"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsinin 2020-ci ilin yekunlarına həsr olunmuş HESABATI

--2021-01-21 / 07:15

Artıq 2020-ci il arxada qaldı. Bu il tarixdə Zəfər ili kimi yadda qaldı.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun sayəsində 44 günlük müharibə bizə 30 il öncə düşmən tapdağı altında olan torpaqlarımızı qaytardı. İşğal olunmuş torpaqların azadlığı uğrunda qanını töküb, canını qoyan, vətən səmasında dolaşan şəhid ruhlarına rahatlıq verdi.

Bizə yenidən özümüzü tanımaq imkanı verdi, itirilmiş Qarabağı bizə qaytardı.

Azərbaycan Prezidenti, tarixi Qələbənin Baş memarı, mahir siyasətçi, təcrübəli Dövlət Xadimi cənab İlham Əliyevin qurduğu Azərbaycan Ordusu ilə Rəşadətli Azərbaycan əsgər və zabitləri ilə Vətən Müharibəsinə Azərbaycanın tarixində zəfər yaşadan Ali Baş Komandan kimi öz adını tarixə yazdı. O, insanların qəlbində özünün Qarabağ boyda abidəsini uçaltmağı bacardı .  

Yaşasın Ali Baş Komandan!

Yaşasın Şanlı Ordumuz!

Qarabağ Azərbaycandır!

Bu il həm də bəşəriyyət tarixində “Covid -19” pandemiyası kimi yadda qaldı. Bu bəladan qurtulmaq üçün hər birimiz Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın Qaydalarına ciddi əməl etməli və özümüzü sərtləşdirilmiş karantin qaydalarına riayət etməyi təlqin etməliyik. Eyni zamanda özümüzü qorumaqla yanaşı, seçiçilərimiz olan sakinlərimizlə də, özünü təcrid qaydalarına əməl etmələri ilə bağlı maarifləndirici söhbətləri yenə də davam etdirməliyik.

   Möhtərəm Prezidentimizin sözləri ilə desək, “Biz Birlikdə Güclüyük!”

Ölkə Prezidentinin rəhbərliyi ilə, ötən ilin əvvəllərindən başlayaraq pandemiyaya çevrilmiş və təhlükəli xarakter almış “COVİD 19” virusunun daha geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, itkilərin minimuma endirilməsi məqsədilə, profilaktik tədbirlər bu gün də sərtləşdirilmiş karantin rejimində davam etməkdədir.

Bu dövrdə bizim də əsas vəzifəmiz sakinlərimizin, o cümlədən, imkansız, ahıl, tənha, yaşlı insanların yanında olmaq, “COVİD 19” ilə əlaqədar, mütəmadi olaraq onların problemləri ilə maraqlanmaq olub. Bu kateqoriyadan olan insanlara, il ərzində 181 nəfər olmaqla ərzaq bağlaması ilə yardım edilmişdir.

Özümüzü qorumaqla, cəmiyyətimizi də qoruyaq!

Mərdəkan bələdiyyəsi, ölkə Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində, Bakı Abadlıq İdarəsi tərəfindən aparılan abadlıq, yenidənqurma işləri ilə bərabər biz də Mərdəkan bələdiyyəsi olaraq, yeni sahələrədə, bağlar massivində, şəhidlərin adını daşıyan küçələrdə təmizlik, yaşıllaşdırma işləri aparmaqla, qəsəbənin simasının günü-gündən gözəlləşməsinə, müasirləşməsinə öz əməyimizi əsirgəmirik.

Artıq 5-ci dəfə keçirilmiş bələdiyyə seçkilərindən 1 il vaxt ötmüşdür. Ötən müddət ərzində Mərdəkan bələdiyyəsi tərəfindən pandemiya dövrü olmasına baxmayaraq, sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmişdir.

Ötən ilin fevral ayında qəsəbə ağsaqqallarının xahişləri nəzərə alınaraq, Xəzər rayon İcra Hakimiyyəti Başçısının şəxsən özünün təşəbbüsü ilə qəsəbədə yerləşən 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış “Əbədi Məşəl” kompleksin yerləşdiyi park 3 ay ərzində sökülərək yenidən qurulmuşdur. Parkın ərazisi abadlaşdırılmış, postament yenidən qurulmuş, hər tərəf yaşıllığa qərq olmuş ağac və dekorativ kollar əkilmişdir.

Koronovirus pandemiyasının davam etməsinə baxmayaraq, may ayının 9-da park sakinlərin istifadəsinə verilmiş, onların rahatlığı, istirahətləri üçün bütün şərait yaradılmışdır.

