"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsində sədr-hüquqşünas çəkişməsi: kim uddu, kim uduzdu?

--2021-08-22 / 14:46

2020-ci ilin yanvar ayında yeni seçilmiş bəzi bələdiyyə sədrləri vəzifələrinin icrasına başlayan zaman bələdiyyə qulluqçularının hər birindən işdən könüllü çıxmaları haqqında ərizə tələb etmələri barədə mətbuatda və sosial mediada məlumatlar yayılmışdı. Həmin ərəfədə tərəfimizdən bu mövzuya çevik reaksiya verilmiş, Belediyye.info olaraq bu problemin aradan qaldırılması istiqamətində müxtəlif səpgili açıqlamalar verilmiş, məqalələr yazılmış və mövzu gündəmdə saxlanılmışdır. Əmək qanunvericiliyinin pozulması mövzusunda maarifləndirici yazılarımızdan sonra bir sıra bələdiyyə sədrləri qulluqçulardan qanunsuz tələblərini dayandırmış, hətta işdən bu minvalla çıxarılmış bir sıra əməkdaşları sonradan məhkəmə tərəfindən işə bərpa olunmuşdur.

Nəsimi bələdiyyəsində bir ildən artıq davam edən sədr-hüquqünas çəkişməsi ikincinin xeyrinə başa çatması yenidən son olaraq bu mövzuya qayıtmağa bir növ bizi vadar etdi.

***

Bir qədər əvvələ qayıdaq. 2020-ci ilin yanvarında Nəsimi bələdiyyəsinin yeni seçilmiş sədri Əziz Zeynalov bələdiyyə qulluqçularından işdən könüllü çıxmaları haqqında ərizə yazmalarını tələb etmiş, ancaq sosial şəbəkələrdə bu barədə silsilə yazılar getdikdən sonra bələdiyyə qulluqçularını bu yolla işdən azad edilmələrindən müvəqqəti dayandırılmışdır.

Sədr Ə.Zeynalov özündən əvvəl Nəsimi bələdiyyəsində işləyən bələdiyyə qulluqçularını işdən çıxarma məqsədindən çəkinməyərək bütün bilik və bacarığını məhz bu istiqamətə yönəltmişdir.

Nəsimi bələdiyyəsinin 05.03.2020-ci il tarixli iclasında bələdiyyədə struktur dəyişikliyi edilmiş, yeni ştat cədvəli təsdiq edilmiş və bələdiyyə qulluqçularının müsabiqə komissiyasının nəticələrindən asılı olaraq yeni ştat cədvəli üzrə vəzifəyə təyin olunmaları qərara alınmışdır. Belə baxdıqda bələdiyyənin adi bir qərarıdır. Ancaq bu qərara hüquq prizmasından baxdıqda qərarda qanun pozuntusu olduğunu müəyyən etmək olur. "Bələdiyyə qulluğu haqqında" Qanunun 5-ci maddəsinin 2-ci hissində göstərilənlərə əsasən yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir. Həmin Qanunun 5-1-ci maddəsinin 1-ci hissəsində bələdiyyə qulluğuna vətəndaşların müsabiqə əsasında qəbul edildikləri təsbit olunmuşdur. "Bələdiyyə qulluğu haqqında" Qanuna əsasən vətəndaş bələdiyyə qulluğuna qəbul olunan zaman müsabiqə komissiyasından keçməli və müsabiqə komissiyasının qiymətləndirilməsi əsasında işə qəbul olunmalıdır. İstinad olunan Qanunda struktur dəyişikliyi, ştat cədvəlinin dəyişməsi zamanı bələdiyyə qulluqçusunun müsabiqə komissiyasından keçmələri nəzərdə tutulmamışdır. Müsabiqə komissiyasından bələdiyyə qulluqçusunun təkrar keçməsi onun hüquqlarını məhdudlaşdırdığı üçün bu mütləq Qanunda birbaşa göstərilməlidir. Qanunda isə bələdiyyə qulluqçusunun müsabiqə komissiyasından təkrar keçirilməsi nəzərdə tutulmamışdır. Çox maraqlıdır ki, Nəsimi bələdiyyəsinin 05.03.2020-ci il tarixli qərarı müvafiq mərkəzin mütəxəssislərinin nəzərindən yayınmışdır.

