"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nar festivalı-GÖYÇAY GÜNDƏLİYİ

--2019-11-11 / 13:24

Vüqar Tofiqli

Göyçay şəhərində keçiriləcək Nar festivalına dəvət alanda “bir gün əvvəl saat onda gəlməyin məsləhətdir” deyilməsi, məndə bir qədər təəccüb yaratmışdı. Odur ki, noyabrın səkkizində səhər saat altıda Göyçaya yola düşdüm. Saat doqquzda isə artıq şəhərdə idim. Bir saatlıq boş vaxtdan istifadə edib şəhərlə daha yaxından tanış olmaq üçün payi-piyada küçələri gəzməyə başladım. İlk növbədə şəhərin təmizliyi diqqətimdən yayınmadı. Belə məqamlarda açıq etiraf edək ki, bəzən mərkəzdən bir qədər kənar küçələr diqqətdən kənarda qalsa da, Göyçayda belə deyildi. Qədim Xan çinarlarının əzəməti isə şəhərə ayrı bir yaraşıq verirdi. Havanın təmizliyi, insanların maddi imkanlarının artması göyçaylıların da əhval-ruhiyyəsinə müsbət mənada təsir etməsini görməmək mümkün deyildi.

Onu da əlavə edim ki, son illərdə şəhərdə abadlıq-quruculuq işləri daha instensiv şəkildə davam etmiş, bir sıra sosial obyektlərin açılışı keçirilmişdir. Onlardan ən əsası isə şəhərdə “Təzə bazar”ın istifadəyə verilməsini hesab etmək olar. Köçürülmənin ilk günlərində çətinlik olsa da, bu gün bazarda, xüsusən də səhərlər satıcı və alıcı əlindən tərpənmək olmur. Artıq hər kəs sivil şəkildə alver etməyə üstünlük verməyə başlayıb. Deyim ki, bu mənzərənin özümdə şahidi olmuşam.

Yeni avtovağzalın inşası, Göyçay stadionunun, Əli Kərim adına Göyçay şəhər parkının əsaslı təmiri, “Əbədiyaşar ədiblər” kompleksinin yaradılması, Şəhidlər xiyabanında əsaslı təmir-tikinti işlərinin aparılması və ərazidə “Söyqırım abidəsi”nin ucaldılmasını misal çəkmək olar. Sözsüz ki, bu mənim gördüklərim layihələr idi.

Son üç il ərzində rayonda əldə edilən əsaslı uğurlardan biri kimi şəhərdə fəaliyyət göstərən dini icmaların birgə əməkdaşlıq yolu ilə fəaliyyət göstərməsi hesab edilə bilər. Bu gün artıq bu əməkdaşlıq tolerantlıq nümunəsi kimi göstərilir. Bu tolerantlıq nümunəsinin göstərilməsində rayonun siyasi rəhbərinin iradəsinin də mühüm rolu olması xüsusi qeyd edilməlidir.

Beləliklə, bu gördüklərim işlər idi, görmədiklərim isə daha çoxdur.    

***

Goyçay rayonu respublikamızın   sayılan-seçilən rayonlarından olmaqla yanaşı, həm də mədəniyyətimizə və ədəbiyyatımıza samballı insanlar bəxş etməklə fərqlənir. Hətta dünya miqyaslı milyarderlər siyahısında göyçaylıların da adının olması bu torpağın nə qədər “münbit” olmasından xəbər verir.

Və belə bir məqamda bu rayona hörmətim isə mənim doğma kəndimin bir hissəsinin məhz bu rayondan gəlməsiylə bağlıdır desəm, yəqin ki yanılmaram. Yəni böyüyüb boya başa çatdığım Quzanlının bəlli olan 350 illik tarixində Qaraməryəm kəndindən gələnlərin də xüsusi yeri var. Ancaq iyirmi ildən artıq tanıdığım bir şəxsin, səmimiyyəti, idarəçiliyi və işgüzarlığı ilə seçilən Mehdi Səlimzadənin bu rayona təyinat alması Göyçaya münasibətimi daha da artırmış oldu.

