"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsinin 2022-ci ilin 6 aylıq Hesabatı

--2022-07-01 / 19:16

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində, Xəzər rayonu da bu gün yüksəliş dövrünü yaşayır. Burada abadlıq, yenidənqurma işləri yüksək templə davam etdirilir, yaşıllıqlar, gözəl parklar hamıda xoş ovqat yaradır. Eyni zamanda Bakı Abadlıq İdarəsi tərəfindən qəsəbəmizdə yenidənqurma, təmir, abadlıq işləri həyata keçirilir və qədim memarlıq abidələri təmir olunur. Qəsəbəmiz elə bil ikinci həyatını yaşayır.

Aparılan abadlıq, quruculuq, təmir işləri geniş vüsət aldığından, qəsəbəmizin siması dəyişdikcə, həm qəsəbə sakinlərində, həm də gələn qonaqlarda gözəl əhvalı- ruhiyyə yaranır.

Bu inkişaf prosesində Mərdəkan bələdiyyəsi də öz potensial imkanları ilə iştirak edir, aparılan məqsədyönlü və ardıcıl sosial-iqtisadi inkişaf siyasətinə layiqli töhfələr verməyə çalışır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı, xalqa müraciətində belə demişdir: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaqdır”.

6 ay ərzində Mərdəkan bələdiyyəsinin 9 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir. Bələdiyyənin fəaliyyəti üçün çox önəmli olan məsələlərlə bağlı İş Mərkəzi tərəfindən tövsiyələr hazırlanıb göndərilmişdir. Biz bələdiyyələrə, həm metodiki köməkliklər göstərilir, həm də seminar və görüşlər təşkil edilir. Həm onlayn qaydada, həm də bələdiyyələrin özündə dəyirmi masalar təşkil olunur. Bələdiyyələrin fəaliyyətində mühüm yer tutan yerli vergilərin toplanmasına köməklik məqsədilə, Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən bələdiyyəmizdə seminar- müşavirə keçirilmişdir.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 106 ərizə, təşkilatlardan isə, 110 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 154 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Mərdəkan bələdiyyəsinin yerli vergi ödəyicilərindən toplanan büdcə gəlirləri 2021-ci ilin 6 ayı ərzində 93637 manat təşkil etmişdir.

Qeyd edək ki, yenə də Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri, metodiki köməklikləri, bələdiyyədə keçirilən seminarların nəticəsi olaraq, bu ilin 6 ayı ərzində büdcə gəlirləri 112213 manat təşkil etmişdir.

 

 

 

O cümlədən:

-        fiziki şəxslərdən torpaq vergisi – 22433 manat;

-        fiziki şəxslərdən əmlak vergisi –  86175 manat;

-        kurort və mehmanxana rüsumu- 1605  manat;

-        Digər gəlir (“Accessbank” QSC)- 2000 manat.

 2022-ci ilin 6 ayı ərzində xərclər isə -  128002 manat təşkil etmişdir.

 O cümlədən:

 -   Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 52450 manat;

-   Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalara- 10218 manat;

-      İcbari Tibbi Sığortaya ayırmalar – 1137 manat;

-      Maddi yardımlara 21191 manat;

-      Audit xidmətinə –1000 manat;

-      Abadlıq təmizlik işlərinə - 12000 manat;

-      Kommunal və rabitə xərclərinə (işıq, qaz,su, rabitə ) –3711 manat

-      Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) – 900 manat;

-      Bank xidmət haqqı – 520 manat;

-      Poçt xidmət haqqı – 278 manat;

-      ABİHİ-na tutulmalara –1137 manat;

-      Ezamiyə xərcinə - 541 manat;

-      “Azərbaycan Ordusuna Yardım Fonduna” tutulma – 609 manat;

-      “Qala - Həyat” Sığorta Şirkəti ASC nə– 186 manat;

-   “Softline Azərbaycan” MMC yə - Mərdəkan bələdiyyəsinin ərazisindəki vergi ödəyicilərinin vergi borclarını ödəmələri üçün, SMS sistemi üzərindən məlumatlandırılmasına – 295 manat;

- Kompüter avadanlıqlarının təmiri və katrec dolumuna - 421 manat;

- Qəsəbənin “Heydər Əliyev” parkına gedən yolda və Sergey Yesenin küçəsi boyu cavan ağacların, dekorativ kolların, eyni zamanda Telman küçəsində, qurumuş ağaclar kəsildiyindən, onların yerinə yeni tinglərin, solmuş, qurumuş kolların yerinə isə, yeni dekorativ kolların əkilməsinə - 3000 manat;

-“Heydər Əliyev” parkı ilə paralel olan 181 nömrəli tam orta məktəbə gələn yolun üzərində avtomobillərin sürət həddinin aşmaması və uşaqların məktəbə gediş-gəlişlərinin təhlükəsiz təmin edilməsi üçün, 3 (üç) yerdə 6 (altı) metr enində tramplinin qoyulmasına – 1450 manat;

-Bələdiyyənin inzibati binası üçün yeni müasir tipli kompüter avadanlıqları və elektrik mallarının alınmasına – 9789 manat;

- “Şuşa İli” ilə əlaqədar, Mərdəkan qəsəbəsinin mərkəzi yolunun üstündə Qala divarına (195x405) ölçüdə və Yeni yol, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Mərdəkan hissəsinin Dalğa-Arena İdman Mərkəzinə keçən yolun üstünə də (270x480) ölçüdə, 2022-ci il -“Şuşa İli” sözləri yazılmış vinil lövhələrin hzırlanıb vurulmasına – 800 manat;

- “Mərdəkan” körpüsündən qəsəbənin mərkəzi yolu olan Sergey Yesenin küçəsi boyu, 1941-1945-ci illər parkının ərazisində qurumuş ağaclar kəsildiyindən, onların yerinə yeni tinglərin və həmişəyaşıl kolların əkilməsinə – 2916 manat;

-Dəftərxana ləvazimatlarının alınmasına – 1973 manat;

-Qəsəbədə yerləşən Heydər Əliyev parkının qarşısındakı meydanda ucaldılmış “Azərbaycan Bayrağı”nın dəyişdirilməsinə (Türk istehsalı 8 ədəd) – 1480 manat.

