"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi: hüquqşünas-sədr qarşıdurması

--2020-09-13 / 19:40

Bu gün bizim fəaliyyətimizin əsas qayəsi bələdiyyələrin fəaliyyətini təbliğ etmək, onların qarşılaşdığı çətinlik və problemlərin həlli istiqamətində addımlar atmaq, ən əsası problem və çətinlikləri ictimailəşdirmək, xüsusəndə bələdiyyə üzvlərinə, qulluqçularına hüquqi və metodoloji yardım göstərməklə müəyyən təcrübə qazanılmasında kömək göstərməkdən ibarətdir.

Son aylarda bir çox bələdiyyələrdə baş vermiş neqativ hadisələri təhlil edəndə onun əksər hallarda təcrübəsizlikdən baş verməsi başa düşülən olsa da, bəzi hallarda bu hadisələrin məsuliyyətsizlikdən, təkəbbürlükdən olması indiki pandomiya dövründə başa düşülən deyil. Deməliyəm ki, atılan hər bir addım birmənalı olaraq qanunlara söykənməli, öz əksini normativ-hüquqi sənədlərdə tapmalıdır.

Üzümü hörmətli sədrlərə tutub bir daha təkrar edirəm:

“Sosial mediada aktiv olun, öz hüquqlarınızı qorumağı bacarın, ətalətdən uzaq olun, bələdiyyə sisteminin inkişafına daim öz töhvənizi verin və bələdiyyələrdəki fəaliyyətinizi şəxsi maraqlara, şəxsi prinsipə qurban verməyin!!!”

***

İndisə mətləbə keçim.

Nəsimi bələdiyyəsində son aylarda baş verən hadisələri yaxından izlədiyimdən və müsbətə doğru addımların atılmasını hiss etmədiyimdən baş verənlərə öz mövqeyimi gec də olsa bildirmək və yeni seçilmiş sədrə hörmətli Əziz Zeynalova bir sira suallar ünvanlamaq istərdim.

Nəsimi bələdiyyəsi əvvəlki sədrlərin - məşhur “91”-lərdən olan Əziz Axundovun, habelə Asif Qurbanov və Nazim Qaraxanovun dövründə təcrübəsi yayıla biləcək səviyyəyə çatması danılmaz bir faktdır. Sözsüz ki, hər üç sədrin fəaliyyəti ideal səviyyədə olmasa da, kreativ ideyaların gerçəkləşdirilməsi baxımından həmişə öndə olub. Baxmayaraq ki, rəhbərlik edənlərin özlərinin də müəyyən mənada yalnış qərarları, hərəkətləri və hətta sözlə ifadə olunmayacaq qədər səhvləri olub. Bu gün isə bələdiyyədə yaranmış vəziyyətin ürəkaçan səviyyədə olmaması heç bir halda yaxşı hal sayıla bilməz.

***

Bu gün beş ilə yaxın bir müddətdə bələdiyyənin hüquqlarını qoruyan hüquqşünas, özü də Qarabağ müharibəsinin veteranı olan şəxsin öz hüquqlarını qoruması üçün müəyyən instansiyalara müraciət etməsi nə Nəsimi bələdiyyəsinin sədrinə, nə sədr müavininə, nə də bələdiyyədə yeni təyinat alanlara şərəf gətirmir. Bizim hazırda qaldırdığımız məsələ ilə şəxsən sədr müavini Rahib Hacıyevlə və yeni vəzifəyə təyin edilən Şahin Məmmədovla söhbətlərim olub. Şəxsən mənim qaldırdığım məsələlərin birbaşa sədrə çatdırmaqları onlara deyilsə də, üstündən xeyli müddət keçməsinə baxmayaraq, əksinə, sanki “acıq verirmiş” kimi bələdiyyə bir növ “tarana” gedərək bəzi işçilərini birtərəfli qaydada işdən azad etmək qərarını verməsi şəxsən məndə təəssüf hissi doğurdu.

***

Biz konkert olaraq bələdiyyənin hüquqşünası Əli Mahmudovla bağlı məqama toxunmaq istəyirik. Onun Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilova 07 sentyabr 2020-ci il tarixdə ünvanladığı ikinci məktubunda deyilir:

“29.07.2020-ci il tarixdə sizə müraciət edərək pandemiya dövründə Nəsimi Bələdiyyəsi sədrinin 01.05.2020-ci il tarixli 35 nömrəli əmri ilə aramızda bağlanmış müddətsiz əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməşi, bir aylıq müddətli mü    qavilə ilə bələdiyyənin hüquq şöbəsinin müdiri vəzifəsindən aşagı hüquqşünas vəzifəsinə keçirilməyim və həmin vaxtdan mənim maaşımın tam həcmdə verilmədiyini bildirmişdim.

Nəzərinizə çatdırıram ki, məlum pandemiya dövründə Nəsimi bələdiyyəsinin sədri tərəfindən mənə qarşı edilən qərəzli hərəkətlərə son qoyulmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozmaqda davam etdirilmişdir.

Belə ki, Nəsimi bələdiyyəsi sədrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin heç bir maddəsinə əsaslanmayan, əmək müqaviləsinə xitam verilməklə tutduğum vəzifədən azad edilməyim barədə 14.08.2020-ci il tarixli 76 nömrəli əmri ilə xəbərdar olunmuşam. Nəsimi bələdiyyəsinin sədri tərəfindən mənə qarşı olan qərəzli hərəkətlər davam etdirilərək 01.09.2020-ci il tarixli 86 nömrəli əmrlə mənimlə imzalanmamış bir aylıq əmək müqaviləsinin müddətinin bitdiyi əsas göstərərək əmək müqaviləsinə xitam verilmişdir. Əmrin qərəzli olduğu onun təsviri hissəsində həqiqətə uyğun olmayan və əmrin nəticə hissəsində göstərilməyən xüsusatların qeyd edilməsi ilə də təsdiq olunur. Hər iki əmr Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə zidd olduğu üçün əsassız və qanunsuzdur.