***

İndi isə niyə bir gün əvvəl dəvət edilməyimin səbəbi mənə aydın oldu. Həmin gün rayonda üç möhtəşəm layihəyə yekun vurulmalıydı.

Səkkiz noyabr tarixi Qarabaqqal və Müskürlü kəndinin sakinlərinin yaddaşında ədəbi qalacığına inanıram. Həmin gün Qarabaqqal kəndində Uşaq bağçası, Müsgürlü kəndində isə sosial, inzibati bina kompleksinin açılışı keçirildi.

Qeyd edim ki, hər iki layihə Heydər Əliyev Fondu tərəfindən dəstəklənmiş və inşa edilmişdir. Hər iki açılışda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatları Sabir Hacıyev, Elman Nəsirli, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini  Səyyad Salahlı, xalq  şairi Fikrət Qoca və digər rəsmi şəxslər iştirak etmişlər.

Deməliyəm ki, Qarabaqqal kənd uşaq bağçası 1 mərtəbəli olmaqla 16 otaqdan ibarətdir. Bağçada 1 işçilər üçün otaq, 2 oyun, 2 yataq, 2 geyim, 1 tibb,  1 mətbəx və  yardımçı otaqlar mövcuddur. Bina müasir avadanlıqlarla və istilik sistemiylə təchiz olunmuşdur.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək bildirdi ki, Göyçayda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı və həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə rayonda fəaliyyət göstərən 57 orta və ümumi   məktəbdən 30-a yaxını tikilb və ya əsaslı təmir olunub, 4 ibtidai  məktəb  modul tipli layihə ilə inşa edilmişdir.

Tədbirdə çıxış edən yerli ağbircək xanım sakininin səmimi sözlərindən sonra tədbirin protokol hissəsi başa çatmış oldu. Bağça uşaqlarının rəqsindən sonra bağçanın rəsmi qırmızı lenti kəsildi.

Mənim diqqətimi isə azyaşlıların rəqsi və gözlərindəki sevinc hissləri idi. Bu gün onların yaddaşına ömürlük yazılmış oldu.

***

Həmin gün Heydər Əliyev Fondunun dəstəyi ilə Müskürlü  kəndində sosial-inzibati bina kompleksinin (40 yerlik uşaq bağşası, tibb məntəqəsi, kitabxana, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsi üçün iş otaqları) açılışı keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəlyev çıxış edərək bildirdi ki, Müskürlü kəndi Göyçay şəhər mərkəzindən uzaq məsafədə olan kəndlərdən olmasına baxmayaraq bir çox layihələr icra edilmişdir. Müasir  standartlara cavab verən  Müskürlü  kənd  orta məktəbi, uzun  müddətli fasilədən sonra  kəndə  təbii qazın verilişi  bərpa edilmiş, kəndin  ərazisində  yeni içməli su xətti və 11 ədəd  bulaq  tikilib quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Heydər Əliyev Fondu  gözəl bir təşəbbüs irəli sürərək inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, kənd bələdiyyəsini, tibb məntəqəsi, kitabxana və uşaq bağçasını  kompleks şəkildə tikilməsi təklifini etdi və qısa bir müddətdə müasir avadanlıqlarla təchiz edərək kənd əhalisinin istifadəsinə verdi.

Əlavə edim ki, respublikamızda ilk olaraq Göyçay rayonunda belə bir sosial-inzibati kompleks istifadəyə verilib. Mehdi Səlimzadənin sözləriylə desək “Heydər Əliyev Fondunun bu layihəsi sanki bir “mini ASAN xidməti” xatırladır”. Bu təcrübənin ölkə miqyasında paylaşılması sözsüz ki gözəl bir təşəbbüs olardı.

