"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərkəz daha bir tövsiyə məktubu göndərib: "Yerli özünüidarəetmənin səmərəli təşkilində məhəllə komitələrinin əhəmiyyəti barədə"

--2021-08-13 / 16:01

Yerli özünüidarəetmə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu və nəticədə dövlətin və cəmiyyətin idarə olunmasında səmərəliliyin artırılması kimi qiymətləndirilir, vətəndaşların idarəetmə sisteminə cəlb olunmasının ilkin göstəricisi sayılır.

Təsadüfi deyil ki, hüquq ədəbiyyatlarında yerli özünüidarəetmə yerli əhəmiyyətli məsələləri müstəqil surətdə, öz məsuliyyəti ilə həll etmək hüququ, əhalinin ərazi özünütəşkili sistemi kimi xarakterizə olunur. “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası” demokratik, vətəndaş cəmiyyətində yerli özünüidarəetməni "vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilən", “tam və müstəsna səlahiyyətlərə malik”, “dövlət işlərinin xeyli hissəsini düzənləyən” orqan kimi səciyyələndirmişdir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (bundan sonra -Qanun) ölkəmizdə vətəndaşların fəaliyyətinin təşkili sistemi olan yerli özünüidarəetmənin həyata keçirilmə forması kimi bələdiyyələr və ya vətəndaş yığıncaqları müəyyən edilmişdir.

Yerli özünüidarəetmənin səmərəli təşkilinin əsas şərtlərindən biri əhali ilə sıx bağlılıq- yerli sakinlərlə qarşılıqlı münasibətin düzgün qurulması, onların sosial-iqtisadi mənafelərinin həllində yaxından iştirakdır. Belə ki, yerli özünüidarəetmə orqanları yerli şəraiti, mövcud imkanları daha yaxşı görür, onlardan təşəbbüsçülüklə və səmərəli istifadə üçün əhalinin geniş təbəqəsini bu prosesə cəlb edə bilərlər.

Ölkə qanunvericiliyi əhalinin yerli özünüidarəetmənin təşkilində yaxından iştirakı üçün geniş imkanlar yaradır. Qanunda yerli özünüidarəetmə sistemində vətəndaşların öz iradə ifadəsinin bir neçə forması (rəy sorğusu, vətəndaş yığıncaqları, əhalinin bələdiyyə aktlarını yaratmaq təşəbbüsü, məhəllə komitələri və s) müəyyən olunmuşdur.

Bir sıra bələdiyyələrin ərazisində yaradılmış məhəllə komitələrinin təcrübəsi göstərir ki, məhəllə komitələri vətəndaşların özünütəşkili işində yaxşı perspektivə malikdir. Ona görə də, bu təcrübənin yayılması təşviq olunmalıdır. Məsələn Bakı şəhəri Yasamal bələdiyyəsində (bələdiyyənin məlumatına əsasən) 10 fəal məhəllə komitəsi fəaliyyət göstərir ki, pandemiya dövründə bu komitələrin aktiv fəaliyyəti öz səmərəsini vermişdir. Yerli sakinlər arasında maarifləndirmə, təbliğat işlərinin (xüsusilə karantin rejiminin qaydaları, COVİD-19 virusu ilə mübarizə, vaksinasiyasının əhəmiyyəti, yerli vergi və ödənişlərin ödənilməsi və s. sahələrdə) aparılmasında məhəllə komitələri yaxından iştirak edirlər.

Lakin təəsüf ki, bu təcrübədən çox az sayda bələdiyyələr istifadə edir. Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin ölkəmizə sonuncu monitorinq hesabatında (2021-ci il) da bələdiyyələrin fəaliyyətinin təşkilində ictimaiyyətin zəif iştirakı xüsusilə vurğulanmış, bu istiqamətdə tədbirlər görülməsinin zərurəti bildirilmişdir.

