"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məhəmmədi, Bilgəh bələdiyyələri və…BƏZİ BƏLƏDİYYƏ SƏDRLƏRİNİN DİQQƏTİNƏ

--2019-07-14 / 13:47

Bu gün Belediyye.info olaraq əsas məqsədimiz bələdiyyələrin fəaliyyətini təbliğ etmək, onların qarşılaşdığı problemlərin həllinə nail olmaq və ciddi mövzuları ictimaləşdirməkdən ibarətdir.

Sözsüz ki, ötən dörd ildən artıq bir müddətdə müəyyən nailiyyətlərimiz və uğurlarımız vardır. Ancaq gəlin unutmayaq ki, əldə edilən hər hansı kiçik bir uğur hansı zəhmətin bahasına başa gəlir.

Bunu təsəvvürə gətimək belə mümkün deyil.

Sözümüzün canı ondadır ki, bu gün bələdiyyə sədrləri seçki öncəsi   ictimaiyyətlə münasibətdə diqqətli olmalıdır. Xüsusən də ziyalı və yaradıcı insanlara qarşı daha diqqətli olmalı, onların qaldırdığı hər bir məsələyə diqqətlə yanaşmalıdırlar.

Sosial media üzərindən 5 min nəfərə yaxın dostluğumda olan insanın böyük bir qismi bələdiyyə sədrləri, üzvləri və qulluqçularıdır. Bəzən tək saytın imkanından deyil, həmdə sosial medianın imkanından da yararlanmağı özümə borc bilirəm.

Tutalım bir bələdiyyə sədrinin ictimaiyyətə açıq olmadığını, digərinin açıq olduğunu, bir bələdiyyə haqqında 92 məlumat getdiyini, digərinin haqqında isə heç bir məlumat getmədiyini yazmaqda əsas məqsəd işləməyənləri də heç olmasa bu yolla hərəkətə gətirməkdir.

Hiss olunur ki, bizim bu addımlarımızın da az da olsa bələdiyyələrin  fəaliyyətinə müsbət  təsiri vardır.

Və bir çox hallarda bələdiyyə sədrləri də maraqlı olmaqla özləri də təklif və tövsiyə verməyi unutmurlar. Bu sədrlərin adlarını çəkmək istəmirəm, çünki sayları çoxdur, kimisə unuda bilərəm. Amma həqiqətən həm özünə, həm bələdiyyəsinə, həm Belediyye.infoda gedən hər bir məlumatı diqqətdə saxlayıb oxuyanların sayı günbəgün artır.

Bəzən isə başqa bir məqam yaranır. Məsələn bu gün hansısa bir bələdiyyə sədri bizə zəng etməyi özünə sığışdırmırsa ona nə ad vermək olar?

Sosial mediada yazdığım bir cümləyə görə, öz işçisi vasitəsiylə zəng etdirib, ona bir əl gəzdirməyi və ya silməyi xahiş edən Abşeron rayonu  Məhəmmədi bələdiyyəsinin sədri Xəyaləddin Məmmədov olmazdımı ki, özü  bu addımı atsın, o cümlənin sosial mediada yazılmasının səbəbini özü soruşsun. Olardı. Niyə də yox. Amma təkəbbürlük, özündən bəlkədə razılıq hissi ona bu addımı atmağa imkan verməyıb. Baxmayaraq ki, hörmət əlaməti olaraq, biz onun işçisinin  bu  xahişini yerə salmayıb  bu və digər formada icra etdik.

Bəs görəsən X.Məmmədov Abşeron RİH rəhbərliyinin ən aşağı vəzifəsində çalışan işçisinə qarşı belə addım atardımı? Və ya ata bilərdimi? Yəqin ki, yox.

Üzünü belə görmədiyin insanın müraciətini yerə salmayıb xahişi bir neçə dəfə yerinə yetirirsənsə qarşılığında nəyi görməlisən?

Heç olmasa sədr telefon açıb təşəkkürünü bildirməliydi məncə. Amma əksinə sanki mənim borcum imiş ki qəbul edirsə demək, sədrə bundan sonra daha ciddi şəkildə nə isə izah etməyə ehtiyac vardır.

Və ya başqa bir misal.

Dəfələrlə Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri Təyyar İbadova zəng vurulduğu zaman, bəs mən məhkəmədəyəm deməsi, sizcə neçə dəfə ola bilər? 2-3 dəfə, daha hər dəfə olmaz axı. Məhkəmədəsənsə çıxan kimi etiket xatirinə bir zəng elə soruş ki, xeyrdimi nə məsələdir. Bu qədər etinasızlıq olmaz axı.

Mən günahı kimdə görürəm ?

Sözsüz ki, günahın ən böyüyü elə özümüzdədir. Yəni bir seçici olaraq layiqli namizədləri seçmiş olsaydıq, onlarda öz aralarında daha layqilisini seçsəydilər, onda bu cür münasibətdə olmazdı.

Yəni hər kəs bacardığı işin qulpundan yapışmalıdır. Məhz bu kimi sədrlərin hesabına cəmiyyətimizdədə bələdiyyə sisteminə qarşı neqativ fikir formalaşır. Gəlin diqqətli olaq. Hər addımımızda, hər sözümüzdə, hərəkətimizdə. Biz ziyalılara qarşı, yaradıcı insanlara qarşı belə addım atılırsa onda sıravi vətəndaşa qarşı hansı addım atılır.

Hər halda düşünməyə dəyər.

 Vüqar Tofiqli

ŞƏRHLƏR