Nəsimi bələdiyyəsinin 05.03.2020-ci il tarixli qərarına müvafiq olaraq inzibati nəzarət orqanından heç bir irad bildirilmədiyindən Əziz Zeynalov öz qanunsuz əməllərini davam etdirməyi qərara almışdır.

Belə ki, bələdiyyə sədri mövcud Əmək qanunvericiliyini nəzərə almayaraq, Əmək Məcəlləsinin müddəalarını kobud surətdə pozaraq, bələdiyyələrin yarandığı tarixdən bu günə kimi görünməyən qanunsuzluğu etmiş, 01.05.2020-ci il tarixli əmri ilə 3, 5, 10 ildən çox bir müddətdə Nəsimi bələdiyyəsində müddətsiz əmək müqaviləsi ilə işləyən bütün işçilərin əmək müqavilələrini heç bir əsas olmadan ləğv etmişdir. Bələdiyyə sədri 30-a yaxın bələdiyyə qulluqçusu ilə bağlanmış müddətsiz əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş hallar olmadan işəgötürən tərəfindən ləğv etmişdir. Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov bu qanunasığmayan addımları davam etdirərək həmin əmrdə bələdiyyə qulluqçularını müsabiqə komissiyasından keçənədək müvəqqəti yeni ştat cədvəli üzrə müvafiq vəzifələrin icrası üçün bir ay müddətinə əmək müqaviləsinin bağlanması göstərilmişdir.  Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının hüquq müfəttişliyi də dəfələrlə bələdiyyəyə bildirib ki, Əmək Məcəlləsinin 65 maddəsinin tələblərinə əsasən “köhnə iscilərin” pesəkarliq səviyyəsini yoxlamaq üçün attestasiya komissiyası yaradılmalıdır.

Nəsimi bələdiyyəsinin rəhbərliyi qanunvericiliyinin bu tələblərini qəbul etməməsi təəssüf doğurur.

Haşiyə çıxaraq, Əmək Qanunvericiliyində müddətli və müddətsiz əmək müqavilələri haqqında izahat vermək istəyirik. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Əmək müqaviləsində onun hansı müddətə bağlandığı göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab olunur. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Qanunun izahından da göründüyü kimi illərlə daimi xarakterli əmək fuksiyasını yerinə yetirən bələdiyyə qulluqçularının müddətsiz əmək müqaviləsi onların razılığı olmadan, birtərəfli qaydada qanunsuz olaraq müddətli əmək müqaviləsinə dəyişdirilmişdir. Sonradan Nəsimi bələdiyyəsinin sədri məkrli məqsədini yerinə yetirməyə başlamış və bələdiyyə qulluqçularını bir-bir əmək müqaviləsinin müddəti bitdiyi bəhanəsi ilə işdən çıxarmışdır.

***

İşdən bu minvalla çıxarılanlardan biri də Nəsimi bələdiyyəsinin hüquq şöbəsinin müdiri Əli Mahmudov olmuşdur. Belə ki, Əli Mahmudov bələdiyyə sədrinə dəfələrlə 01.05.2020-ci il tarixli əmrinin qanunsuz olduğunu bildirmiş, həmin əmri ləğv etməyi tövsiyyə etmiş, sədr onunla razılaşmadıqda, bu barədə Bələdiyyələrlə İş Mərkəzinə, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə, 29.07.2020-ci il tarixdə isə bu barədə Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Bu səbəbdən də, bələdiyyə sədri tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən hüquqşünas Əli Mahmudov 01.09.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Nəsimi bələdiyyəsində əmək qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilərək, inzibati protokol tərtib olunmuşdur. Xidmətin 15.10.2020-ci il tarixli qərarı ilə Nəsimi bələdiyyəsinin sədri əmək qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada cəzalanaraq 1500 manat cərimə olunmuşdur.

