"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Latviyanın Yekabpils şəhərində Azərbaycan guşəsi açılıb

--2019-07-09 / 07:32

Latviya Respublikasının Yekabpils şəhərində ənənəvi “Şəhər günü” festivalı keçirilib. Bayram tədbirləri çərçivəsində şəhər sakinlərinin sevimli istirahət yeri olan Dauqava çayının sahilindəki xiyabanda Azərbaycana aid guşənin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan guşəsinin açılış mərasimində Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, Yekabpils şəhərinin meri Ayvars Karps, bu şəhərin qardaşlaşdığı digər şəhərlərin rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Yekabpils şəhəri ilə Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsi 2012-ci il avqustun 15-də imzalanmış qarşılıqlı əməkdaşlıq protokoluna əsasən qardaşlaşıb. Yekabpils şəhərinin qardaşlaşdığı yeddi şəhərdən beşincinin şərəfinə qurulmuş Azərbaycan guşəsi özünəməxsusluğu ilə seçilir. Məlumat və istirahət xarakterli guşədəki Azərbaycan, Bakı və Suraxanı haqqında yazılar latış, rus, ingilis və Azərbaycan dillərində yerləşdirilib. Guşənin yanında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə istiqamətlənmiş nişan da quraşdırılıb.

Açılış mərasimində Yekabpils şəhərinin meri Ayvars Karps çıxış edərək Bakı şəhərinin Suraxanı rayonu ilə səmərəli əməkdaşlıqdan, müntəzəm qarşılıqlı səfərlər zamanı Azərbaycanda müşahidə etdikləri sosial-iqtisadi inkişafdan danışıb, Azərbaycana həsr olunmuş guşənin yaradılmasının əlamətdar hadisə olduğunu bildirib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə bir guşənin yaradılmasına görə şəhər meriyasına minnətdarlığını bildirərək bu təşəbbüsün ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın güclənməsinə növbəti töhfə olduğunu qeyd edib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən danışaraq, şəhərlərimizin, o cümlədən Bakının daha da gözəlləşməsini xüsusi qeyd edib. Bildirilib ki, istirahət guşəsində Azərbaycanın qədim tarixi abidələrinin, yeni əzəmətli tikililərinin görüntülərinin əks olunması ilə yanaşı, ölkəmiz haqqında məlumatın verilməsi Yekabpils sakinlərində Azərbaycana qarşı xüsusi maraq yaradacaq.

Açılış mərasimində Azərbaycanın Latviyadakı səfirliyinin birinci katibi Tural Rəhimov da iştirak edib.

 Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

https://azertag.az/xeber/1303701

ŞƏRHLƏR