"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Kərimov: “Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir”

--2020-03-30 / 09:36

 Yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar qeyri-iş günlərinin sayının artırılması və Azərbaycanda xüsusi karantin rejimi elan olunması özünüidarəetmə orqanlarıı olan bələdiyyələrin maliyyə vəziyyətini çətinləşdirib. Bələdiyyə büdcəsinə vergi daxilolmaları minimuma düşüb. İşçilərin işdə saxlanılması və onlara əmək haqqı ödənilməsi əksər bələdiyyələrin imkanı xaricindədir. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün bir çox bələdiyyə sədrləri Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqına müraciət edərək işçiləri 1-2 aylığına ödənişsiz məzuniyyətə göndərilməsinin qanunvericilik aktlarında necə tənzimlənməsi ilə maraqlanırlar.

Müraciətlərə cavab olaraq bildiririk ki, işçilər vəzifəsindən, peşəsindən, əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əmək Məcələsinin 112-ci maddəsinin tələblərinə əsasən işçilər əsas və əlavə məzuniyyət, sosial məzuniyyət, təhsil və yaradıcılıq məzuniyyəti və ödənişsiz məzuniyyət növləri ilə təmin edilirlər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128,129,130-cu maddələri işçilərin ödənişsiz məzuniyyətdən istifadə hüququnu, ödənişsiz məzuniyyətlərin növlərini və ödənişsiz məzuniyyətlərin müddətlərini tənzimləyir.

Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cü maddəsində təsbit olunub ki, işçi ilə işəgötürənin razılığına əsasən 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. İşçinin işəgötürənə hər hansı bir hal üçün ödənişsiz məzuniyyət verilməsi xahişi ilə müraciət etmək hüququ var. Belə hallarda mütləq işəgötürənin razılığı lazımdır. Əgər işəgötürən razı olarsa, işçiyə ödənişsiz məzuniyyət verilə bilər.

Bütün növ məzuniyyətlərin o cümlədən ödənişsiz məzuniyyətlərin verilməsi adi qaydada işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. İşçi öz ərizəsində ödənişçiz məzuniyyətə getməyinin səbəbini göstərə də bilər göstərməyə də bilər.

 Əlavə olaraq qeyd etmək istəridm ki, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək məzuniyyəti hüququnun yaranması üçün işçi 6 ay işləməlidir. Nəzərə alsaq ki, bəzi bələdiyyələrdə işçilər 3-4 aydır işləyirlər bu işçilərin əmək məzuniyyətindən yararlanmaq hüququ olmasa da, ödənişsiz məzuniyyətdən istifadə etmə hüquqları məhdudlaşdırılmır.

Məhəmməd Kərimov

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin hüquq müfəttişi

ŞƏRHLƏR