"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məhkəmə Ekologiya və Təbii ehtiyatlar nazirliyinin bələdiyyə sədrinə qarşı tərtib etdiyi min manatlıq protokolu ləğv edib

--2020-08-08 / 06:14

Tərtər rayon məhkəməsi Ekologiya və Təbii sərvətlər Nazirliyinin Tərtər rayon bələdiyyəsinin sədri Tünzalə Vəliyevanın bir min manat cərimə olunması barədə tərtib etdiyi protokolu ləğv edib.

Bu barədə Belediyye.infoya məlumat Tərtər bələdiyyəsindən daxil olub.

Xəbər verdiyimiz kimi, 16 may 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sosial şəbəkədə yayılan fotolara əsaslanaraq Tərtər şəhərinin Nizami küçəsində yol kənarında əkilən ağaclara baxış keçirərək Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyevanı 1000(bir min) manat cərimə olunması barədə protokol tərtib ediblər.

Belə ki, 17 yanvar 2020-ci il tarixdə Tərtər bələdiyyəsinin sədri vəzifəsinə seçilən Tünzalə Vəliyeva Ekologiya   və Təbii Sərvətlər Nazirliyinin 9 saylı RETSİ-nin rəis əvəzi Cəlilov Elnur Xəliş oğlunun 10 iyun 2020-ci il tarixli MN 0481838 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000(min) manat məbləğində inzibati cərimə edilmişdi. Bu inzibati xəta protokolu tərtib ediləndə sədr bildirmişdi ki, protokolda qeyd olunan vaxtda xanım sədr Tərtər bələdiyyəsində nə sədr, nə də başqa bir vəzifədə çalışıb.

Sədrin qaldırdığı arqumentlərə 9 saylı RETSİ-nin rəhbərliyi tərəfindən əhəmiyyət verilməmişdi. Bundan əlavə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Ekologiya   və Təbii Sərvətlər Nazirliyinin 9 saylı RETSİ- nin rəisi Elnur Cəlilova 16 iyun 2020-ci il tarixli 765 nömrəli məktub yazaraq bildirmişdi ki, həmin ərazidəki asfalt örtüyü 2016-cı ildə çəkilmişdir. Ağacların ətrafının asfaltlanması xanım sədrin vəzifəyə seçilməsindən 4 il əvvəl baş vermişdir.

Yuxarırda qeyd edilənləri nəzərə alaraq sədr Tünzalə Vəliyeva 24 iyun 2020-ci il tarixdə 9 saylı RETSİ-nin onun barəsində  MN 0481838 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı Tərtər rayon məhkəməsinə şikayət verib.

17 iyul 2020-ci il tarixdə Tərtər rayon məhkəməsində işə baxılıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı RETSİ-nin vəzifəli şəxsinin 10 iyun 2020-ci il tarixli MN 0481838 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə xanım sədrin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə təqsirli bilinшb 1000 (min) manat məbləğində inzibati cərimə edilməsi haqqında qərarın əsassız olduğundan ləğv edilib.

Bununla bağlı Belediyye.infoya açıqlama verən Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva bildirib ki, nazirliyin bu addımı heç bir hüquqi əsası yox idi.

Sədr bildirmişdi ki, həmin magistral yol Tərtər bələdiyyəsinin ərazisində olsa da bələdiyyənin balansında deyil. Həmin küçə 2016-cı ilin may ayında Dövlət Avtomobil yolları agentliyinin 42 saylı Tərtər Yol İstismarı MMC tərəfindən əsaslı təmir olunmuş və elə həmin vaxtda da yolu genişləndirərək piyada səkilərini eninə qısaltmışlar. Ona görə də vaxtı ilə əkilən ağaclar yola düşmüşdür. Dörd il əvvəl asfaltlama işləri apararkən 42 saylı Tərtər Yol İstismarı MMC həmin ağacların da dibini də asfaltlayıblar.

Belediyye.info

ŞƏRHLƏR