"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi 9 ayda hansı işləri gorüb-SƏDRİN HESABATI

--2016-10-10 / 12:43

Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma işləri geniş vusət almaqdadır.

O cümlədən Mərdəkan qəsəbəsində aparılan abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri qəsəbənin simasının günü-gündən gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır.Görülən işlər əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Biz ilk növbədə görülməsi zəruri olan işlər, əhalini ən çox narahat edən məsələlər barədə düşünürük. Sakinlərin problemləri  öyrənilir, imkan  daxilində bu qayğılar təmin edilir. Bələdiyyəmizin əsas  vəzifəsi  sakinlərin rifah halının yaxşılaşdırılmasından ,sosial-iqtisadi problemlərinin həll edilməsindən ibarətdir. Əsas işlərimizdən biri də sakinlər arasında olub onların  gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini həll etmək iqtidarında olmağımızı sübut etməkdir. Öz işimizi sakinlərə sədaqət və ehtiram prinsipi əsasında qurmağa çalışırıq.

Mərdəkan bələdiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir.Bələdiyyələr bu gün ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verməkdədir. Bələdiyyələr artıq formalaşır, maliyyə və digər imkanları genişlənir. Təbii ki, bu sahədə əldə olunan uğurlar dövlətin bilavasitə qayğısı və diqqəti sayəsində əldə olunur.

9 ay ərzində Mərdəkan bələdiyyəsinin 11 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır.  Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Bu dövr ərzində Mərdəkan bələdiyyəsinə vətəndaşlardan müxtəlif məsələlərə dair 66 ərizə, təşkilatlardan isə, 221 məktub daxil olmuşdur.Müxtəlif məsələlərlə bağlı rəhbərlik  tərəfindən 285 vətəndaş qəbul edilmişdir.”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Bələdiyyənin sosial-müdafiə proqramına uyğun olaraq 9 ay ərzində qəsəbənin aztəminatlı, imkansız ailələrinə maddi yardımlar edilmiş və bu kateqoriyadan olan qəsəbə sakinlərinin yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməklik göstərilmişdir.

  Mərdəkan qəsəbə sakini, Aprel döyüşlərində gedən hərbi əməliyyatlar zamanı həlak olmuş Şirəliyev Kamran Faiq oğlunun yas mərasiminə köməklik göstərilmiş və xatirəsinin əbədiləşdirilməsi məqsədilə, yaşadığı küçənin qarşısına “Xatirə lövhəsi” vurulmuşdur.

Şəhidin ailəsinin imkansızlığını, maddi vəziyyətini nəzərə alaraq, 1 (bir) il müddətinə kommunal xərclərin ödənilməsi ilə  əlaqədar bələdiyyənin himayəsinə götürülmüşdür.

Qəsəbə sakini, Azərbaycan Dövlət Universitetinin tələbəsi Əlizadə Ruqiyyə Vüqar qızı imkansız ailə olduğuna görə, ilin sonuna qədər  bələdiyyənin himayəsinə  götürülmüşdür.

Buzovna – Mərdəkan - Qala yolunun Mərdəkan hissəsində, “Dalğa – Arena” İdman Mərkəzinin qarşısında cavan şam ağacı və yaşıl kol alınaraq əkilmişdir. Qəsəbə ərazisində əkilmiş cavan şam ağacları mütəmadi olaraq suvarılır.

S.Yesenin küçəsindən, “Dalğa – Arena” idman mərkəzinə qədər olan ərazidən, Dəmiryolçular, Muxtar Hüseynov küçələrindən, Bağlar massivindən, məişət tullantıları mütəmadi olaraq yığılıb daşınmışdır.

1941-1945-ci illər müharibəsində Qələbənin 71 illiyi ilə əlaqədar, Mərdəkan qəsəbəsindəki Böyük Vətən Müharibəsində həlak olan qəhrəmanların əziz xatirəsinə ucaldılmış “Əbədi Məşəl” kompleksinin ətrafında təmizlik və abadlıq işləri aparılmış, sınmış qara mərmərlər yeniləri ilə əvəz edilmişdir.

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar, 20 Yanvar əlillərinə ərzaq və maddi yardım edilmişdir.

Novruz bayramı münasibətilə keçirilən ümumrayon bayram şənliyinə gələn qonaqlar üçün bayram süfrəsi açılmışdır.

Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar 9 nəfər əlilə  pul vəsaiti verilmiş və ərzaq sovqatı  paylanmışdır.

Ramazan bayramında Mərdəkan qəsəbəsindəki “Heydər” Məscidində aztəminatlı, imkansız insanlar üçün 2 gün olmaqla iftar süfrəsi açılmışdır.

Qəsəbədəki yeniyetmə və gəncləri sağlam həyat tərzinə cəlb etmək məqsədilə, onların öz asudə vaxtlarının səmərəli keçirmələri üçün, bir sıra tədbirlər həyata keçirilmişdir.Tədbirlərdə vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyevin ömür yolu bu günün  və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir. Bildirilmişdir ki, ölkəmizin gələcək  inkişafının təminatında aparıcı qüvvə və rolunu məhz gənclər davam etdirəcəkdir.

