"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsində “Anım günü” qeyd edilib

--2022-09-27 / 18:53

Bu gün Nərimanov bələdiyyəsində “Anım günü” qeyd edilib. Bu münasibətlə bələdiyyənin inzibati binasında şəhidlərə aid güşənin açılışı keçirilib. Bələdiyyə iclasının qərarıyla hazırlanan guşədə Nərimanov rayon ərazisində şəhid olan qəhrəman əsgər və zabitlərimiz haqqında geniş məlumat yerləşdirilib.

Şəhid və qazi ailələrinin iştirakıyla keçirilən açılış mərasimində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, “bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.”

Daha sonra bələdiyyə sədri bildirib ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Beləliklə, uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olunub. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Tədbir bələdiyyənin iclas zalında ehsan süfrəsi arxasında davam etdirilib.

Tədbirdə iştirak edən şəhid və qazi ailələri onlara göstərilən dəstək və diqqət üçün Müzəffər Ali Baş. Komandan, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmişlər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Belediyye.info


ŞƏRHLƏR