"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsində “aylıq müqavilə”nin yaratdığı suallar

--2021-10-24 / 13:11

Bu günlərdə fəaliyyətinə dəyər verdiyim insanlardan olan, Milli Məclisin deputatı Fazil Mustafa parlamentin plenar iclasında diqqətimi çəkən bir məsələyə toxunub. Deputat  çıxışı zamanı bunları söyləyib: “Son vaxtlar yeni təyin olunan məmurlardan çoxsaylı şikayət alırıq. Yeniləri gələn kimi ərizələr yığmağa başlayır. Məmuru qorumağın mexanizmi tapılmalıdır. Təbii ki, kimsə qaranlıq yollarla işə düzəlibsə, onu aşkara çıxarmaq olar. Ancaq digər məmurlara qarşı bunu etmək olmaz. Bu proses yalnız Azərbaycandadır ki, yeni gələn nazirlər köhnə kadrları işdən çıxarır, əvəzində isə öz adamlarını işə götürür”.

Bu danılmaz faktı dilə gətirib ictimailəşdirdiyi üçün, habelə MM Regional məsələlər Daimi Komitəsinin üzvlərindən daha çox bələdiyyələrin də problemlərini ictimailəşdirən Fazil Mustafaya gec də olsa təşəkkür edirəm. Çünki bu problem tək yeni təyinat alan nazirlərdə deyil, həm də mənim uzun illərdir hüquqlarını müdafiə etdiyim bələdiyyələr arasında da rast gəlinir. Maraqlı məqam ondadır ki, mərkəzi icra orqanlarından olan Ekologiya və Təbii sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yazılan hər bir cümləyə belə dərhal reaksiya verdikləri halda, haqqında danışacağım bələdiyyə bu qədər barələrində qələmə alınan yazıları qulaq ardına vurur. Bildiyim qədər, əksinə yazılanları oxyur, təhlil edir, məsləhətləşir, amma nəticə çıxarmır. Maraqlıdır, nəticə çıxarmırsa, onda nədən oxuyub “qızıl kimi dəyərli vaxtını” hədər yerə itirir. Nə isə…

Bu yazıda ötəri də olsa bir daha Nəsimi bələdiyyəsində cərəyan edən bəzi proseslərə toxunacağam. 2019-cu il bələdiyyə seçkilərində sonra Nəsimi bələdiyyəsinin ilk iclasında bələdiyyə sədri seçilən hörmətli Əziz Zeynalov elə ilk iş gününün səhəri bütün işçilərdən məcburi qaydada işdən azad olunmaları barədə ərizə almaqla, təxminən Fazil Mustafanın dediyi ssenariyə uyğun öz adamlarını “bələdiyyənin inkişafı” üçün cəlb etməyə başladı. Proses təəssüf ki, hələ də davam etməkdədir. Son iki ildə bələdiyyəyə işə qəbul olan və işdən azad edilənlərin siyahısına baxılsa deyilənlərin nə qədər doğru olması açıq-aydın görünər.

Bununla yanaşı bələdiyyənin hüquqşünasla bağlı məhkəmə çəkişməsiylə bağlı əvvəlki aylarda qeyd etdiyimiz yazılarda göstərilən məqamlardan biri də işçilərin aylıq müqavilə üzrə işlədilməsi idi. Təəssüf ki, bu gün də “aylıq müqavilə” prinsipi davam etməkdədir. Gəlin etiraf edək ki, beş ildən artıq iş staji olanların da “biraylıq müqavilə”yə keçirilməsində əsas məqsəd yanlız şəxsi maraqlardan qaynaqlanır. Yoldaşlar onu da nəzərə almalıdırlar ki, “biraylıq müqavilələr” bələdiyyə qulluqçularının iş prinsipinə və rejiminə ciddi ziyan vuran amıldır. Məhz elə bu səbəbdən də bələdiyyə büdcə gəlirlərini artıra bilmir.

Üstəlik, ötən dövrdə bələdiyyənin vergi yığımını hansısa MMC-yə tapşırılması, sözün həqiqi mənasında özbaşınalıq kimi qiymətləndirilməlidir. Bələdiyyə qulluqçuları hesab edilən vergi müfəttişləri əvvəlcə Sumqayıt şəhərində qeydiyyata alınan "Labour and goods service" MMC-yə işçi kimi işə qəbul edilir, ancaq bu barədə müvafiq orqanlar xəbər tutan kimi “əlimyandıyla” vergi müfəttişləri yenidən bələdiyyəyə işə qəbul edilir, maraqlıdır deyilmi. Və aylıq müqavilə üzrə. Qeyd edim ki, bu barədə məlumatları dəqiqləşdirmək elə də çətin məsələ deyil. Qanunda aylıq müqavilə üzrə hər hansı tələb olmasa da, bütün hallarda proseslərin, yəni əmək müqaviləsinin imzalanması və ya müqavilədə hər hansı dəyişikliyin aparılması hər iki tərəfin razılığı ilə həyata keçirilıməsi konkert yazılıb. Bir daha qanunun bu maddəsini xatırladırıq.

Əmək Məcəlləsinin 45 maddəsi “Əmək müqaviləsinin müddəti” də qeyd edilir:

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

Göründüyü kimi, qanunlar istənilən halda həm vətəndaşın, həmdə işəgötürənin hüquqlarnı qoruyur. Qalır qanunlara hörmətlə yanaşmaq.

Yekun olaraq bir məqamı da qeyd etmək istərdim. Nəsimi bələdiyyəsinin fəaliyyəti haqqında artıq iki ilə yaxın müddət ərzində məlumatı olan varmı? İki il ərzində inzibati binasında təmiri belə başa çatdırmayan Nəsimi bələdiyyəsi doqquz ay ərzində əldə etdiyi 500 min manata yaxın vəsaiti hara xərcləyib? Ötən 22 ay ərzində bələdiyyənin vergi xidməti orqanının rəhbəri olmuş üç nəfər hansı səbəbdən vəzifəsindən azad edilib? Suallarımızı davam etmək istəsəm də yarıda saxlayıram. Çünki Nəsimi bələdiyyəsinin iki ilə yaxın fəaliyyətinin yaratdığı suallar bir yazıya sığası deyil. Yəqin ki, bu dəfə qeydimi oxuyub, təhlil edib, müzakirə edib və nəticə çıxararlar.

Nəsimi bələdiyyəsinin sədri, hörmətli Əziz Zeynalov bu qeyddə qaldırılan suallara aydınlıq gətirərsə, əvvəlcədən təşəkükürümü bildirirəm. Əlavə olaraq bildirirəm ki, bizim əsas məqsədimiz bələdiyyələrdə vətəndaş məmnunluğunun və şəffaflığın təmin edilməsinə çalışmaqdır. Bir çox hallarda müəyyən mövzuları ictimailəşdirməklə buna nail oluruq.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

ŞƏRHLƏR