"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İqtisadiyyat Nazirliyinə: bələdiyyələrə mülkiyyətin verilməsi sürətləndirilsin

--2020-05-05 / 07:31

 Bu gün ölkə bələdiyyələrini narahat edən əsas problemlərdən biri kimi bələdiyyələrə mülkiyyətin - əmlak və torpaq fondunun bu günədək çıxarışla bütün rayonlar üzrə tam şəkildə verilməməsini hesab etmək olar.

Ulu öndər Heydər Əliyev hələ 1999-cu ilin dekabrın 7-də və 2000-ci il yanvarın 15-də imzaladığı fərmanlarla torpaqların və əmlakın bələdiyyələrə üç ay müddətində verilməsi məsələsini qoymuşdu. Ancaq bu sənədlərin icrası müvafiq mərkəzi icra strukturları tərəfindən hələ də tam başa çatdırılmayıb. Düzdür, müəyyən irəliləyişlər var. Ancaq bu istiqamətdə həlli vacib məsələlələr hələ də qalmaqdadır.

Bu gün ölkəmizdə formalaşan 1606 bələdiyyənin təxminən bu günədək cəmi 40 faizinə torpaq fondu çıxarışla verilib. Digər bələdiyyələr isə hələ də intizarla gozləməkdədirlər. Verilən əmlaklarda və torpaq sənədlərinin bir çoxunda isə ciddi yalnışlıqların, dolaşıqlığın olduğu deyilir.

Paytaxt Bakıda formalaşan 53 bələdiyyəyə mülkiyyətə nə əmlak və torpaq fondu verilib, nə hərrac keçirilib, nə də hərrac komissiyası yaradılıb. Səbəb isə şəhər kadastrının hazırlanmasının tam başa çatdırlmadığı göstərilir. Bu gün müəyyən hazırlıqlar həyata keçirilsə də, hələki məktublaşmalar və hazırlanan sənədlərdə düzəlişlər davam etməkdədir. Bu gün əhalisinin sayı 100 mini keçən Binə qəsəbəsinin xəritəsinin olmaması tək bələdiyyənin deyil, həm də digər strukturlarında işinə maneələr yaradır. Bunun problem olduğunu keçmiş komitənin də əməkdaşları da gözəl bilir. Belə olan halda sual olunur, proses nə vaxtadək uzanacaq. Bu problemlər Bakıdakı 53 bələdiyyənin hər birində bu və digər formada bu günədək qalmaqdadır.

Başqa bir məqam əmlakla bağlıdır. Təsəvvür edin ki, keçmiş “rayispolkomun” iki mərtəbəli binasının bir hissəsi bələdiyyəyə verilib, digər hissəsini komitə digər məqsədlər üçün saxlayıb. Sual olunur nəyə görə bina tam bələdiyyəyə verilməyib? Və ya rayon ərazilərindəki kənd və qəsəbələrdə keçmiş kolxoz və sovxozlara məxsus saysız hesabsız əmlak bu gün sahibini gözləyir, məgər onları bələdiyyənin balansına vermək olmazdımı?

Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, sonra isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bələdiyyələrə qarşı bu günədək atdığı addımları tam şəkildə məqbul saymaq olmaz. Bu gün etiraf etməliyik ki, ləğv edilmiş qurumların bələdiyyələrə olan münasibəti elə də qənaətbəxş olmamışdır. Bu məqamı bizim bu istiqamətdə apardığımız araşdırmalarda bir daha təsdiq edir.

Ümumiyyətlə diqqətiçəkən məqam ondadır ki, bir komitənin yerlərdə dörd ayrı-ayrı regional mərkəzinin olması təəssüf doğurur. Bu regional idarələr arasında əlaqələrin zəif olması, müəyyən məsələlərdə fikir ayrılığının olması ümumi prosesə mənfi təsir göstərir və nəticə də vətəndaşı komitədən yox, ilk olaraq məhz bələdiyyədən narazı salmış olur.

