"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsində davam edən proseslərə SÖZARDI

--2020-09-16 / 09:57

İki gün əvvəl Nəsimi bələdiyyəsinə həsr etdiyim yazıya ciddi reaksiyaların olması hər halda saytın oxunmasından xəbər verir. Bizim bu yazını verməkdə məqsədimiz tərəflərə yol verdiyi nöqsanları, səhvləri qanunlara istinad etməklə izah etmək və məsələnin böyüməsinin qarşısını almaq olmuşdur.

Reaksiyaları oxuyuram. Zəngləri də təhlil etdim. Başa düşüləndir. Heç kəs öz ayranına türş demir. Ancaq dostlar, gəlin səhvimizi etiraf etməyi öyrənək, özü də səmimi şəkildə. Əgər etiraf etmiriksə demək problem qarşı tərəfdə yox, elə özümüzdədir.

Məqalə ilə bağlı bir münasibət diqqətimi çəkdi. Çox savadlı, lakonik fikirlərlə zəngin, hər hansı orfoqrafik səhvin belə buraxılmadağı mətni mənə göndərəndə deyəsən elə bu kollektivin üzvlərindəndir. Deyə bilmərəm ki, onun bu reaksiyasından sədrinin xəbəri var ya yox. Ancaq adını çəkməmək qərarına gəlsəmdə, o münasibəti tam şəkildə verib və qısa təhlil edəcəyəm ki, oxucularımızın hər iki tərəfin fikrini bir daha müzakirə etmək şansı olsun.

Beləliklə, münasibəti olduğu kimi təqdim edirəm.

***

“Məqalənizi oxudum.

"Qalmaqal", "qarşıdurma" sözlərinin yeri yox idi...

Bir tərəfli müdafiə xətti çox qabarıq formada verilib. (sanki hüquqşünas özü diqtə edibmiş).

Sənədlərin müəllifdə olduğu halda, əmrin preambulasının yazıda verilməməsi oxucuda həqiqətin bilərəkdən gizlədilməsi təsəvvürü yaradır..

Yol verdiyi ciddi və kobud pozuntulara görə hüquqşünasın daha ağır maddə üzrə (70/"ç") işdən çıxarılması mümkün idi, lakin sədr humanistlik göstərib müqavilə müddətinin bitməsini əsas götürdü.

Düşünürəm ki, vaxt baxımdan tələsik yazılmış məqalədir.

Suallar isə rəsmi qaydada göndərilib, cavabları da eyni qaydada alına bilərdi.

İndiki yazıda müəllifin müdafiə mövqeyini aydın sərgiləməsindən sonra isə hər hansı cavabın göndərilməsinin müəllif üçün nə qədər əhəmiyyət kəsb edəcəyini müəyyən etmək çətin deyil.

İşçi-rəhbər mövzusunda araşdırma aparmadan mövqe sərgiləmək məncə ədalətsiz görünür.

Təcrübəmə görə deyərəm ki, 1 işçinin 10 dəqiqə işə gecikməsinə görə struktur rəhbəri işçinin tutduğu vəzifədən azad olunması təqdimatını yazmışdır və yuxarı orqan dərhal əmr imzalamışdı. Çünki hər kəs bilirdi ki, həmin gecikmə işçinin hərəkətsizliyinin pik həddi olub. Əgər hər kəs qərar verən rəhbərin yerində olmağı təsəvvür etməyi bacarsa, onun qərarlarını da başa düşə bilər..

İşdən çıxan hüquqşünas kimi şəxsləri isə heç bir kollektivə arzu etməzdim.

Nə isə.. Yanılmışam..

Uğurlar!

***

  • Sədr bir tərəfdən, hüquqşünas isə digər tərəfdən inadkarlıq edib bir-birlərini qəbul etmirlərsə bu elə əsil qarşıdurmadır. Bunun, əziz insan, başqa adı yoxdur. Konkret.
  • Bu yazı bir tərəfli o zaman olardı ki, Nəsimi bələdiyyəsinin hər hansı rəsmisi ilə danışlımasın. İki nəfərlə danışılıb. Hətta onlara bu məsələnin sədrə deyilməsi də bildirilmişdir. Onların fikirlərinin qanuna söykənmədiyi və iki qurumun yəni, həm həmkarların, həm də əmək müfəttişliyinin bu məsələdə bələdiyyənin qanuna zidd hərəkəti haqqında fikirləri rəsmilərə çatdırılmışdır. Qaldı ki, hüquqşünasın tərəfinin saxlanılması məsələsinə, deməliyəm ki, bu barədə də yanılırsınız. Biz Qanunun tərəfindəyik. Nə hüquqşünas, nə də ki, bələdiyyənin hər hansı rəsmi bizim “əmioğlumuz deyıl ”. Bizim dost - doğma “əmioğlumuz” fəaliyyəti qanuna söykənən bələdiyyədir. Tövsiyə edərdim ki, yazı diqqətlə oxunsun.
  • Qaldı ki, “70- c” məsələsinə, deməliyəm ki, o ancaq həmkarlar təşkilatının razılğı ilə həyata keçirilə bilər. Həmkarlar təşkilatı isə bununla bağlı fikirlərini artıq Nəsimi bələdiyyəsinə göndərib.
  • Yazı tələsik deyil, əslində hələ gecikmiş yazıdır. Çünki Nəsmi bələdiyyəsində bu proses artıq iki aydir ki davam edir. Sadəcə biz qeyd etdiyimiz kimi gözləmə mövqeyində dayanmışdıq və inanırdıq ki proses sülhlə öz həllini tapacaqdır. Təəssüf...
  • Bu yazı əsil araşdırma yazısıdır.

Qalan məqamlara münasibətim qalsın üçüncü - Nəsimi bələdiyyəsinin səkkiz aylıq fəaliyyətinin geniş təhlilinə həsr edəcəyim üçüncü yazıya...

Vüqar Tofiqli

 

ŞƏRHLƏR