Nəsimi bələdiyyəsinin hüquqşünası Əli Mahmudov bələdiyyə sədrinin qanunsuz 01.05.2020-ci il tarixli və 01.09.2020-ci il tarixli əmrlərinin ləğv olunması və işə bərpa olunması iddiası ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon məhkəməsi iddia ərizəsinə baxaraq 19.11.2020-ci il tarixdə Nəsimi bələdiyyəsi sədrinin 01.09.2020-ci il tarixli əmrinin ləğv edilərək Əli Mahmudovun əmək haqqı ödənilməklə işə bərpa olunması, 01.05.2020-ci il tarixli əmrinin isə ona aid olan hissəsinin ləğv edilməsi haqqında Qətnamə qəbul etmişdir. Nəsimi bələdiyyəsinin sədri özünün "prinsipiallığını" göstərərək Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi Qətnamədən apellyasiya şikayəti verməklə dövlətimizin məhkəmə sisteminin ədalətli olduğuna şübhə etdiyini nümayiş etdirmişdir. 26.02.2021-ci ildə keçirilmiş Apellyasiya məhkəməsi Nəsimi Rayon Məhkəməsinin Qətnaməsini dəyişdirmədən qüvvəsində saxlamışdır. Bələdiyyə sədri yenə də "prinsipiallığını" davam etdirərək bu dəfə dövlətin məhkəmə sisteminin ədalətli olduğuna inanmamış və kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 26.07.2021-ci il tarixli Qərarı ilə qətnamə qüvvəsində saxlanılmışdır.

***

Nəsimi bələdiyyəsinin sədrinin diqqətinə çatdırmaq istərdik ki, Ali Məhkəmənin Qərarı qətidir və ondan şikayət verilə bilməz, mütləq qaydada icra olunmalıdır. Belə olan halda, sədrin şəxsi ambisiyalarına görə bələdiyyənin hüquq şöbəsinin müdiri Əli Mahmudova işləmədiyi bir ilin əmək haqqı Nəsimi bələdiyyəsi tərəfindən ödənilməlidir. Bu da öz növbəsində böyük məbləğdə pul vəsaiti deməkdir.

Beləliklə, Əmək müfəttişliyinə ödənilən 1500 manatlıq cərimə, üstəlik müqavilə üzrə vəkilə ödənilən 1000 manat və ən əsası hüquqşünasa ödəniləcək məbləği də üst-üstə gəlsək kifayət qədər maliyyə vəsaiti edir. Hamıya bəllidir ki, bu pul vəsaiti rayonun sakinlərindən yığılan vergilər hesabına bələdiyyənin büdcəsindən ödənilib və ödəniləcək. Hər hansı Nəsimi rayonun vergi ödəyicisi məsələ qaldırsa ki, ödədiyim vergi hansı səbəbə cərimələrə ödənilir, onda sədrin cavabı nə olacaq? Maraqlı sualdır, deyilmi. Yəqin ki, çox kreativ bir cavab olacağını indidən ehtimal etmək olar. 20 aylıq fəaliyyətin nəticəsi əgər cərimə kəsilməsinə istiqmətlənirsə düşünmək olar ki, Nəsimi rayon seçiciləri seçimlərində çox yanılıblar.

Açıq etiraf edim ki, təxminən 15 min manat vəsaitlə rayon ərazisində ciddi layihəni icra etmək əvəzinə bələdiyyə tərəfindən cərimə ödənilməsi heç bir məntiqə sığmır.

Düşünmək olar ki, qaldırılan məsələlərə Nəsimi bələdiyyəsindən konkret cavab veriləcək.

P.S. Bələdiyyənin vergi xidmətində yaranmış “qabaqcıl” təcrübə barəsində isə növbəti yazı da oxucularımızı tanış edəcəyik.

P.S.S. Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

V. Məmmədov

Belediyye.info 

ŞƏRHLƏR