Bununla yanaşı çıxarışı olan bələdiyyədən torpaq satışı zamanı satışa çıxarılan torpağa görə yenidən ayrıca çıxarış alınması prosesi və bu proseslə bağlı əlavə olaraq rəsmi və qeyri-rəsmi rüsümların alınması bələdiyyənin büdcə gəlirlərinə mənfi mənada ciddi şəkildə təsir etmiş olur.

Digər bir məsələ isə hərrac komissiyalarının formalaşmasıyla bağlıdır. Belə ki, hər rayonda formalaşan hərrac komissiyalarına üzv seçimində bələdiyyələrə qarşı sanki ayri-seçkilik hiss edilməkdədir. Beş nəfərlik hərrac komissiyasının beş üzvündən hansı səbəbə görə, rayon bələdiyyələrini bir nəfər təmsil etməlidir. Bütün proseslər bələdiyyə üzərindən keçdiyi halda 50 bələdiyyəsi olan rayonda komissiyada niyə bir nəfər bələdiyyəni təmsil etməlidir? Məgər buna dəyişiklik etmək olmazmı?

Bu prosesdə bələdiyyə üzvlərinin də susqunluq nümayiş etdirməsi keçmiş komitə rəsmilərinə də rahatlıqla öz planlarını həyata keçirməsinə bir növ şərait yaratmış oldu.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın verilməsi məsələsinin həlli yekunlaşdırılmalıdır. Hər il bir bəhanə ilə məsələnin yubadılması indiki həssas məqamda nə bələdiyyələrin, nə də müavafiq icra orqanların xeyrinə işləmir.

Təklif edirik:

  1. Bələdiyyələrə mülkiyyətin–torpaq və əmlakın çıxarışla verilməsi başa çatdırılsın
  2. Bələdiyyələrin satışa çıxardığı torpaga yenidən çıxarış alması prosesi ləğv edilsin
  3. Hərrac komissiyasında bələdiyyənin təmsilçiliyi arıtırılsın
  4. Bakıda bələdiyyələyə pay şəklində dövlət əmlakının verilməsi məqsədəuygum hesab edilsin
  5. Əmlak amnistiyası həyata keçirilməsi üçün normativ-hüquqi bazanın hazırlanması yekunlaşsın və ümumən prosesə start verilsin

***

Sonda bir məqamı da əlavə edim ki, bu proseslər ölkə başçısını qərarından sonra İqtisadiyyat nazirliyinə həvalə edilib. Nazir Mikayıl Cabbarovun ölkə başçısı ilə son görüşlərində əmlak amnistiyası ilə bağlı qaldırılan məsələyə Prezidentin müsbət yanaşması məsələlərin tezliklə həll edilməsini zəruri edir.

Ümumiyyətlə, təklif edərdim ki, əmlak amnistiyasını mərkəzləşdirlmiş formada ASAN Xidmət mərkəzləri vasitəsiylə həyata keçirilsin.

Cənab Prezidentin təşəbbüsü ilə yaradılan və hazırda dünya brendinə çevrilən ASAN XİDMƏT-in əsas məqsədi də məhz vətəndaşlara tam şəffaf və operativ qaydada xidmət göstərməkdir.

***

İnanıram ki, hörmətli nazir Mikayıl Cabbarov bu yazıda qaldırılan məsələlərin həllini diqqətdən kənarda saxlamayacaq və ləğv edilmiş keçmiş komitələrdən qalan problemlərin həllini sürətləndirməklə bələdiyyələri “rahat nəfəs almasına” bir növ şərait yaratmış olacaqdır.

Qaldırılan məsələlərin həlli bələdiyyələrə büdcə gəlirlərinin artırılmasında, həmdə daha çevik və operativ fəaliyyətinə müsbət təsir edəcəyini də unutmaq olmaz.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birlyin sədri

 

ŞƏRHLƏR