“20 Yanvar”  faciəsinin 26-cı ildönümü ilə əlaqədar, Xəzər rayon Gənclər və İdman İdarəsi ilə birlikdə qəsəbə məktəblərində rəsm müsabiqəsi keçirilmiş və qaliblər (I-II-III yerlər) hədiyyələrlə mükafatlandırılmışlar.

“Xocalı faciəsi”nin 24 illiyi ilə bağlı qəsəbə məktəbləri arasında rəsm müsabiqəsində qalib məktəblilər (I-II-III  yerlər) hədiyyələrlə mükafatlandırılmışlar.

ictimai xadim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə, qəsəbədəki 181 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında “Sağlam-həyat-sağlam gələcək” mövzusunda keçirilən inşa yazı müsabiqəsində       I-II-III yerləri tutan qaliblər pul vəsaiti ilə mükafatlandırılmışlar.

Futbolun inkişafına dair Dövlət Proqramına uyğun və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futbol üzrə Xəzər rayon turnirində II yeri tutmuş Mərdəkan futbol komandası kubokla mükafatlandırılmışdır.

Azərbaycan xalqının Umummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan  olmasının 93-cü ildönümü münasibətilə, qəsəbədəki üç orta məktəbin (123,181,183) müsabiqə yolu ilə seçilmiş hər məktəbdən 7 şagird və 1 müəllim olmaqla, cəmi 21 şagird və 3 müəllim üçün Zirə Mədəniyyət Mərkəzinin “EKO” parkına ekskursiya təşkil edilmişdir.

Qəsəbədəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə talessemiya xəstəsi olan uşaqlara köməklik məqsədilə, yuxarı sinif şagirdləri tərəfindən təşkil edilmiş “şirniyyat yarmarkası”nda fərqlənən üç şagirdin hər biri (I-II-III yerlər) pul vəsaiti ilə mükafatlandırılmışlar.

Xəzər rayon Gənclər və İdman İdarəsi ilə birlikdə qəsəbədəki “Delfin” istirahət mərkəzində çimərlik voleybolu üzrə keçirilən rayon çempionatında Mərdəkan-1 komandası I yerə, Mərdəkan – 2 komandası isə III yerə çıxmışlar. Qalib komanda üzvləri hədiyyələrlə mükafatlandırılmışlar.

“Qurban bayramı” münasibətilə qəsəbənin 300 nəfər imkansız, aztəminatlı, imtiyazlı ailələrə ərzaq yardımı edilmişdir.

S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın cari təmirinə köməklik məqsədilə, boya alınıb verilmişdir.

181 saylı tam orta məktəbin idman meydaçasında idman qurğularının rənglənməsi və Referendum ilə əlaqədar məktəbin giriş qapılarının rənglənməsi üçün boya alınıb verilmişdir.

01 oktyabr Ahıllar Günü münasibətilə qəbədəki 20 nəfər ahıla evlərində ərzaq yardımı edilmişdir.

Mərdəkan bələdiyyəsinin sosial-müdafiə, sosial-inkişaf proqramlarına uyğun və qəsəbə sakinlərin xahişi  nəzərə alınaraq, B.Əliyev küçəsinin hündürmərtəbəli, çoxmənzilli binaların qarşısından keçən yolun üstündə 2 bulaq tikilib istifadəyə verilmişdir.

Mərdəkan bələdiyyənin sosial müdafiə proqramına uyğun olaraq, qəsəbə sakini Məlahət Qurbanovaya  5 övladı ilə birlikdə ağır vəziyyətdə yaşadığını və uşaqlarının təhsil almaları üçün lazımi dərs ləvazimatları və məktəbli geyimləri ilə təmin olunması məqsədilə maddi yardım olunmuşdur.

Ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə, Referendum Aktının layihəsi Ümumxalq səsverməsinə çıxarılmış və 2016-cı il sentyabrın 26-da Referendum seçkiləri keçirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi ilə əlaqədar, seçicilərimiz olan sakinlərlə maarifləndirmə işi aparılmış və onlar bu barədə məlumatlandırılmışlar. Hər bir bələdiyyə üzvü Ümumxalq səsverməsində sakinlərin iştirakları məqsədilə izahat işləri aparmışlar.

Konstitusiyaya edilən dəyişikliklərin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək, həmçinin dövlətin təhlükəsizliyini daha etibarlı şəkildə qorumaqdır. Bundan başqa iqtisadi inkişaf tempinin dinamikliyinin saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından  26 sentyabrda keçirilmiş Referendum ölkəmiz üçün olduqca önəmli və vacib olmuşdur.

Mərdəkan bələdiyyəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyyələrini hər zaman rəhbər tutur. 

Mərdəkan bələdiyyəsi yerli (bələdiyyə) vergilər və ödənişlərin ödəyicilərinin qeydiyyatının aparılması, vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə ödənilmiş faizlərin, tətbiq edilmiş maliyyə sanksiyasının alınması üçün Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası tərəfindən yaradılan “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistem”indən yararlanaraq,  2016-cı ilin 9 ayında qarşıda duran əsas məsələlərdən olan vergi sistemi işinin gücləndirilməsi və cənab Prezidentin Sərəncam və fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətlərində öz işimizi quracağıq və  qəsəbənin inkişafı naminə əlimizdən gələni etməyə çalışacağıq.

 

M.HÜSEYNOV

Xəzər Rayon Mərdəkan bələdiyyəsinin sədri

ŞƏRHLƏR