"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ötən il Fatmayı kəndində hansı layihələr icra olunub?

--2023-02-28 / 04:41

Abşeron rayonu Fatmayı kəndində 2022-ci ilin 12 ayı ərzində aşağıda göstərilən işləri yerinə yetirmişdir.

Yanvar ayında orta məktəbin qarşısındakı Cəlil Cavadov küçəsinə kamera sistemi quraşdırılmışdır. Bu sistem məktəb kollektivinin təhlükəsizliyini təmin etmək məqsədilə bələdiyyə tərəfindən alınaraq quraşdırılması aparılmışdır. Həmin kamera sisteminin alınaraq quraşdırılmasına 874,77 manat məbləğində vəsait xərclənmişdir.

Şəhid, qazi ailələrini həmişə diqqətdə saxlayır. Belə ailələrə tez-tez baş çəkilir, ərzaq yardımları verilir, sosial, məişət problemləri dinlənilir və həmin problemlər dərhal yerindəcə həll edilir. Bu ilin Novruz bayramında ümumilikdə 80 nəfər (şəhid, qazi, aztəminatlı) ailəyə ərzaq yardımları verilmişdir. Bunun üçün bələdiyyə büdcəsindən 2013,46 manat məbləğində vəsait xərclənmişdir.

Ramazan bayramında kənd ərazisində yaşayan 7 şəhid ailəsinə ərzaq yardımı göstərilmişdir. Bunun üçün bələdiyyə büdcəsindən 355,75 manat məbləğində vəsait xərclənmişdir.

Ötən il müqəddəs Qurban bayramı ərəfəsində şəhid, qazi, aztəminatlı, imkansız ailələrə (ümumilikdə 80 ailə olmaqla) ət yardımı paylanılmışdır.

Bələdiyyənin qərarına əsasən Fatmayı kənd sakini Babayev Şahin Şahbaz oğlunun müraciətinə əsasən qızı Zeynəbin kəskin leykoz xəstəliyinə tutulması ilə bağlı müalicə xərclərini qarşılamaq məqsədilə 300 manat məbləğində maddi yardım verilmişdir.

Bələdiyyənin qərarına əsasən kənd sakini ruhi xəstə olan, kimsəsiz Hacıyev Zaur Yavər oğlu bələdiyyə tərəfindən himayəyə götürülmüş, hər ay üçün birdəfəlik 100,0 manat məbləğində maddi yardımın verilməsi nəzərdə tutulmuşdur.

Bələdiyyənin qərarına əsasən müharibə veteranı Abbasov Abbas Əli oğluna evinin təmiri ilə əlaqədar 400 manat pul vəsaiti ayrılmışdır.

Kəndin abadlıq işləri də daim diqqət mərkəzində saxlanılır. Belə ki, ötən il Qüdrət Bəy Səlimxanov, Ulduz, Əzizə Cəfərzadə adına daxili küçələrdə sakinlərin müraciətlərinə əsasən daxili imkanlar hesabına 2580 kv.m frez məhlulu tökülmüş, katok ilə kipləşdirilmişdir. Küçələrin frez məhlulu ilə kipləşdirilməsi sakinlərin ürəyincə olmuşdur. Buda həmin küçələrdə rahat gediş-gəlişin təmin edilməsinə şərait yaratmışdır.

Sentyabr ayında şəhid Diyar Allahverdiyevin adını daşıyan küçə, Əbdül Ağayev və Gəray Əsədov küçələridə cari təmir işləri aparılmışdır. Həmin küçələrə ümumilikdə 2640 kv.m asfalt qırıntısı, qırma daş tökülərək yayılmışdır.

Kəndin Sahil küçəsində xeyriyyəçi şəxslər tərəfindən 1000 kv.m asfaltlanma işi aparılmışdır.

Alı Mustafayev küçəsində müraciət əsasında şirkət tərəfindən işıqlandırma işləri aparılmışdır.

Hal-hazırda kəndin mərkəzi küçəsində işıqlandırılma işlərinin aparılması ilə bağlı layihə həyata keçirilir. Yaxın günlərdə həmin layihə üzrə işlər yekunlaşdırılacaq.

Kənd stadionu da diqqətdən kənarda qalmamışdır. Stadionun işıqlandırılma sistemi daxili imkanlar və şəxsi vəsaitlər hesabına həll edilmişdir. Bundan əlavə kənd stadionunda bir sıra cari abadlıq işləri aparılmışdır.

Magistral yol kənarlarının təmizliyi də diqqət mərkəzində olan məsələlərdəndir. Belə ki, mütəmadi olaraq yol kənarları alaq kol və otlardan təmizlənir. Yaz aylarında ağacların gövdəsi və yola düşən daş hasarlar əhəng məhlulu ilə ağardılmışdır.

Ötən doqquz ay ərzində fərdi yaşayış evlərindən məişət tullantılarınn götürülməsi, daşınması və zərərsizləşdirilməsi həftədə 4 dəfə (həftənin 1-ci, 2-ci, 3-cü və 4-cü günləri) olmaqla həyata keçirilmişdir.

Mehdiabad-Fatmayı-Görədil yolunun kənarında 85 ədəd şam ağacları əkilmişdir. Həftədə 2-3 dəfə ağacların sulanması təşkil edilir. Yaşıllıqlara tez-tez aqrotexniki qulluq göstərilir. Payız-qış mövsümündə yaşıllıqların sayının artırılması qarşıya məqsəd qoyulub.

Kəndin Tağı Şahbazi küçəsində payız mövsümündə 100 ədəd şam ağacı əkilmişdir.

