"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kürdəmirlə Latviyanın Qrobinya şəhəri arasında əməkdaşlıq protokolu imzalanıb

--2019-03-01 / 19:11

Kürdəmir rayonunun icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun başçılıq etdiyi nümayəndə heyəti Latviyada səfərdə olub. Səfər zamanı nümayəndə heyətini Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov müşayiət edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Kürdəmir rayonu ilə Qrobinya şəhəri arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Latviya Yerli Özünüidarəetmə Orqanları Assosiasiyası və Qrobinya bələdiyyəsinin dəvəti ilə reallaşan səfərin ilk günündə qonaqlar və Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov assosiasiyanın sədri Gints Kaminskis və Latviyanın ətraf mühitin qorunması və regional inkişaf naziri Yuri Pudse ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə Latviyanın yerli özünüidarəetmə orqanları arasında 10 ildir uğurlu əməkdaşlığın aparıldığı vurğulanıb və bu sahədə gələcək əməkdaşlığa dair geniş imkanların olduğu bildirilib. Fikir mübadiləsi zamanı tərəflər birgə təcrübədən faydalanmaqla ölkələrimiz arasında müsbət dinamikaya malik münasibətlərin bütün sahələr üzrə inkişafına yönəlmiş tədbirlərin davam etdirilməsi və xüsusilə də turizm və əhali arasında təbliğat işinin aparılmasına dair razılığa gəliblər.

Səfir Cavanşir Axundov son illərdə ölkəmiz tərəfindən aparılan və ikitərəfli münasibətlərin inkişafına yönəlmiş məqsədyönlü tədbirlər barədə məlumat verib. O, Avropada ilk Azərbaycan Ticarət Evinin Latviyada açıldığını diqqətə çatdırıb, əmtəə dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında olan əməkdaşlığın inkişafına geniş imkan yaratdığını bildirib.

Nazir Y.Putse ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib, bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu deyib.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov bu il yerli hakimiyyətlər və bələdiyyələr arasında əməkdaşlığın 10 ilinin tamam olduğunu qeyd edərək, bu cür tədbirlərin keçirilməsinin, birgə kitabın hazırlanmasının və digər layihələrin reallaşdırılmasının zəruriliyini vurğulayıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti Qrobinya vilayətinə səfər edib. Qrobinya vilayəti və Kürdəmir rayonu arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb.

Protokol özündə hər iki şəhər arasında təcrübə mübadiləsi, sosial-iqtisadi, turizm, mədəniyyət, biznesin inkişafı və digər sahələrdə əməkdaşlıq, sosial və ekoloji inkişaf proqramının reallaşmasına hazırlıq mərhələlərini ehtiva edir. Həmçinin il ərzində hər iki şəhərdə dostluq və əməkdaşlığı əks etdirən müxtəlif guşələrin yaradılması da nəzərdə tutulur.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov protokolun imzalanmasının əhəmiyyətindən danışıb. C.Cəfərov Azərbaycanda sosial-iqtisadi sahələrdə qazanılan uğurlar, bölgələrimizin sürətli inkişafı, yeni sosial layihələrin icra edilməsi barədə də məlumat verib.

Qrobinya vilayətinin rəhbəri Ayvar Priedols bildirib ki, əsas məqsəd qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir: “Bu sənədlə biz xalqlarımız arasındakı əlaqələri də inkişaf etdirməyi nəzərdə tutmuşuq. Buraya məktəblilərin hər iki ölkəyə qarşılıqlı səfərlərinin təşkili, sərgilər və digər oxşar tədbirlərin keçirilməsi daxildir. Bununla hər iki xalq bir-birini daha yaxından tanıyacaq”, - deyə o qeyd edib. Ayvar Priedols, həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi vilayət Azərbaycanın iqtisadi uğurlarını öyrənməkdə maraqlı olmaqla yanaşı, həm də öz təcrübələrini bölüşmək niyyətindədir.

Tədbirin sonunda Qrobinya meriyasının önündə dalğalanan Azərbaycan və Latviya bayraqları fonunda xatirə şəkli çəkdirilib.

Qrobinyaya səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Qrobinya gimnaziyası, yerli çörəkbişirmə və süd-pendir məhsulları kombinatlarındakı iş prinsipi ilə tanış olub, həmçinin şəhərdəki idman mərkəzinə baxıblar.

 Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

https://azertag.az/xeber/Azerbaycanin_Kurdemir_rayonu_ile_Latviyanin_Qrobinya_seheri_arasinda_emekdasliq_protokolu_imzalanib-1253017?fbclid=IwAR20lh8G3A05DNks3UmBkeIWjjSncvMt-O4Cl1eBRdqf2l7U-sbbb4pQTbg

ŞƏRHLƏR