"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kimlər bələdiyyə üzvü seçilə bilməz? Bahadur Kərimov cavab verir

--2019-09-03 / 20:03

Qarşıdan bələdiyyə seçkiləri gəlir. Artıq beşinci dəfə keçiriləcək seçkilərə bu il ciddi şəkildə hazırlıq gedir. Bəs bu gün kimlər bələdiyyə üzvü seçilə bilər? Bu sualla tanınmış vəkil Bahadur Kərimova müraciət etdik.

- Diqqəti çəkən sualınıza görə təşəkkür edirəm. Qarşıdan gələn bələdiyyə seçkilərində mən də bələdiyyə üzvlüyünə namizəd olmaq istəyən vətəndaşlarımızın məlumatlandırılmasına ehtiyac olduğunu düşünürəm.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 212-ci maddəsində göstərilir ki, seçkilərdə iştirak etmək hüququna malik olan (seçki keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış) və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsinin 13.3-cü və 14-cü maddələrinə uyğun olaraq aşağıdakı şəxslərin bələdiyyə üzvü seçilmək hüququ yoxdur:

- məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər;

- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;

- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər (ağır və xüsusilə ağır cinayətə görə məhkum olunmuş şəxslər);

- ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);

- xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək);

- hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə);

- hakimlər (hakim olduqları müddətdə);

- dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə);

- din xadimləri (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə).

- Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi, səlahiyyətlərinə xitam verilməsi və səlahiyyətlərinin dayandırılması əsasları ilə bağlı nə deyə bilərsiniz. Bu məsələlər qanunvericilikdə necə tənzimlənir?

-   “Bələdiyyələrin statusu haqqında” Qanunun 21-ci maddəsinə əsasən Bələdiyyə üzvlərinin səlahiyyətləri aşağıdakı hallarda itirilmiş hesab edilir:

- barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

- Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;

- vəfat etdikdə;

- məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

Qanunun 22-ci maddəsinə uyğun olaraq bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir. Lakin aşağıdakı əsaslara görə bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər:

- bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;

- öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

- bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

- qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;

- altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;

- ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.

Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi qaydası Qanunun 23-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir.

Qanunun 21-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 5-ci bəndlərində və 22-ci maddəsinin 1-ci, 3-cü, 5-ci, 6-cı bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyənin qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir.

Qanunun 22-1-ci maddəsinə əsasən bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir.

Nəzərinizə çatdırım ki, həm bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi, həm də onların səlahiyyətlərinə xitam verilməsi məsələsi bələdiyyə iclasının qərarı ilə həll edilsə də, bələdiyyə üzvünün səlahiyyətlərinin dayandırılması bələdiyyə iclasının qərarından asılı deyil. Belə ki, bələdiyyə üzvlərinin səlahiyyətləri bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən bələdiyyə tərəfindən qərar qəbul edilənədək dayandırılır.

Belediyye.info

ŞƏRHLƏR