Kəndin şəhid Q.Əliyev küçəsində 20 ədəd Xan çinarı və şəhid bulağının ətrafına 12 ədəd şam ağacı əkilmişdir.

27 sentyabr Anım günü ilə əlaqədar kənd ərazisində yaşayan 4 şəhid və 2 qazi ailəsinə ərzaq yardımları verilmişdir. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları və kənd sakinlərindən ibarət 50 nəfərə kənd məscidində ehsan süfrəsi verilmişdir.

Kənd ərazisində bir neçə küçədə kanalizasiya ilə bağlı mövcud olan problemlərdən biri də qurğu qapaqlarının olmamasıdır. Həmin kanalizasiya qapaqları daxili imkanlar hesabına bərpa edilmişdir. Kanalizasiya ilə bağlı yaranan problemlər sakinlərin müraciətləri əsasında bələdiyyənin daxili imkanları hesabına aradan qaldırılır.

Kənd məscidində xeyriyəçi şəxsin vəsaiti hesabına cari təmir işləri aparılmışdır. Əlavə olaraq kənd məscidinə xeyriyyəçi tərəfindən 8 dəst 10 nəfərlik olmaqla stol-stul dəsti verilmişdir.

Ötən ilin sonlarında kənd klubunda cari təmir bərpa işləri aparılmışdır. Yenil il bayramında kənd klubunda balacalar üçün kukla teatr tamaşası göstərilmişdir.

Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə kənd ərazisində 7 şəhid, 1 qazi, 2 aztəminatlı, imkansız ailəyə ərzaq qutusu verilmişdir.

Ötən il bələdiyyə tərəfindən müxtəlif idarə və təşkilatlara 509 məktub göndərilmişdir. İdarə və təşkilatlardan 139 məktub daxil olmuşdur. Vətəndaşlara 125 arayış verilmişdir.

Ötən il bələdiyyənin ümumilikdə 14 iclası keçirilmişdir. Keçirilmiş iclaslar zamanı bir çox məsələlər müzakirə olunaraq öz həllini tapmışdır.

Ötən il bələdiyyəyə vətəndaşlardan 8 ərizə daxil olmuşdur. Qəbula gələn vətəndaşların sayı 35 nəfər olmuşdur. Sakinlər tərəfindən daxil olan müraciətlər tərəfimizdən nəzarətə götürülərək həlli mümkün olanlar yerindəcə həll edilir. Həlli bələdiyyənin səlahiyyətləri çərçivəsində həll edilə bilməyən məsələlər isə aidiyyatı qurumlara ünvanlanır.

Bələdiyyə maliyyəsinin əsaslarını yerli büdcəyə daxil olan gəlirlər təşkil edir. Ötən il bələdiyyə büdcəsinə 12798,67 manat torpaq vergisi, 19114,66 manat əmlak vergisi daxil olmuşdur. Dövlət büdcəsindən bələdiyyəyə 3200,0 manat dotasiya ayrılmışdır. Bütün bələdiyyələrdə olduğu kimi Fatmayı bələdiyyəsində də yerli vergilərin yığılmasında problemlər yaşanır. İri vergi ödəyicilərindən vergilərin alınmasında problemlər yaşayırıq. Həmin

Kəndin bir sıra məhəllə daxili küçələrində abadlıq işləri aparılmalıdır. Lakin hal-hazırda nə daxili imkanlar, nə də bələdiyyənin maliyyə vəsaiti bu abadlıq işlərinin aparılmasına imkan vermir. Abşeron rayonunun kənd və qəsəbələrində yaşayan imkanlı şəxslər öz maliyyə vəsaitləri hesabına bələdiyyəyə mövcud olan problemlərin həllində köməklik göstərsələr bu həm ərazinin problemlərinin həll edilməsinə təkan verər, həm bələdiyyənin, həm də dövlətin həyata keçirdiyi sosial layihələrə töhvə vermiş olarlar. Bununla da bütün problemlər öz həllini çoxdan tapardı.

Daha bir problem isə kənddə suvarma suyunun olmamasıdır. Buda əkin-biçin işləri ilə məşğul olanların işinə maneçilik törədir. Fatmayı kəndində yaşayan sakinlər tərəfindən dəfələrlə bu məsələnin həlli ilə bağlı bələdiyyəyə müraciətlər daxil olur. Lakin layihənin həcmi böyük olduğundan bələdiyyə tək başına bunun öhdəsindən gələ bilmir. Kanal suyunun çəkilməsi kənd ərazisində, həyətyanı sahələrdə əkin-biçin işlərinin dirçəlməsinə təkan verəcək. Bununla bağlı olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri ilə görüş keçirilmişdir. Görüş zamanı yaxın vaxtlarda məsələnin həlli ilə bağlı köməklik göstəriləcəyi və maliyyə vəsaitinin ayrılacağı bildirilmişdir.

Bütün idarə və təşkilatlarda əhaliyə göstərilən xidmətlər üçün rüsumlar təyin edilmişdir. Həmin rüsumlardan gəlirlər əldə edilir. Amma bələdiyyələrə göstərdiyi xidmətlərə görə heç bir rüsum daxil olmur. Yaxşı olardı ki, bu xidmətlərə görə yerli büdcəyə (arayışların verilməsi və s.) müəyyən rüsumların ödənilməsi təyin edilsə bu bələdiyyə gəlirlərinin artmasına müsbət təsirini göstərər.

N. F. Nəsirli

Abşeron rayonu Fatmayı bələdiyyəsinin sədri                                         

 

 

 

 

ŞƏRHLƏR