"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İsmayıllı bələdiyyəsi də hesabatını ictimailəşdirib

--2023-01-23 / 12:13

 (İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən 2022-ci il ərzində görülmüş işlər haqqında,o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında H E S A B A T)

 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən yerli əhəmiyyətli məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.

2022-ci ildə mədaxil faktiki olaraq cəmi 113159 manat olmuşdur. 

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi – 27947 manat

- Əmlak vergisi –   45117 manat

- Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün 

    ödənişlər –                   0 manat

Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn

   gəlirlər –             9879  manat

- Ticarət obyektlərindən torpaq icarə haqları    –4419   manat

- Əkin sahələrinə görə icarə haqqı                    –12693 manat

- Bələdiyyə əmlakının icarəsindən                    –2250   manat

Avtomobil dayanacaqlarından                        –2073   manat

Mehmanxana rüsumu                                     –350     manat

- Hüquqi şəxslərin maliyyə yardımı                  –7250   manat

-Digər gəlirlər                                                  –1181   manat

 Hesabat dövründə büdcə gəlirləri əvvəlki illə müqayisədə 16245 manat və ya 17% artmışdır. Müvafiq olaraq torpaq vergilərində 6051 manat, əmlak vergilərində isə 12940 manat artım olmuşdur. Eyni zamanda 2022-ci ildə əkin sahələrinə görə icarə haqlarının yığılması 6047 manat, bələdiyyə əmlakının icarəsindən daxil olan vəsait isə 450 manat artmışdır.

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi  114156 manat təşkil etmişdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

- Yerli özünüidarəetmə orqanlarının saxlanması   xərcləri –99003 manat

- Sosial müdafiə və sosial təminat xərcləri – 5358 manat

- Mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi  xərcləri – 2754 manat

-Mənzil kommunal təsərrüfatı, abadlıq xərcləri – 4896 manat

- digər xərclər (reyestr və kadastr xidmət xərcləri) – 2145 manat

Bildiyiniz kimi Azərbaycan Respublikası "Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilir. Vətəndaşların 01 yanvar   2022-ci il tarixə 368504 manat torpaq və əmlak vergi borcları olmasına baxmayaraq, hesabat ilində cəmi 73064 manat və ya 20 %-i həcmində vergi məbləği poçt şöbələri vasitəsilə hesabımıza ödənilmişdir.

 Hesabat ilində şəhər ərazisində mövcud 7347  vergi ödəyicisindən 4709 –na və ya 64 % - bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 195520 manat olmasına baxmayaraq,  2022-ci ildə cəmi  3680 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin  78%-ni təşkil edir.

Bundan əlavə Azərbaycan Respublikası vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla 2106 vergi ödəyisinə 63 min manatdan yuxarı güzəşt olunmuşdur.

2022-ci il ərzində 110 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcu  23135 manatdır. Bu orta hesabla hər vergi ödəyicisində 210 manat təşkil edir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vergiləri ödəmədiyinə görə 34 nəfərin sənədləri   Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı  rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

 Hesabat dövründə bələdiyyə üzvləri ilə 21 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 193 qərar qəbul edilmişdir.

Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinə göndərilmiş və vahid bələdiyyə portalında yerləşdirilmişdir. Eyni zamanda bütün protokollar bələdiyyənin veb saytı və “Facebook” səhifəsi vasitəsilə yayımlanmışdır.

Hesabat dövründə bələdiyyəyə 890 nəfər müraciət etmişdir ki, onların 259 nəfəri arayış və digər sənədlər almaq üçün, 265 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 366  vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

2022-ci ildə ölkəmizdə yerli özünüidarənin təkmilləşdirilməsi yönündə işlər davam etdirilərək bir sıra qanunlara dəyişiklik edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuşdur.

2022-ci ildə şəhər  üzrə 23,1 sot zəbt   olunmuş  həyətyanı   torpaq   sahəsi və 30 kvadratmetr sahibkarlıq məqsədli torpaq sahəsi özəlləşdirilmiş və bundan bələdiyyə büdcəsinə 9879 manat vəsait daxil edilmişdir.

   Maliyyə imkansızlığına baxmayaraq bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə tərəfimizdən şəhər ərazisində müəyyən işlər də görülmüşdür.

     -“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin rayon filialına köməklik məqsədilə 100 manat vəsait köçürülmüşdür.

     -Şəhərdə şəhid adı verilmiş küçələrin başlanğıcında şəhidin barelyefinin yerləşdirilməsi üçün divar tikilərək üzlük daşla işlənilmiş, işıqlandırma xətti çəkilmiş və ətrafı abadlaşdırılmışdır.

-I qrup əlilə verilmiş evdə əlilin əlil arabasında rahat hərəkət etməsi üçün pandus quraşdırılmışdır.