***

Noyabr ayının 8-də üçüncü açılış isə Göyçay şəhər parkındakı “Əbədiyaşar Ədiblər” Kompleksində böyük yazıçı dramaturq və publisist Cəlil Məmmədquluzadənin və Azərbaycan  musiqisini  dünyada tanıdan dahi Üzeyir Hacıbəyovun da büstlərinin açılış mərasimi oldu.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin  başçısı Mehdi Səlimzadə bildirdi ki, ölkə prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, yazıçı, dramaturq  və ictimai xadimlərinə böyük diqqətlə yanaşır və onları yubileylərinin  qeyd olunması ilə bağlı  Sərəncamlar imzalayır. Bu baxımdan 2019-cu il daha əlamətdar oldu. Belə ki, bu il klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ana dilli poeziyamızda fəlsəfi şeirin əsasını qoyan dahi şair Seyid İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd edilir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan etmişdi.

Bu il böyük yazıçı dramaturq və publisist Cəlil Məmmədquluzadənin  150 illik  yubileyi  qeyd olunur. Eyni zamanda  Azərbaycan  musiqisini  dünyada tanıdan dahi Üzeyir Hacıbəyovun da büstü  burada yer almış və düşünürük ki, Azərbaycan dramaturgiyasının Mirzə Cəlili və Azərbaycanın musiqi incisi Üzeyir Hacıbəyovun  xalqı maarifləndirmək, oyatmaq üçün satira janrına üz tutmaları bu günki günümüzdə də aktual olduğunu vurğulayıb.

Bu tədbirdə iki məqam diqqətimi çəkdi.

Bildiyim qədər Mehdi Səlimzadənin əsas ixtisası həkimlikdir. Belə ki, ilk bitirdiyi təhsil ocağı o illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutudur. Sonradan artıq hüquq və idarəçilik ixtisasına yiyələnib. Lakin onun bu tədbirdə bədahətən istər Cəlil Məmmədquluzadənin, istər də Üzeyir Hacıbəyovun yaradıclığını ustalıqla təhlil edərək, bu günkü günümüzlə uzlaşan məqamları, xüsusəndə gənclərin qaragüruhdan uzaq durmaları üçün daim mütaliə etmələrini və oxumalarını, gəncləri təhsil almağa səsləməsini elə ustalıqla  iştirakçılara çatdırması onun həmdə ədəbiyyatımızı da gözəl bilməsindən xəbər verirdi.

İkinci məqam çıxışlarda bir səmimiyyətin olması idi. İstər xalq yazıçısı Sabir Rüstəmxanlının, istər rayon ziyalısı Səməd Şuşalının çıxışlarında məhz gənclərə bir çağırış var idi. Belə bir məqamda, özü də tədbirin xeyli uzanmasına baxmayaraq, çıxışlardan ruhlanan xalq şairi Fikrət Qocanın çıxışı da iştirakçılara ayrı bir zövq verdi.

Tədbir rayon Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdi.

***

Noyabrın 9-da Göyçayda sözün həqiqi mənasında möhtəşəm bayram təntənəsi yaşandı. 40 minə nəfər yaxın iştirakçının, habelə çoxsaylı yerli və xarici turistlərin qatıldığı bu təntənəli bayramda Dövlət Bayrağı Günü və XIV Nar festivalı öz rəngarəngliyi ilə yerli və xarici qonaqların, ümumən hər kəsin böyük marağına səbəb oldu. Şənliklərdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri, yerli və xarici iş adamları, Azərbaycanın şəhər və rayonlarından gələn çoxsaylı qonaqlar iştirak edirdilər.

Milli folklor qruplarının çıxışları, ayrı-ayrı şirkətlərin məhsullarının sərgisi, müsabiqələr, modalar nümayişi və digər tədbirlər, o cümlədən qonaqların iştirakı ilə “Şah” şadlıq sarayının qarşısında Qızılağac kəndindən olan iki gəncin – Nahid və Gültən Qasımovların nigah mərasimi keçiriməsi bayrama xüsusi rəng verdi.

