"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İRƏVANIN TƏPƏBAŞI (KOND) MƏHƏLLƏSİ ÜMUMDÜNYA İRSİ KİMİ QORUNMALIDIR

--2022-08-08 / 13:53

"İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə araşdırmanın aparılması və nəticələrinin aradan qaldırılması istiqamətində təkliflərin hazırlanması təqdirəlayiqdir.

Bir tarixçi, bir mədəni irs mütəxəssisi kimi əminliklə deyə bilərəm ki, Qafqaz əzəldən türk yurdudur. Qafqazın müsəlman və qeyri-müsəlman mədəniyyətinin formalaşmasının, şəkillənməsinin əsas sərmayəçisi və ilhamvericisi elə oğuz və qıpçaq türkləri olmuşdur. Türklərin dinamizmi, hərəkətliliyi, varlılığı, dövlətliliyi onların Qafqazın hər yerində olmasına imkan yaratmışdır. Bu mənada müasir Ermənistan Respublikası ərazisi müsəlman və qeyri-müsəlman türklərin qədim yurdlarındandır və orada bu tezisin dərin tarixi qatları, dəlilləri vardır. Doğrudur, bu tezisin anlaşılması üçün yerüstü və sənədlərlə bağlı araşdırmalar tədqiqatçılarda müəyyən fikir yaradır. Lakin unudulmamalıdır ki, indiyə qədər Qafqazın oğuz və qıpçaq türk identikliyinin, özünəməxsusluğunun akademik səviyyədə araşdırılmaması həqiqətin doğru anlaşılmasına imkan verməmişdir.

Bu həqiqətdir ki, türklər ekzoqamlığa, kənar nikahlılığa üstünlük verdikləri üçün dünyanın hər yerində Rusiyada, Çində, Hindistanda, Misirdə, Avropada olduğu kimi qriqoryan qıpçaqlar və xristian uyğurların nümunəsində dil və din dəyişdirməyə loyal yanaşmış, meyilli olmuşlar. Məhz bu mənada türk maddi və mənəvi mədəni irsi dünyada geniş çevrələrə yayılmışdır. Türklərin qısa müddətdə konfederasiyalar qurmaq bacarığı onları dövlətçilik ənənələrini müsəlman və qeyri-müsəlman çevrələrə daşımağa da imkan vermişdir. Odur ki, Ümumdünya irsi adına Qafqazın türk identikliyi, onun yerüstü və yeraltı izləri dərindən araşdırılmalıdır. Azərbaycan Respublikası Qafqazın əsas aparıcı dövlətinə çevrilməklə digər dövlətlərə qəbul etsələr də, etməsələr də müsbət mənada sərmayə və ilham mənbəyi olmuşdur. Bilinməlidir ki, türklər heç vaxt həqiqətin öz adı ilə çağırılmasından çəkinməmişlər, əksinə onu təşviq etmişlər.

YUNESKO da daxil olmaqla ICOMOS, ICOM, WMF, EAA və s. kimi dünya irs qeyri-hökumət təşkilatları sülh naminə Qafqazın, xüsusilə onun son iki min ilinin tarixi həqiqətlərinin anlaşılması üçün akademik fəaliyyətləri dəstəkləməli, irsin sənədləşdirilməsi və qorunmasını təşviq etməlidir. Bu fəaliyyətlər gərək arxeoloji, antropoloji, etnoqrafik, epiqrafik, numizmatik, paleoqrafik baxımdan daha həssas və dəqiq şəkildə həyata keçirilsin, sənədləşdirilsin. İrəvan şəhəri haqqında sənədlər və mənbələr əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mənbəşünaslıq və tarixşünaslıq əsasında hazırlanan kitablar və onların müxtəlif dillərdə tərcüməsi bu işin bazasını təşkil etmişdir. Bununla yanaşı, görülmüş işin sona çatdırılması maddi irs dəlillərinin "in situ" əldə edilməsi, toplanması, təhlil edilməsi, təklif-tövsiyələrin hazırlanması və akademik nəşrlərin ortaya çıxması ilə mümkün olacaqdır.

İrəvan şəhəri Qafqazın ən önəmli paytaxt şəhərlərindən biri olmaqla əsası Azərbaycan türkləri tərəfindən qoyulmuşdur. İrəvan şəhəri həm Azərbaycan, həm Türkiyə türklərinin ortaq mirasıdır, öz maddi və mənəvi mədəni irsi ilə həm də ümumdünya mirasıdır. Bircə onu xatırlatmaq istərdim ki, Topqapı sarayının bir guşəsi məhz Rəvan köşkü adlanır. Qacar elementinə əsasən İrəvan şəhərinin mədəni irsinin ermənilər tərəfindən saxtalaşdırılması, farslaşdırılması cəhdləri yolverilməzdir və beynəlxalq cinayət təşəbbüsüdür. Məlumdur ki, qacarlar Azərbaycan türk obaları konfederasiyasının başında dayanan əsas obalardan biri olmuşdur. Hələ Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarix əsərində Qacar Axtaçının adını çəkməklə onun obasının formalaşması və Qafqazda idarəçiliyi haqqında məlumat vermişdir.

Artıq bu tədqiqatdan da göründüyü kimi İrəvan şəhərində bütün Azərbaycan yerüstü və yeraltı mədəni irs abidələri mütəxəssislər tərəfindən bilinir və lokalizə olunmaq imkanına malikdir. İrəvan şəhərinə və onun mədəni irsinə beynəlxalq konvensiyalar çərçivəsində yanaşılmalı, beynəlxalq təşkilatların faktaraşdırıcı missiyası bu irsin hazırki vəziyyətinin monitorinqini həyata keçirməlidir.

Bildirmək istəyirəm ki, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi özünün çoxsaylı peşəkar və akademik imkanları olan üzvləri ilə birlikdə İrəvan şəhərində monitorinq, araşdırma, qoruma və təbliğ məsələsində alternativ imkanlar təmin edə bilər. Dünya Abidələr Fondu hər iki ildən bir dünyanın təhlükə altında olan mədəni irs abidələrini müəyyənləşdirir. Əslində Təpəbaşı yaşayış massivinin təhlükə altında olması nəinki Azərbaycanın, eləcə də ümumdünya məsələsidir. Biz təklif edirik ki, elə indidən 2024-cü il nominasıyasına hazırlıq işləri görülsün və qədim Təpəbaşı məhəlləsi Azərbaycan və beynəlxalq QHT-lərlə birlikdə həmin nominasiyaya təqdim edilsin. Bu prosesə beynəlxalq tərəfdaşlarımızı da cəlb edə bilərik.

 

Fariz Xəlilli

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri,

tarix üzrə fəlsəfə doktoru

ŞƏRHLƏR