"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi tələbələrlə görüş keçirib

--2018-10-18 / 08:06

Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində Mingəçevir Bələdiyyəsində bir qrup tələbə ilə görüş keçirilib.

Bu barədə məlumatı Mingəçevir bələdiyyəsinin Mətbuat Mərkəzi yayıb.

Görüşdə “Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi” mövzusu müzakirə edildi. Bələdiyyənin sədri Coşqun Abdullayev bələdiyyənin gənclərlə gördüyü işlərdən, gələcəkdə tələbə gənclərlə bağlı bir neçə layihənin həyata keçiriləcəyindən danışdı və gənclərin yerli özünüidarədə fəal iştirak etməsini arzuladı. “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı Azərbaycanda “Yerli Demokratiya Həftəsi”nin keçirilməsinin məqsəd və istiqamətlərindən, Mingəçevir Bələdiyyəsinin keçirdiyi və keçirəcəyi tədbirlərdən bəhs edərək, gəncləri tədbirlərdə iştiraka dəvət etdi.

Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rəşad Qurbanov, tələbələrdən Anar Quliyev, Rasta Paşayeva, Aqil İsmayılzadə və Xanlar Babayev gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi üçün təkliflərini bildirdilər. Onlar tələbələrin layihələrinin icrası üçün bələdiyyənin maddi və mənəvi dəstək verməsini istədilər və qarşılıqlı fəaliyyət məqsədi ilə birgə plan hazırlamağın vacibliyini vurğuladılar.

Belediyye.info

ŞƏRHLƏR