"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

On minlərlə sənədsiz mənziln mövcudluğu sosial problem olaraq öz həllini gözləyir

--2022-03-17 / 03:42


Mən də hər şeydən öncə istərdim, bütün həmkarlarımı və hökumət üzvlərini ilaxır çərşənbə və Novruz bayramının gəlişi münasibəti ilə təbrik edim.
Müzakirələrdə çıxış edən deputat həmkarlarım kimi, mən də çox mükəmməl hazırlandığına görə, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı yüksək qiymətləndirirəm. Hesabata səs verəcəm və həmkarlarımı da bu hesabata səs verməyə çağırıram,
Hörmətli xanım sədr, hörmətli həmkarlar, mən deputat seçildiyim Qaradağ–Binəqədi–Yasamal rayonlarında seçicilərlə keçirdiyim görüşlər zamanı səsləndirilmiş həlli vacib olan bir neçə məsələni aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırmaq istərdim.


Birinci məsələ Yasamal rayonunda və Qaradağ rayonunda mövcud olan yüzlərlə qəzalı yaşayış binaları barədədir.


Bu qəzalı evlər Yasamal rayonunda hələ 19-cu əsrin sonlarında və keçən əsr ərzində, Qaradağ rayonunda ötən əsrin əvvələrində və ortalarında inşa edilmiş, tikintisi yarımçıq qalmış binalardır. Bu binalara rəsmi qurumlar tərəfindən baxış keçirilib və əksəriyyəti qəzalı binalar siyahısına daxil edilib. Problemin köklü həlli üçün əsaslı maliyyə vəsaitinin ayrılması tələb olunur.
Məsələnin yeganə müsbət həlli çox hörmətli Baş nazir Əli Əsədovun bu məsələyə müdaxilə etməsindən və aidiyyəti dövlət orqanlarına müvafiq göstərişlər verməsindən asiılıdır. Ona görə də düşünürəm ki, cənab Baş nazir, xüsusən Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu məsələyə çox həssas münasibət bəsləyəcək, məsələnin müsbət həlli üçün bütün lazımi tədbirlərin görülməsi üçün müvafiq qərarlar qəbul edəcəklər.
İkinci mühüm məsələ hər üç rayonda reyestr xidmətinin çıxarışına malik olmayan minlərlə fərdi evlərin mövcud olmasıdır. Problemin həllinin sürətləndirilməsi üçün müvafiq qeydiyyat aparılıb. On minlərlə şəxsin yaşadığı bu tipli fərdi evlərin mövcudluğu sosial problem olaraq həllini gözləyir. Bu məsələdə də hökumət səviyyəsində müvafiq addımların atılması məqsədəuyğun olardı.
Üçüncü məsələ, Lökbatan, Körgöz, Xocəsən və Sulutəpə qəsəbələrində sakinlər üçün çox ciddi çətinliklər yaradan mövcud kanalizasiya sistemlərinin yenidən qurulması,Puta və 28 May qəsəbəsində kanalizasiya şəbəkələrinin qurulması üçün hazırlanmış lajihə-smeta sənədlərinə əsasən vəsaitin ayrılması vətəndaşların üzləşdiyi problemlərin aradan qaldırılmasına əhəmiyyətli kömək etmiş olardı. Eyni zamanda, digər həlli vacib olan məsələlərdən qəsəbələrarası yolların və küçələrin əsaslı şəkildə təmiri edilməsinin,məhəllədaxili küçələrin asfaltlanmasının və işıqlandırılmasının davam etdirilməsi, qəsəbədaxili küçələrin adlarının qeyd olunduğu lövhələrin hazırlanması üçün vəsait ayrılmasını xahiş edirəm.


Binəqədi rayonu 28 May qəsəbəsində fəaliyyət göstərən tibb məntəqəsinin Qaradağ rayon 13 saylı poliklinikanın tabeliyinə verildikdən sonra fəaliyyətinin dayandırılması və yaradılmış problemin tezliklə həll edilməsini aidiyyəti dövlət qurumlarından xahiş edirəm.


Digər məsələlər, bələdiyyələrin maliyyə resurslarının ən mühüm hissəsini təşkil edən bələdiyyə vergilərinin toplanmasında mövcud olan ciddi çətinliklərlə bağlıdır. İlkin olaraq bələdiyyələrin mülkiyyət sənədləri və xəritələrinin olmaması cox ciddi problemdir. Hesab edirəm ki, bələdiyyələrin bir sira problemlərinin aradan qaldırılması üçün bələdiyyələrin mülkiyyət sənədləri və xəritələrinin hazırlanması ən qisa zamanda öz həllini tapmalıdır. Eyni zamanda, Qaradağ rayonu ərazisində 111 yaşayış binasının istiliklə təmin olunması uzun illərdi ki, öz həllini gözləyir. Mən hörmətli maliyyə nazirimizdən bu məsələlərin tezliklə həll edilməsinə vəsait ayırmasına köməklik göstərməyi xahiş edirəm.

Səbinə Xasayevə
Milli Məclsin Regional Məsələlər Komitəsinin üzvü

 (Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2022-ci il tarixli plenar iclasında Milli Məclisin deputatı Səbinə Xasayevanın çıxışı)

ŞƏRHLƏR