Xatıradım ki, Göyçayda Nar bayramı artıq 14-cü dəfədir ki, təşkil edilir. Bu bayram bölgədə meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. İstər yerli əhalinin, istərsə də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı, həm də xalqımızın milli adət-ənənələrimizə dərin bağlılığımızın bir nümunəsidir.

Festivalda ən iri narların nümayişi oldu. Çəkisi 1.1-1.3kq olan narların nümayişi qonaqların marağına səbəb olmuşdu.

***

Beləliklə, daha bir Nar bayramına yekun vuruldu. Göyçay rayon İcra Hakimiyyətinin dəstəyi, “Aznar” şirkətinin baş sponsorluğu ilə Nar festivalında bəzi maraqlı məqamları da oxucuların diqqətinə çatdırmaq istərdim.

Sərgidə oyma ustası Usta Rəşidlə tanış oldum. Gözəl sənət əsərlərini təqdim edirdi. Sözlərinə görə, bu işə üç il əvvəl başlayıb. Oğlu Əlitalib lə birgə taxtada yandırma üsulu ilə əsərləri əvvələ fikirlərində canlandırır, sonra taxta üzərinə köçürürlər. Bir əsər üzərində aylarla işləmək lazım gəlir.

Bizimlə söhbətində Ulu Öndərin şəkli üzərində yeddi aya yaxın çalışdıqlarını dedi, usta Rəşid. Rəşid həm də müharibə veteranıdır. Döyüşüb, qəlpə yarası alıb. Ancaq bu gün canı sözünə baxmasa da işləməyi Vətəninə, Dövlətinə bu yolla xidmət göstərməyi lazımlı bilir.

Hər halda usta Rəşid hələ əsərlərinin satışını həyata keçirməsə də gələcəkdə fərdi sərgisinin təşkil edilməsi arzusundadır.

***  

Daha bir məqam isə Festivalın baş sponsoru “Aznar” Şirkətinin sahibi, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun şəxsən iştirakı və sərgidə nümayiş edilən məhsullardan yerindəcə alıb dostlarına hədiyyə etməsi oldu. Sadəliyi, mehribanlığı ilə seçilən Fərhad Əhmədovun uzun illər ölkəsindən kənarda yaşamasına baxmayaraq öz ana dilində mükəmməl danışması şəxsən məndə təəccüb doğurdu. Bu məqam Fərhad Əhmədovun Vətəninə, doğma torpağına bağlılığından xəbər verir.

***  

Tədbirin işində Göyçay RİH əməkdaşlarının birgə proqram əsasında xüsusi hazırlıqla bir mərkəzdən çalışması diqqətimi çəkdi. Üstəlik nigah mərasimi zamanı RİH-in məsul əməkdaşı Vüsal Zöhrabovun peşəkarlıqla nigah sahiblərini oynatması, rəqs etməsi həm qonaqlara, həm də tədbir iştirakçılarına zövq verdi.

***      

Axşamı isə bərbər Teymurgildə qalmagım, atası ilə uzun söhbətim isə ayrı bir yazının mövzusudur. Səhər tezdən məni stadionla tanış edərkən hər cümləsində “hər şey lüks düzəldilib, əmi” ifadəsini təkrar etməsi, geyimi, davranışı və ütülü danışığı  bərbərin təcrübəli və bacarıqlı olmasından xəbər verirdi.

***

Axşamüstü Göyçaydan ayrılıram. Fikrimdə isə yazı artıq hazır idi.

***

P.S. Sonda mənə və yüzlərlə tədbir iştirakçılarına belə zövq yaşatdığına görə Göyçay rəsmilərinə, xüsusəndə icra başçısı dəyərli insan Mehdi Səlimzadəyə, “Aznar” Şirkətinə təşəkkürümü bildirir, əziz Göyçaylıları ürəkdən təbrik edir və onlara daha böyük tədbirlərə ev sahibliyi etməyi arzu edirəm.            

ŞƏRHLƏR