"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mehmanxanalarn diqqətinə- Belediyye.infoda qaldırılan məsələyə nazirlikdən cavab gəldi

--2019-11-06 / 17:41

07 sentyabr tarixində Belediyye.infonun səhifələrində verilən “Bələdiyyə-mehmanxana çəkişməsi: kim udur, kim uduzur?” məqaləsi  (http://belediyye.info/new/details/--5450.htm) 11 sentyabrda baxılması və yazıda qaldırılan məsələlərə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Vergilər naziri Mikayıl Cabbarova ünvanlanmışdı.

11 oktyabr da ünvanlanan məktuba bir müddət öncə nazirlik ləğv edilməmişdən əvvəl, nazirliyin sənədlərlə iş və müraciətlərə baxılması baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Nigar Alimovanın imzasıyla cavab gəlib.

Məktubu olduğu təqdim edirik. Ancaq qeyd etməliyik ki, nazirlik bu məktubda bəzi məqamlara aydınlıq gətirməklə bələdiyyələrin qarşılaşdığı problemi aradan qaldımış oldu.

Yəni mehmanxanalarda tətbiq edilən və müştərilərə (gecələyən şəxslərə) təqdim edilən qəbzlərdə bələdiyyə verigləri ayrıca qrafa da göstərilməlidir. Bunu Maliyyə nazirliyi hələ 2016-cı ildə təsdiq etdiyi hüquqi sənədlərdə də öz əksini tapıb. Qalır onun tətbiqi və proseduranın icrası. Ancaq bələdiyyələrdə bu işdə həmrəy olsalar daha irəliyə gedə bilərlər.

****

“11.09.2019-cu il tarixli

021 nömrəliyə                                                  Təkliflərə baxılması barədə

Sizin vergi qanunvericiliyi ilə bağlı təklifinizə Vergilər Nazirliyində baxılmışdır.

Bildiririk ki,”Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana,sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödənişlərə aiddir. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilmişdir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən 9.1.4-cü maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir.

Otel və mehmanxana xidməti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqdim edilən ciddi hesabat blanklarında(qəbzlərdə) bələdiyyə ödənişinin məbləğinin ayrıca hissədə göstərilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli Q-09 №-li qərarı ilə müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri təsdiq edilmişdir. Həmin Qərarın 44 nömrəli əlavəsi ilə mehmanxana qəbzinin forma və rekvizitləri təsdiq edilmiş və qəbzdə bələdiyyə büdcəsinə ödəmələr (sutkada hər bir şəxs üçün   1,1 manatdan şox olmamaqla) hissəsi öz əksini tapmışdır.

Vergi hesabatını vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyasının artırılması ilə bağlı bildiririk ki, vergi hesabatını vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyası mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə fərq qoyulmadan bütün vergi ödəyicilərinə münasibətdə Vergi Məcəlləsinin 57,1-ci maddəsinə əsasən 40 manat məbləğinə tətbiq edilir.

Bunlarla yanaşı, növbəti illərdə sözügedən məsələ ilə bağlı vergi qanunvericiliyinə dəyişikliklər zərurəti yarandıqda təqdim olunan təklifə baxıla bilər.

Otel və mehmanxanalar tərəfindən təqdim edilən bəyannamələrdə qonaqlayan şəxslərin sayı barədə məlumatın əks etdirilməsi ilə bağlı bildiririk ki, vergi orqanları tərəfindən vergi bəyannamələrinin formasının təkmilləşdirilməsi üzrə mütəmadi olaraq işlər görülür.

Əlavə olaraq bildiririk ki, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında məhkəmələrə müraciət edirlər.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 2.8-ci və 57-ci maddələri, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 dekabr tarixli 244-IIQ nömrəli Qanununun 9.1.4-cü və 11.2-ci maddələri , Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidmət orqanı haqqında Əsasnamə”nin 3.2.3-cü maddəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kolllegiyasının 2016-cı il 4 aprel tarixli Q-09 №-li qərarı ilə tənzimlənir.”

Belediyye.info

ŞƏRHLƏR