"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"Monumental memarlıq abidəsini özəlləşdirib yerində bazar açdıq "

--2022-09-26 / 05:53
Bu keçmiş "Qarabağ" mehmanxanasının fotosudur. Belə monumental memarlıq abidəsini özəlləşdirib, uzun illər söküntüsüylə məşğul olduq. Nəticədə paytaxtın geoloji baxımından dəyərli bir yerində, ancaq tikinti materialları bazarı aça bildik.
Etiraf edim ki, keçmiş sovet dövründə inşa edilən mehmanxanalar bu günün tələblərinə cavab vermirdi. Çünki mərtəbələrarası məsafə çox az idi. Yəni əl uzadanda tavana çatırdı, üstəlik də otaqlar darısqal idi. O illərdə mehmanxanalarla bağlı hər hansı standart formalaşdırlmamışdı. Bildirim qədər, keçmiş "Moskva", "Gənclik", "Abşeron", "İnturist", köhnə "İnturist" və "Cənub" mehmanxanaları sökülərək yerində elə mehmanxana inşa edildi, özü də ən müasir standartlara cavab verən formada.
Lakin "Qarabağ"ın bəxti, necə deyərlər, gətirmədi. Söküldü, lakin yerində çox zövqsüz bir formada tikinti bazarı açıldı. Mehmanxana və mehmanxananın altındakı torpaq hazırda özəldir, başa düşürəm. Mən belə bir strateji obyektin hansı formada özəlləşdirlməsi məsələsinə toxunmuram. Olan, daha olub qurtarıb.
Amma tövsiyə edərdim ki, ərazidə belə zövqsüz bazar əvəzinə göz oxşayan memarlıq abidəsinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti və Arxitektura və Şəhərsalma Komitəsi, həm də bu ərazinin mədəni-coğrafi baxımından aktuallığını nəzərə alaraq sahibkarla danışığa başlasınlar.
Hər kəsin yaxşı yadındadır ki, "Gənclik" mehmanxanasına o vaxtı edilən əlavə iki mərtəbəli tikintini mərhum Heydər Əliyev görən kimi dərhal söküntüsünə göstəriş vermişdi. Güman edirəm ki, belə mehmanxannın yerində zövqsüz bir bazarın tikintisini ölkə başçısı görümüş olsa eyni bir vəziyyət təkrarlana bilər.
Vüqar Tofiqli
ŞƏRHLƏR