 

Əmək haqqı büdcə üzrə gəlirlərini 42,3 % ni təşkil etmişdir.

“20 Yanvar faciəsi”nin 32-ci ildönümü ilə əlaqədar, 20 Yanvar əlillərindən 4 nəfərə hər birinə 100 (bir yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

“Xocalı faciə”sinin 30-cu ildönümü ilə əlaqədar isə, 2 nəfər şəhid ailəsinin hər birinə 100 (bir yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

1-ci Qarabağ müharibəsinin şəhid ailələrinin ərizələrini nəzərə alaraq, şəhidlərin məzar başdaşları köhnəldiyindən, keyfiyyətini itirdiyindən qara mərmərlə əvəz olunması mütəmadi olaraq bələdiyyə tərəfindən həyata keçirilir.

Bu ilin 6 ayı ərzində ilk olaraq 1-ci Qarabağ müharibəsində şəhid olmuş İskəndərov Şahin Əliqulu oğlunun 1992-ci ildə qoyulmuş məzar başdaşısı köhnəldiyindən, keyfiyyətini itirdiyindən, üzərində çatlar əmələ gəldiyindən, ailələrinin çox imkansız, olduğunu nəzərə alaraq, məzar başdaşının qara mərmərdən hazırlanması məqsədilə, ailəsinə 2000 (iki min) manat məbləğində maddi köməklik göstərilmişdir.

1-ci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olmuş, Qasımov Ramin Gennadiyeviçin uzun illər əvvəl qoyulmuş məzar başdaşısı köhnəldiyindən, keyfiyyətini itirdiyindən, qara mərmərlə əvəzlənməsi üçün,ailəsinə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

1-ci Qarabağ müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuş Cəfərov Rəfail Baba oğlunun uzun illər ağ mərmərdən qoyulmuş qəbirüstü başdaşısı keyfiyyətini itirdiyindən, köhnəldiyindən qara mərmərlə əvəzlənməsi üçün, ailəsinə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

Qeyd edək ki, 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş vətəndaşlarımızın məzar başdaşıları ağ mərmərdən olduğu üçün, uzun illərdən sonra görkəmlərini itirmişdir. Bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində bu məzarların başdaşıları da qara mərmərlə əvəzlənəcəkdir.

Canıyev Səftər Əlican oğluna imkansızlığını, Vətən müharibəsində iştirakını, xəstəliyini nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 500 (beş yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

Həbibov Həbib Elman oğluna Vətən müharibəsi zamanı Suqovuşanda yaralandığını, 3-cü qrup əlil olduğunu nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 300 (üç yüz) manat məbləğində vəsaitlə köməklik göstərilmişdir.

Eyni zamanda Mərdəkan qəsəbəsinin imkansız ailələrinin ərizələrinə əsasən, yas mərasimlərinin keçirilməsi üçün 1800 manat məbləğində maddi köməklik göstərilmişdir.

“Novruz bayramı” ilə əlaqədar, qəsəbədəki şəhid ailələrinə, qazilərimizə, gözdən əlillərə, ahıl, tənha insanlara, I qrup, 20 Yanvar, Çernobıl əlillərinə, cəmi 146 nəfərə ərzaq sovqatı verilmiş və 2776 manat məbləğində pul vəsaiti xərclənmişdir.

Qəsəbədəki “Heydər Cümə” məscidində Ramazan bayramı münasibətilə 130 nəfərlik, o cümlədən şəhid ailələri, qazilərimiz, müharibə iştirakçıları, rayonun idarə və təşkilat rəhbərləri, ağsaqqallar üçün iftar süfrəsi açılmışdır. Bu məqsədlə məscidin hesablaşma-hesabına bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 1000 (bir min) manat məbləğində vəsait köçürülmüşdür.

Mərdəkan bələdiyyəsi olaraq, tərəfimizdən Qarabağ müharibəsində iştirak edərək şəhid olmuş qəsəbənin vətənpərvər, igid oğullarının ailələrinə və yaralanan qazilərimizə həm maddi, həm də mənəvi dəstək göstərilmiş və bu günə kimi bu proses davam edir.

Bizə səs vermiş seçicilərimizin etimadını gördüyümüz və görəcəyimiz işlərlə hər zaman doğrultmaya çalışacağıq. Qəsəbəmizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına diqqəti daha da artıracağıq.

Yerli əhəmiyyətli poblemlərin həllində daha da fəallıq göstərəcəyik, ictimai-mədəni, sosial tədbirlərin həyata keçirilməsini uğurla davam etdirəcəyik.

Bundan sonrakı fəaliyyətimizi də hər zaman olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışacağıq və Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrini, iradlarını hər zaman işdə rəhbər tutacağıq.  

Mirbaba Hüseynov

Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədri                                

 

ŞƏRHLƏR