"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İşə bərpa olunma haqqında məhkəmə qərarları bələdiyyələr tərəfindən necə icra olunmalidir?-SUAL VERİN CAVAB VERƏK

--2021-08-29 / 15:09

İşə bərpa olunma haqqında məhkəmə qərarları bələdiyyələr tərəfindən necə icra olunmalidir?

İlk olaraq bildirək ki, məhkəmə qərarları bütün dövlət strukturları, bələdiyyələr, dövlət və kommersiya müəssələri və vətəndaşlar tərəfindən mütləq qaydada icra olunmalıdır. Bələdiyyələr seçkili orqan olsalar da heç bir istisna təşkil etmir.

İşə bərpa ilə əlaqədar məhkəmənin qərarı qanuni qüvvəsinə mindikdən sonra məhkəmə icra vərəqini icra olunması üçün cavabdehin yerləşdiyi rayonun İcra şöbəsinə göndərir. Qüvvədə olan Azərbaycan Respublikasının "İcra haqqında" Qanuna əsasən məhkəmənin icra vərəqini almış icra məmuru icra sənədini qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və sözü gedən Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

Burada şəhr verərək bildirmək istəyirdik ki, işə bərpa olunma iddialarında eyni zamanda işçinin işə bərpa olunan günə kimi əmək haqqının verilməsi tələbi də qoyulur. Məhkəmə qərarlarında işə bərpa olunan işçinin bu müddət ərzində əmək haqqının ödənilməsi də öz əksini tapır. Odur ki. işə götürən adıçəkilən Qanunla müəyyən edilmiş on gün müddətində könüllü qaydada məhkəmə qərarını icra edərək işçini işə bərpa etməli və bu müddət ərzində işçiyə ödəniləcək əmək haqqını verməlidir.

Əgər işə götürən bələdiyyə tərəfindən bu müddət ərzində məhkəmə qərarı icra edilməzsə, onda " İcra haqqında" Qanunun 43-cü maddəsinə əsasən icra məmuru tərəfindən məcburi icra tədbirləri görüləcəkdir. Məcburi icra tədbirlərindən biri də borclu hüquqi şəxsin bank hesabına həbs qoyulmasıdır. Eyni zamanda, həmin Qanunun 78-ci maddəsinə əsasən İcra sənədi könüllü icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.

"İcra haqqında" Qanunun 84-cü maddəsində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə  qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulmuşdur.

Hazırladı: Əli Mahmudov

Hüquqşünas

 

 

ŞƏRHLƏR