-Aprel ayında baş vermiş güclü külək nəticəsində ciddi zərər dəymiş bələdiyyəyə məxsus avtobus dayanacağı bərpa edilmiş, avtoyuma məntəqəsinin dam örtüyü yenidən qurulmuşdur.

-Şəhər qəbristanlıqlarında təmizlik –abadlıq işləri davam etdirilmişdir.

-Şəhər daxilində qrunt və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş arxlar 1050 metr hissədə təmizlənərək işlək vəziyyətə gətirilmişdir.

-Bayram və digər əlamətdar günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin bayramsayağı tərtibatı tərəfimizdən təmin olunmuşdur.

-Bələdiyyədə qeydiyyata alınmış vergi ödəyicilərinə standart formada şəhadətnamələr hazırlanmış və vergi ödəyicilərinə paylanılmışdır.

- Bələdiyyəyə ərizə ilə müraciət etmiş 23 nəfər imkansız şəhər sakininə 3560 manat məbləğində maddi yardım göstərilmişdir.

- Novruz və Qurban bayramı günlərində şəhərin bir qrup sakininə bayram sovqatı və qurban payı çatdırılmışdır.

- Bundan başqa imkansız ailələrə və şəhid ailələrinə də ərzaq yardımları göndərilmişdir.

   -Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şuşa İli” elan olunmuş 2022-ci ildə İsmayıllı şəhər məktəbləri arasında Sərəncamdan irəli gələn vəzifələrin icrasında göstərdiyi xüsusi fəallığa görə A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbi İsmayıllı bələdiyyəsinin Təşəkkürnaməsi və qiymətli hədiyyələri ilə təltif olunmuşdur.

Bələdiyyə 2022-ci ildə “İqtisadi İnkişafı dəstəkləyən bələdiyyə sədrləri” proqramı çərçivəsində keçirilən informasiya sessiyalarında iştirak edərək “Şəhər transformasiyası” istiqaməti üzrə 2 layihə ilə həmin proqrama qoşulmuşdur.

2022-ci il ərzində bələdiyyə tərəfindən bir şəhid ailəsinə 3 sot həyətyanı   məqsədli torpaq sahəsi verilmiş, 4 şəhid ailəsinə isə bu məqsədlə torpaq ayrılması üçün prosedura başlanılmışdır. Bundan başqa 6 nəfər Qarabağ Əlili və 2 nəfər Qarabağ müharibəsi veteranı üçün də torpaqayırma proseduruna başlanılmışdır.

Ötən ildə də bələdiyyənin gördüyü işlər haqqında məlumatlar “Bələdiyyə.info” saytı və “İsmayıllı xəbələri” qəzeti vasitəsilə ictimailəşdirilmişdir.

2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 7124 ev həyətyanı    sahəsi   ilə birlikdə,  2281  hektar   əkin,   120    hektar bağ   sahəsi,   291 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınaraq qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmişdir və bu iş durmadan davam etdirilir. Ümumilikdə isə 7415 vergitutma subyekti sistemə daxil edilmişdir.

İsmayıllı bələdiyyəsinin 01 yanvar 2023-ci il tarixə 35116 manat borcu vardır ki, bu  da əsasən sudan istifadəyə, sərf olunmuş yanacağa, qazdan istifadəyə, təmir-tikinti idarəsinə, Milli Assosiasiyaya üzvlük haqqı və s. ibarətdir.

       Hesabat ilində məhəllə komitələri də aparılan işlərdə bələdiyyəyə yaxından köməklik göstəriblər.   Belə ki, vergilərin ödənilməsi istiqamətində, ərazilərin təmiz saxlanılması, qanunsuz tikintilərin vaxtında qarşısının alınması və s. məsələlərdə əhalinin maarifləndirilməsini təmin edərək daima bələdiyyəni məlumatlandırmışlar. Bundan başqa vətəndaş cəmiyyətinin inkişafında və bələdiyyə vətəndaş vəhdətinin möhkəmlənməsində aktiv fəaliyyət göstərmişlər.

Fürsətdən istifadə edərək bütün şəhər sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər. Onu da bildiririk ki, bələdiyyə vergiləri müəyyən edilmiş müddətdə ödənilmədikdə Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1% miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Hesab edirik ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər sakinlərinin yaxından köməkliyi ilə biz 2023-cü ildə - “Heydər Əliyev” ilində daha yüksək nəticələrə nail olacaq, şəhərin sosial-iqtisadi inkişafında fəal iştirak edəcək və seçiciləri narahat edən problemlərin aradan qaldırılmasında var qüvvəmizlə çalışacağıq.

 (Hesabat bələdiyyə üzvlərinin “_18_” yanvar 2023-cü il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir).

 

 

ŞƏRHLƏR