Bəzən özümə sual verirəm ki,niyə bu gün bir çox hallarda icra başçıları tənqid hədəfində olurlar. Niyə icra başçılarının bəzən gördükləri yaxşı işlərdə cəmiyyətimizdə birmənalı qarşılanmır.
Qeyd edim ki, idarəetmənin bu səviyyəsində olanlar arasında mənim də yaxından tanıdğım, fəaliyyətinə hörmətlə yanaşdığım insanlar var. Və onların hər biri vətəninə, dövlətinə, xalqına sədaqətlə xidmət etməkdədirlər. Və ən əsası rəhbərlik etdikləri rayonda xüsusi hörmətə və nufüza sahibdirlər. Bəs niyə bütün məmurlar haqqında bu sözü demək mümkün deyil.
Gəlin onu da etiraf edək ki, bir məmurun qaba və etikadankənar hərəkətinin ictimailəşdirilməsi nəticə etibriylə bütün sistemdə çalışanlara qarşı mənfi rəy, neqativ münasibət yaradır. Əgər bu gün bələdiyyə sədri icra başçısını məhkəməyə verirsə, demək problem var və özü də ciddidir. Bu addımın ənənəyə çevrilməsi isə hər halda yaxşı nəticə verməyə bilər. Ancaq biz o bələdiyyə sədrini “tənbeh etmək” üçün hansısa məntiqə sığmayan faktlar axtarınca, əksinə prosesin hansı səbəbdən baş verdiyini öyrənməli və icra başçısının hərəkətinə də siyasi qiymət verməliyik. Belə məqamda sual olunur, bəs həmin rayonların kuratorları hara baxır? Niyə məsələnin həll edilməsinə, yoluna qoyulmasına deyil, əksinə gözləmə mövqeyində dayanırlar.
Sanki belə təəssürat yaranır ki, icra başçısı toxunulmazdır və hər vəchlə səhvi olsa da belə onu müdafiə etməliyik. Bəlkə bu yanaşmanı dəyişək. Axı proses yaxşı səmtə getməyə də bilər. Niyə müvafiq cavabdeh şəxslər “xalqın deyil, vətəndaşın deyil, məhz icra başçılarının xidmətçisi olurlar”. Axı cənab Prezident daim çıxışlarında məmurlardan əsas tələbi də məhz elə budur. Niyə bir icra başçısı bələdiyyə sədrinə “Siz“ deyə müraciət edir, vətəndaşı iki saat ayaqüstə dinləməyi bacarır, digər icra başçısı isə seçicisinin yanında bələdiyyə sədrini təhqir edir, 35 dəqiqə ayaq üstə dinləmyə hövsələsi çatmır, üstəlik hamını borclu çıxarmağa çalışır. Bu yanaşmaya nə ad verək?
Hər halda bu suallara cavab vermək üçün dərindən düşünməliyik. Və vəziyyətdən çıxmaq üçün qarşı tərəfi borclu çıxarmağın yollarını axtarınca, öz davranışımıza diqqət etməli, qəbul etidiymiz qərarlara yenidən baxmalı və buraxdığımız səhvdən yox, səhvlərdən nəticə çıxarmalıyıq. Düşünürəm ki, nəticə çıxarmaqla biz həm də xalqın xidmətçisi olacağıq.
Cənab Prezidentin də məmurlardan konkret tələbi məhz budur.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri