"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mənim Şuşa sevdam

--2020-11-08 / 18:29

Bakı şəhəri, Körgöz qəsəbə Bələdiyyəsinin üzvü Leyla Şah Şuşa sevdasını öz məqaləsində əks etdirdi.          

 

Susmayan maşın siqnalları, əlil arabasında döyünən ürəklər, gizlincə yaşlanan boğazlar, üzlərə və gözlərə dəyən bayraqlar, hətta yol kənarındakı polislər də bu gün Şuşa dedi.

Bu gün 8 Noyabr 2020 Ali Baş Komandan İlham Əliyev şəhidlər xiyabanından tarixi torpağımız Şuşanın işğaladan azad edildiyini elan etdi.Təbii ki, belə bir xəbərdən sonra evdə otura bilməzdim.Taksidə o qədər Şuşadan danışdım ki, yaşlı taksiçinin yorğun sifəti də gülməyə başladı. Şəhərə necə çatdığımı da unutdum.Maşından düşəndə başıma qəfil Türkiyəmin ay-yıldızlı bayrağı dəydi. İlk gördüklərim isə bunlar oldu: Yollara tökülüb əllərində bayrağla Şuşa qışqıran insanlar, bayrağ qaldırıb siqnal verərək sürətlə gedən maşınlar və bir də insanları yollardan səkilərə qaldıran polislər.Səkiyə qalxan kimi Pakistanlı qardaşlarıma gözüm sataşdı.Bəziləri Pakistan və Azərbaycan bayraqlarını başına sancıb “Qarabağ is Azerbaycan” deyir, bəziləri isə sevinclərindən oynayırdılar.

Təzə dil açan uşaqlar belə bu gün Şuşa üçün valideyinləri ilə şəhərə çıxmışdılar.Ətraflarında nələr olduğundan xəbərsiz körpələrin gülüşü bəlkə valideyinlərinin xoş əhvalından, bəlkə də İlhahinin bu xalqa rəhminin fonunda əzəmətli Şuşanın azadlığından xəbər verirdi. Amma onu bilirəm ki, bu gün şəhər sakinlərində gördüyüm gülüşləri 27 illik həyatımda heç zaman görməmişdim.Bir xanım mənə yaxınlarşıb üçrəngli bayrağını əlimə uzatdı və özü isə Türkiyənin ay-yıldızını götürüb şəkil çəkdirdi.Üçrəngli bayrağıma baxanda 40 gün öncə məhləmizə gələn şəhiddən tutmuş ,uşaqlıqda gündəliyimin arxasında göz yaşı və qorxuyla işğal tarixlərini əzbərlədiyim 11 rayon göz önümdən keçdi.Şuşa adı qara, qan yaddaşımızdır unutma sözləri isə qırmızı hərflərlə yazılmışdı.Bu qan o qandır ki, əlimdə tutduğum üçrəngli bayrağın qırmızı rəngində əks olunub.Məhz o qanla biz bu gün Şuşamızı azad etdik.Keçidi keçib digər tərəfdəki kütləyə yaxınlaşanda bir səs eşitdim:Leyla məni tanımadın? Bu mənim rəfiqəm Qəmər idi. O Qəmər ki, əlində bayrağımız var gücüylə Şuşa qışqırırdı.Sevincdən gözlərinin içi də gülürdü.Maşınlardan yavaş-yavaş daha çox çıxıb Şuşa qışqıran başlar, getdikcə güclənən maşın siqnalları mənim həyatımda heç zaman unutmayacağım izlər buraxdı.

Hətta restoranlarda belə insanlar heç zaman görmədiyim iştahla yemək yeyirdilər.Hələ bığ yeri təzə çıxan gənclər əllərində bayraqlarla “Ya Qarabağ, ya ölüm” deyib küçələrdə yürüş edirdilər.Qoca kişilər qucaqlarındakı uşaqlara bayraq yellətməyi öyrədirdilər.Geri addımlamağa başlamışdım ki, gördüyüm bir mənzərə məni heyrətləndirdi. Boğazını yaxşıca yaşlayan və çiyninə bayrağımızı asan bir yaşlı dayı dayanacağa gəlib hamının əlini sıxırdı.

Nəhayət dilləndi:Bəli, mən bu gün içmişəm. Çünki biz Şuşanı almışıq. Əslən Qarabağlıyam. Şuşanı deyirəm e, Şuşanı.Yol kənarında olan maşın karvanının arasında gördüyüm bir mənzərə isə sevincdən yaşaran gözlərimi bir daha yaşartdı. Əlil arabasında oturan bir kişi arabasının arxasına Azərbaycan və Türkiyə bayraqlarını asmışdı. Əlləri ilə arabanın təkərlərini fırladaraq bu günkü Qələbə yolumuzda irəlliləyirdi.Sənin musiqi beşiyin olan Şuşanın azadlığı üçün bu gün hər kəs öz sahib olduğunu ortaya qoydu Vətən.Bu da mənim bir vətəndaşlıq borcum idi. Bu gün gördüklərimi sənin üçün yazdım.

Leyla Şah

 

ŞƏRHLƏR