"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazirlər Kabinetinə: dəstək proqramında bələdiyyələr və pensiyaçılar unudulmasın

--2020-03-24 / 07:36

Koronovirus pandemiyası bütün sahələrə öz mənfi təsirini göstərməkdədir. Xəbər verildiyi kimi, Nazirlər Kabineti tərəfindən pandemiyanın vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə vurduğu ziyanı minimallaşdırmaq üçün ciddi təkliflər üzərində iş aparılmaqdadır. Hər halda belə bəyan edilib. Düşünürəm ki, nəzərdə tutulan bütün məsələlər daha tez öz həllini tapacaqdır.

Bu ciddi və qlobal əhəmiyyətli məsələlərdə dövlətin atdığı bütün addımları müsbət dəyərləndirirəm. Lakin nəzərdə tutulan addımlar sırasına bir vətəndaş cəmiyyətinin təmsilçisi olaraq iki təkliflə çıxış etmək istərdim.

-Pandemiya ölkəmizdə formalaşdırılan bələdiyyələrin daim ünsiyyətdə olduqları vətəndaşların, o cümlədən fiziki şəxslərin büdcə gəlirlərinə, habelə turizm xidməti göstərən mehmanxanaların fəaliyyətinə mənfi mənada ciddi təsir etməkdədir. Və etiraf etməliyik ki, artıq bu hiss edilir. Belə olan halda bələdiyyələrin maliyyə durumunun ciddi problemlərlə üzləşəcəyini istisna etmək olmaz.

Əlaqə saxladığımız onlarca bələdiyyə sədri məhz bu faktı təsdiq etməkdədir. Odur ki, bələdiyyələrin ciddi problemlərlə üzləşəcəyini, nəticədə vətəndaşın hansısa sosial probleminin həllində çətinliyin yaranacağını indidən gözləmək olar. Odur ki, bütün sahələrə öz dəstəyini verən dövlətimiz inanmaq istərdim ki, bələdiyyələrə də öz dəstəyini verməyı unutmayacaq. Odur ki, ərazilərində sosial layhələrin icrası üçün bələdiyyələrə ayrılan dotasıyaların verilməsinin sürətləndirilməsi məsələsini və əlavə olaraq Prezidentin Ehtiyat fondundan bu sahənin inkişafı üçün əlavə maliyyə vəsaitinin (dotasiya şəklində) ayrılmasını, bələdiyyələrə faizsiz uzunmüddətli kreditlərin verilməsini, bələdiyyələrin DSMF-yə olan 6 milyon manata yaxın borcun silinməsini dəstək proqramı çərçivəsində təkliflər paketinə salmaq olar. Deyərdim ki, indiki məqamda bu çox ciddi məsələdir, düşünürəm ki, bu addımın atılması ümumilikdə bələdiyyələrin inkişafına təkan vermiş olacaqdır. Bu təkliflər məhz koronavirusla mübarizədə dövlətin atacağı təkliflər sırasına aid etmək üçün qeyd edilir.

-İkinici təklif isə pensiyaçılarla, xususilə birinci və ikinci qrup əlillərlə bağldır. Belə ki, müvafiq nazirliyin yaydığı məlumatda yaşlı insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı göstərişin verildiyi və bunun üçün qaynar xəttə zəng edilərək qeydiyyata düşməsi göstərilir. Lakin milli mentalitetimizi nəzərə alaraq məhz bu qrupa aid insanların böyük əksəiyyəti zəng etməyəcək. Bir tərəfdən özünə sığışdırmayacaq, digər tərəfdən isə bacarmayacaq və ya məlumatsız olacaq.

Lakin təklif edərdim yaşı 70-dən yuxarı olan təqaüdçülərə, o cümlədən birinci və ikinci qrup əlillərə bir aylıq əlavə müavinət verilsin. Və bu da birbaşa həmin şəxsin pensiya kartına köçürülsün. Müavinətin məbləgini isə işçi qrup özü müəyyən edə bilər. Düşünürəm ki, belə bir addımın atılması həmdə belə həssas qrupa aid insanların ürəyincə olacaqdır. Hər halda bu barədə düşünməyə dəyər.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

ŞƏRHLƏR