Qeyd olunur ki, Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”də məhəllə komitələrinin yaradılma prinsipi, qaydaları, səlahiyyətləri, maliyyə mənbələri və s. müəyyənləşdirilmişdir. Əsasnaməyə əsasən məhəllə komitələri bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədi ilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir. Məhəllə komitəsi ərazi prinsipi üzrə yaradılır və onun fəaliyyət göstərdiyi ərazi ayrıca bir və ya bir neçə evin (məhəllənin) hüdudları ilə müəyyən edilir.

Məhəllə komitəsi, həmin komitənin fəaliyyət göstərdiyi ərazidə yaşayan əhalinin yığıncağında 5-11 üzvdən ibarət tərkibdə açıq səsvermə yolu ilə iki il müddətinə seçilir. Yığıncaq komitənin fəaliyyət göstərdiyi ərazidə yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 15 faizi iştirak etdikdə səlahiyyətlidir. Həmin yığıncaqda məhəllə komitəsinin sədri, sədr müavini və katibi seçilir. Məhəllə komitəsinin qərarları açıq səsvermə vasitəsilə və adi səs çoxluğu ilə qəbul olunur.

Məhəllə komitələri aşağıdakı əsas səlahiyyətləri həyata keçirir:

yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyələr qarşısında vəsatət qaldırmaq;

yerli əhəmiyyətli məsələlərlə bağlı vətəndaşların yığıncaqlarını keçirmək;

yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək və həmin aktların layihələrini əhalinin iştirakı ilə açıq iclaslarda müzakirə etmək;

yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması, sanitariya vəziyyətinin yaxşılaşdırılması, uşaq və idman meydançalarının, avtomobil yollarının, küçələrin, səkilərin, digər obyektlərin tikintisi, yenidən qurulması, təmiri və saxlanması işində əhalinin iştirakını təşkil etmək;

təbiətin, tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında qanunvericiliyə riayət olunmasına kömək etmək;

məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsində təhsil müəssisələrinə kömək etmək; 

uşaq və gənclərin istirahəti, idmanla məşğul olmaq üçün şərait yaradılmasına kömək etmək;

fəaliyyət göstərdiyi ərazidə yaşayan imkansızlara, xəstələrə və çətin həyat şəraitində olan şəxslərə (ailələrə) yardım göstərmək; 

yerli əhəmiyyətli məsələlərin həllində əhalinin təşəbbüskarlığının və özünüidarəetmə təcrübəsinin inkişafına kömək etmək və s.

Məhəllə komitələri öz səlahiyyətlərini könüllü ianələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirir. Şəffaflığın təmin olunması məqsədilə məhəllə komitəsi öz fəaliyyəti barədə altı ayda bir dəfə vətəndaşların yığıncağında hesabat verir.

Göründüyü kimi, qanunvericilik ölkəmizdə əhalinin yerli özünüidarəetmə hüququnu təkcə bələdiyyələrin yaradılması forması ilə məhdudlaşdırmır, eyni zamanda bu hüququ həyata keçirməyin müxtəlif formalarına imkan verərək vətəndaş təşəbbüskarlığı üçün əlverişli şərait yaradır. Vətəndaşların bu imkanlardan istifadə edərək bələdiyyələrlə sıx əlaqələr qurması, yerli özünüidarəetmə işlərində daha fəal iştirak etmələri yerli özünüidarəetmə fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm önəm daşıyır.

Habelə yerli idarəetmənin təşkilində şəffaflıq və aşkarlığın gücləndirilməsi məqsədilə ictimai nəzarətin davamlılığının təmin edilməsi də əhəmiyyətli hesab edilir. Təcrübə göstərir ki, ictimai nəzarət - yerli orqanların məqsəd və öhdəliklərin müəyyənləşdirilməsində və reallaşdırılmasında yardımçı olur.  

Hesab olunur ki, bələdiyyələrin fəaliyyətində ictimai iştirakçılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi yerli özünüidarəetməyə inamın artmasına müsbət təsirini göstərəcəkdir.

Göstərilənlərin fəaliyyətinizdə nəzərə alınması tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

ŞƏRHLƏR