öz müsbət nəticəsini verəcəkdir.

-   Bələdiyyənin maliyyə şəffaflığı və hesabatlılığı necə təmin olunur?

- Əksər bələdiyyələrdə olduğu kimi, İsmayıllı bələdiyyəsini də ictimaiyyətlə əlaqələndirən, mütəmadi yenilənən veb saytı vardır. ​ İsmayıllı bələdiyyəsinin rəsmi veb saytı, facebook səyfəsi vasitəsilə bələdiyyənin keçirdiyi bütün iclaslar, iclaslarda qəbul olunan müvafiq qərarlar, habelə, illik və altıaylıq hesabatlar bu sayt vasitəsi ilə seçicilərin diqqətinə çatdırılır. Bundan əlavə, bələdiyyənin altıaylıq, illik hesabatları “İsmayıllı xəbərləri” qəzetində dərc olunaraq oxuculara çatdırılır.

- Cari ildə qanunvericilikdə bələdiyyələrə aid olan hansı məsələnin həllini istərdiniz?

- Bələdiyyələrin formalaşdırıldığı 1999-cu ildən bu yana müxtəlif sahələr üzrə bir neçə dəfə qiymət artımları baş verdiyi halda, bələdiyyələrdə torpaq və əmlak vergilərinin məbləği ilkin variantda qalmaqdadır. Bələdiyyələr üzrə torpaq və əmlak vergiləri məbləğinə yenidən baxılması yaxşı olardı. “Reklamlar haqqında” Azərbaycan Respublikası Qanununda​ bələdiyyələrə ödəniləcək vəsaitin məbləğinin artırılmasına ehtiyac vardır. “Bələdiyyə torpaqlarının​ keçmiş Əmlak komitəsindən alınaraq bələdiyyələrə verilməsi” barədə​ tədbirlər görülməsi​ məqsədəuyğundur.

- Ötən ildə siz hansı qurumun dəstəyini hiss etdiniz: – İcra hakimiyyətinin, ədliyyə ​ ​ ​ Nazirliyinin, Milli Bələdiyyə Assosiasiyasıyalarının və ya...​ ​ ​ ​

​ - Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də rəhbər qurum olaraq Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinin işimizə olan gündəlik nəzarəti fəaliyyətimizin istiqamətverici qüvvəsi olub. Göstərilən diqqət, olunan tövsiyələr, verilən tapşırıqlar bir qayda olaraq əməli işdə köməyimizə çatıb və həyata keçirilib.

- Cari ildə bələdiyyənizin maliyyə durumunun yaxşılaşdırılması üçün hansı layihələri gerçəkləşdirmək istərdiniz?

- Bələdiyyə-vətəndaş münasibətinin normal səviyyəyə qaldırılması üçün maliyyə imkanlarının rolu əvəzsizdir. Bu baxımdan bələdiyyələrə faizsiz kreditlərin verilməsi məsələsini işin xeyrinə ola biləcək hal kimi qəbul etmək olar. Bələdiyyələrə göstərilən maliyyə dəstəyi qısa zamanda özünü doğrulda bilər və bu qurumun təkcə ərazidə deyil, bütün ölkədə nüfuzunu arzu olunan səviyyəyə qaldırar. Maliyyə vəsaiti​ olarsa bələdiyyəyə​ gəlir gətirən sahələrin genişləndirilməsini istərdik.

 Pərviz​ Ağayev

İsmayıllı bələdiyyəsinin sədri ​ ​ ​

ŞƏRHLƏR