2020-ci ilin sentyabr ayının 27-də başlamış Vətən Müharibəsində qəsəbəmizin vətənpərvər övladları da iştirak edib. Onlardan 3 nəfəri şəhid olub, 12 nəfəri isə yaralanıb. Mərdəkan bələdiyyəsi olaraq, tərəfimizdən qəsəbəmizin II Qarabağ Müharibəsində iştirak edən 112-yə yaxın əsgərlərin valideynlərinə ərzaq bağlaması ilə köməklik göstərilib. Düzdür, dövlətimiz onlara həm maddi, həm də mənəvi dəstək göstərir, lakin, bizim də onların ailələrinə köməklik göstəməyimiz insani borcumuzdur. 3 şəhidimizin ailələrinə 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti ilə maddi yardım göstərilmişdir. 6 nəfər yaralı əsgərlərin ailəsinə həm ərzaq bağlaması ilə, həm də hər birinə 150 manat məbləğində maddi yardım olunmuşdur. Bir nəfər ağır yaralı əsgərimiz əməliyyatı ilə bağlı 500 manat məbləğində maddi yardım olunmuşdur.

 

2020-ci il ərzində büdcənin gəlirləri 228424 manat təşkil etmişdir.

O cümlədən:

-         fiziki şəxslərdən torpaq vergisi –56938 manat;

-         fiziki şəxslərdən əmlak vergisi – 153567 manat;

-         dotasiya –15000 manat;

-         torpaq icarə haqqı –2350 manat;

-         kurort və mehmanxana rüsumu – 569 manat.

 

 

2020-ci il ərzində xərclər isə - 218254 manat təşkil etmişdir.

 

O cümlədən:

 

-   Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 71236 manat;

-   Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalar- 18474 manat;

-  Vergi agentlərinə ödəniş –29459 manat;

-       Maddi yardımlara 32461 manat;

-       Abadlıq təmizlik işlərinə - 33250 manat;

-       Texniki avadanlığın alınması – 3919 manat;

-       İnventar avandanlığın alınmasına – 3026 manat.

-       Rabitə xərcləri –3433 manat;

-       Kommunal xərclər (işıq, qaz, su) – 6457 manat

-       Dəftərxana ləvazimatlarının alınmasına –2000 manat;

-       Qəsəbədə görülən işlərlə əlaqədar alınan inventar– 1480 manat;

-       Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) –1800 manat;

-       Bank xidməti haqqı –1750 manat;

-       Audit xidməti –1000 manat;

-       Poçt xidmət haqqı –1738 manat;

-       ABİHİ-na tutulma – 2367 manat;

-       “Silahlı Qüvvələr Yardım Fonduna” tutulma – 1079 manat;

-       Xüsusi qeydiyyatlı kitabların alınması – 345 manat;

-       Kompüter avadanlıqlarının təmiri – 366 manat;

-       2000-2014-cü illər arxiv sənədlərinin təhvil verilməsi – 1124 manat;

-         “İstanbul Reklam Market” MMC – 1490 manat.

 

Əmək haqqı büdcə üzrə xərclərin 47,8%-ni təşkil etmişdir.

 

“20 Yanvar” faciəsinin 30-cu ildönümü ilə əlaqədar 4 nəfər faciə əlilinə, Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar isə, 2 nəfər şəhid ailəsinə ərzaq yardımı ilə köməklik göstərilmişdir. Həmçinin “Xocalı faciəsi” ilə əlaqədar 183 nömrəli tam orta məktəbin şagirdləri arasında “Xocalı faciəsi” nə həsr olunmuş rəsm müsabiqəsi keçirilmiş və qaliblər “Diplom”la mükafatlandırılmışlar.

Alman - Faşizm üzərində qələbənin 75-ci ildönümü ilə əlaqədar, 3 nəfər arxa cəbhə iştirakçılarına evində ərzaq sovqatı ilə köməklik göstərilmişdir.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 103 ərizə, təşkilatlardan isə, 139 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən sosial məsafə saxlanılmaqla 57 vətəndaş qəbul edilib, koronovirus pandemiysı ilə əlaqədar isə, 83 vətəndaş evində dinlənilib, yardımlarla və tibbi ləvazimatlarla köməklik göstərilmişdir. Qəsəbədəki “Heydər Cümə” məscidi və sahibkarlar tərəfindən də imkansız ailələrə ərzaq yardımları ilə dəstək göstərilmişdir.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.                                                      

“Koronavirus” pandemiyası ilə əlaqədar, “Evdə qal!” kampaniyası çərçivəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə, əhali arasında təbliğat işləri aparılıb. Əhaliyə zəruri ehtiyacları olmadığı halda, küçəyə çıxmamaları tövsiyə olunaraq, onlara xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında maarifləndirici məlumatlar hələ də verilir.

Hər birimiz, hər bir vətəndaşımız koronavirusla mübarizədə şəxsi nümunə göstərərsə, tələb və qaydalara əməl edərlərsə, bu təhlükəli bəladan tezliklə xilas ola bilərik.

Mərdəkan bələdiyyəsi olaraq bundan sonra dafəaliyyətimizdə hər zaman Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrini nəzərə alacaq və potensialımızı səfərbər edərək, yerli problemlərin həllində öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik. Eyni zamanda seçicilərin, qəsəbə sakinlərinin etimadını doğruldaraq, onlara layiqli xidmət göstərəcəyik.  

 

 Xəzər rayonu Mərdəkan bələdiyyəsi

 

 

ŞƏRHLƏR