Nəsimi bələdiyyəsi tərəfindən yuxarıda göstərilən kobud qanun pozuntularını aradan qaldırılması üçün ictimai nəzarəti həyata keçirən orqan kimi qanuna müvafiq qaydada tədbir görməyinizi xahiş edirəm.”

Əli Mahmudovun birinci məktubuna isə həmkarlar təşkilatının cavabı ləngiməyib. Bir neçə dəfə təşkilatın hüquqşünası Məhəmməd Kərimov Nəsimi bələdiyyəsinin inzibati binasında rəsmilərlə görüşüb, vəziyyətə aydınlıq gətirməyə çalışıb. Sonda həmkarlar təşkilatının bələdiyyəyə ünvanladığı cavab məktubunda bələdiyyənin hərəkətlərinin qanunauyğun olmadığı bildirilib, müddətsiz müqavilə ilə çalışan işçilərin müddətli müqaviləyə, özüdə aylıq müqavilə imzalamaq şərtiylə keçirilməsi, pandomiya dövründə işçinin işdən azad edilməsinin yolverilməz olması bildirilmişdir.

Etiraf etməliyik ki, hüquqşünas Əli Mahmudovun fəaliyyətində yəqin ki, qüsurlarda olub, yalnışlıqlarda. Ancaq bu yanlışlıqlar təkrarlanıbsa demək sədr və bələdiyyənin digər rəsmiləri yerində olmayıb. Konkret. Olsaydılar nöqsanlar, əgər ümumiyyətlə olubsa, təkrarlanmazdı. İstənilən halda sədr işçini işdən azad etmək istəyirsə onun atdığı addım yuxarıda dediyim kimi qanuna söykənməlidir, şəxsi prinsipə yox.

Hörmətli Prezident çıxışlarında hər bir məmurun xalqın xidmətçisi olduğunu dilə gətirib dəfələrlə bunu deyirsə, üstəlik müvafiq qurumların bu məsələ ilə bağlı  bələdiyyəyə ünvanlanan cavablarında atılan addımların qanunauyğun olmadığı deyilirsə nə sədrin, nə müavinin, nə də yeni təyin edilən şöbə müdirinin bu addımına hansı ad vermək olar. Çox maraqlıdır...

***

İndisə Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalova ünvanlanan sualları təqdim edirəm.

  1. Nəsimi bələdiyyəsi fevral ayından başlayaraq hansı kreativ ideyaları gerçəkləşdirib və ya bu niyyətdə olub? Əlavə edək ki, son beş il ərzində Nəsimi bəldiyyəsinin fəaliyyətilə bağlı Belediyye.info saytında 183 məlumat, açıqlama, müsahibə və araşdırma yazıları verilib.  
  2. Bələdiyyənin ştat cədvəlinin genişləndirilməsi və əmək haqqı fondunun 18 970 manatdan 32 650 manata yüksəldilməsi nə ilə bağlı olub? Yeni 3 idarənin və 8 şöbənin yaradılması, işçilərin sayının 39-dan 51-ə çatdırılması, 32 sıravi işçiyə 19 rəhbər ştatının olması, eyni zamanda işçilərin əməkhaqqının artırılıb və azaldılmasında hansı meyarlara və ya normativ hüquqi sənədlərə istinad edilib?
  3. Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının videoformatda təşkil edilən bütün görüşlərində daim Nəsimi bələdiyyəsinin sədri olaraq iştirakınız maraqlıdır. Fikrinizcə, bu iştirak hansı səbəbdən baş tutub? Bələdiyyənin nümunəvi, aktiv bələdiyyə olmasından ya başqa səbəbdən irəli gəlir?
  4. İlk bələdiyyə iclasından dərhal sonra kollektivin bütün üzvlərinin işdən azad edilmələri barədə “könüllü” olaraq ərizələrin alınması nə ilə bağlı idi?
  5. Kollektivin bütün üzvlərinin may ayından etibarən müddətsiz müqavilədən müddətli, özüdə aylıq müqaviləyə keçirilməsi hansı qanuna və ya qərara söykənir?

Yəqin ki, bu yazını adıçəkilən bələdiyyənin rəsmiləri və hörmətli sədr oxuyacaq. Wotsap vasitəsiylə birbaşa özlərinə gördərdiyimdən oxunmaması da mümkün deyil....

Hər halda bugünkü həssas və gərgin bir vaxtda, xüsusəndə koronavirus pandomiyası ilə mübarizə aparıdlığı bir vaxtda Nəsimi bələdiyyəsində, özü də nümunəvi hesab edilən bir bələdiyyədə belə bir qarşıdurmanın baş verməsi yolverilməzdir. Vəssalam...

P.S. Nəsimi bələdiyyəsindən yazıda qaldırılan məsələlərə cavab gözləyir və saytda yerləşdirməyə və sosial mediada ictmailəşdirməyə hazır olduğumuzu bildiririk.

P.S.S. Mövzunu diqqətdə saxlayacağıq.

Vüqar Tofiqli

ŞƏRHLƏR