"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mən bələdiyyə sədrini necə görmək istərdim?

--2019-08-29 / 05:13

Artıq beşinci dəfə keçiriləcək bələdiyyə seçkilərinə az vaxt qalır. Qanunla oktyabrda elan olunmalı dekabrda isə keçirilməlidir.

İndidən demək olar ki, qeyri- rəsmi olsa da seçkilərə start verilib. Xüsusəndə iqtidar partiyası 18 min nəfər namizəd irəli sürəcəyini bəri başdan açıqlayıb.

Kimin seçilib-seçilməməsindən asılı olmayaraq kimləri qalib, kimləri sədr görmək istərdim.

Bu sözsüz ki mənim subyektiv fikrimdir. Kimsə razılaşmaya da bilər. Ancaq 20 ildir bu prosesləri izləyən bir şəxs kimi məndə bununla bağlı öz fkirlərimi oxucularımla bölüşmək niyyətindəyəm.

***

Fikrimcə, sədr ilk növbədə bacarıqlı olmalıdır. Yəni seçici daha çox bu insanlara üstünlük verməlidir. Sözsüz ki, mütləq şəkildə ali təhsil tələb etmək bəlkədə düzgün olmazdı, amma hər halda auditoriya görmüş namizədə üstünlük verilməsi daha məqbul sayılmalıdır. Bundan sonra üzv-sədrin kadr olaraq əsas idarəçilik təcrübəsi olmalıdır. Yəni bu gün gənclərə, qadın namizədlərə üstünlük verilməsi bir növ tövsiyə edilir. Qəbul olunan haldır. Amma irəli sürülən gəncin və qadının da iş təcrübəsi olmalıdır. Belə şəxslərin üzv kimi seçilməsi məqsədə uyğundur. Lakin təcrübəsiz şəxslərin birbaşa sədr seçilməsini düzgün saymıram.

Gəlin bu işdə tam demokratikliyi də qoruyaq. Sonuncu seçki də onlarca qadın sədr bir-iki aydan sonra vəzifəsini tərk etdi. Və bu prosesin necə təşkil edildiyini də hamı gözəl bilir. Gəlin bu dəfə bu məqamın istifadəsinə yol verməyək. Bu gün bu cür manipulyasiyalar cəmiyyətdə yaxşı qəbul olunmur.

Yaşından, cinsindən asılı olmayaraq, təkrar edirəm, sədr bacarıqlı olmalıdır. Və rəhbərlik edəcəyi sahəni beş barmağı kimi bilməli və tanımalıdır. Qərarları köllegial şəkildə verməyi unutmamalıdır. Bununla yanaşı sədr üçün əsas tələb ictimaiyyətə açıq olmasıdır, mütləq şəkildə. Hər addımı sosial mediada və internet resurslarda təbliğ olunmalıdır. Sədrin özünün önə çıxması vacib deyil, əsas görülən iş təbliğ olunmalıdır.

Sual oluna bilər ki, mütəmadi olaraq təbliğ olunma bəzi RİH başçılarında qıcıq yarada bilərmi?

Düzdür, etriaf edək ki, ötən dövrdə onlarca belə hallar olmuşdu. Lakin bu vəziyyətdən də çıxmaq olar, bir şərtlə ki, tet-a tet başçı ilə görüşüb məntiqnən proses izah olunmalıdır. İnanmıram kimsə belə halda təbliğatla razılaşmasın.

1607 bələdiyyə sədrinin içərisində savadlı, bacarıqlı, bələdiyyə idarəçiliyi yüksək olan onlarca və yüzlərcə bələdiyyə üzvü və sədri vardır. Bu gün onların böyük əksəriyyəti sosial mediadan bacarıqla istifadə edir.

Hər halda bacarığı olan sədr bir addımı, bir hərəkəti, bir layihəsiylə sakinlər arasında, üzvlər arasında geniş rəğbət qazana bilər və qazanırda. Və belə sədrlər sayı kifayət qədərdir.

Qanun vaxtı ilə məhkumluq həyatı yaşamış insanları da seçkilərə namizəd kimi qatılmasına şərait yaradıb. Sözsüz ki, burada ağır cinayətlər istisna hal təşkil edir.

Amma gəlin qanunu bir qədər kənara qoyub məsələnin mənəvi tərəfinə diqqət yetirək. Bu gün sədrlər arasında üç dəfə məhkumluq həyatı yaşayan sədr də var. Özüdə brakonyerliq etdiyinə görə. Belə götürək, bu sədrin bacarığı olsaydı niyə eyni halı təkrar edib üç dəfə az müddətdə olsa da belə məhkum olunardı. Demək, bu adam heç onu da bacarmır. Belə şəxsin namizədliyi verilsə belə, onu seçməyə dəyməz, fikrimcə.

Bacarığı və intellekti olan sədr sosial mediada iştirak etdiyi toylardan şəkil qoya bilər. Burada pis bir şey yoxdur. Ancaq hər dəfə əlində içki dolu badə sağlıq dediyi yerdə şəkil qoymamalıdır axı. Bütün fikri yalız getdiyi kurortlardan, istirahət mərkəzlərindən olan şəkillər olmamalıdır, fikrimcə. Seçici sədrinin gündə toyda araq içdiyini görürsə ona hörməti necə ola bilər və ya necə olmalıdır? İstənilən halda sədr rəhbərlik etdiyi bələdiyyənin fəaliyyətini təbliğ etməlidir, sədrin həmdə bir sosial yükü var. Seçkili bir orqanı təmsil edir, seçiləcək yeni sədrlər bunu bilməlidir.

Düşünürəm ki, sosial medianın verdiyi imkandan sədr və üzvlər düzgün şəkildə istifadə etməlidirlər.

Və ən nəhayət sədrin bir telefon nömrəsi olmalı və o da seçiciləri üçün açıq olmalıdır. Ayda bir telefon nömrəsi dəyişən sədri təkrar seçmək özü bir günahdır.

Nəhayət, bələdiyyəni borcla qoyub gedən, çətin maliyyə durumuna salan, işçilərin aylarla əməkhaqqını verməyən, beş il ərzində bələdiyyə büdcəsini artırmağa maraqlı olmayan bələdiyyə sədri indidən kənara çəkilsə daha yaxşı olardı.

Ən sonda isə bələdiyyə sədri daim qanunvericliklə bağlı, praktik fəaliyyətlə təşəbbüskar və daim axtarışda olmalıdır.

Sözsüz ki, subyektiv fikirlərimi yazmağımın əsas məqsədi biz seçicilərində üzərinə məsuliyyət yükü qoyur. Odur ki, istənilən halda son söz seçicinindir. O seçkiyə getməli və istədyi namizədə də səs verməlidir.

Gəlin indidən bizdə bu tələbləri diqqətlə oxuyaq və səsimizi də layiqli namizədə verək.

Vüqar Tofiqli

 

ŞƏRHLƏR