"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İnformasiya müharibəsində ayıq-sayıqlıq

--2022-09-26 / 08:09

İnformasiya təhlükəsizliyi – informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun mühafizəli olmasıdır.

Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi dedikdə vətəndaşın, cəmiyyətin və dövlətin həyati vacib maraqlarının qorunduğu informasiya mühiti vəziyyəti dərk edilir. Öz növbəsində, cəmiyyətin informasiya mühiti – informasiya resurslarının formalaşması, yayılması, istifadə edilməsi sisteminin və ümumilikdə, informasiya infrastrukturunun məcmusudur.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın şanlı ordusu cənab Prezident İlham Əliyevin komandanlğı ilə işğal olunmuş torpaqlarımızı azad etdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsas vəzifəsi respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüşlərdə iştirak etməkdən ibarətdir. Amma unutmaq olmaz ki, qələbə yalnız müzəffər Azərbaycan əsgərinin mətin hücumları ilə qazanılmır. Qələbə xalqın birliyindən bəhrələnən bir çox amildən asılıdır. E.ə. V əsrdə yaşamış məşhur Çin strateqi Sun-Tzu deyirdi: “Savaş sənəti bir dövlət və millət üçün həyatidir. Ölüm və dirim arasında qalmaqdır. Ona görə də mütləq yaxşı bilinməli və yaxşı gerçəkləşdirilməlidir. Heç bir səbəb onun yaxşı hazırlanmamasına, yaxşı gerçəkləşdirilməməsinə bəhanə və bəraət ola bilməz”.

Beynəlxalq səviyyədə öz mövqelərini getdikcə itirən, daxili çəkişmələr nəticəsində getdikcə dərinləşən siyasi böhran fonunda özünü daha dərindən büruzə verən ümidsizlik mühitində yaşayan Ermənistanın populist şüarlarla silahlanmış, idarəçilik səriştəsi olmayan hərbi-siyasi rəhbərliyi, qeyd olunan şəraitdən vətəndaşlarının fikrini yayındırmaq üçün son aylar ərzində cəbhə bölgəsində ardıcıl təxribatlara yol verdi, dinc əhalini, yaşayış məntəqələrini atəşə tutdu. Baş verən düşmən təxribatlarına qarşı Azərbaycan Ordusunun layiqli cavabı bizi ruhlandırmaqla bərabər, daim ayıq-sayıq olmağımızı, xüsusilə də hadisələrin sürətli inkişafı zamanı yayılan informasiyalara çevik reaksiya verməyimizi tələb edir.

Dünyada getdikcə qloballaşan və dərinləşən beynəlxalq münasibətlərin kəskinləşməsi, böhran və münaqişələrin dərinləşməsi, yeni-yeni müharibə ocaqlarının yaranması, mövcud vəziyyətdə hər bir dövlətin öz informasiya məkanına nəzarəti daha da gücləndirməli olduğunu, informasiya resurslarının ciddi mühafizəsi uğrunda mübarizədə sayıqlığını itirməməyi dövlətin başlıca vəzifələrindən biri kimi qəbul edilir. Dövlətlər əsas məqsədlərini həyata keçirmək, siyasi, iqtisadi və hərbi sahələrdə müvəffəqiyyət əldə etmək üçün vacib olan informasiyanı əldə etmək uğrunda gizli və açıq şəkildə intensiv mübarizədə və yarışmadadırlar. Əks tərəfin informasiya resurslarını ələ keçirən dövlət üçün bu resurslar və onlardan əldə edilən bilik öz gücünü artırmaq, bütün sahələrdə rəqibdən üstün olmaq, gələcəkdə onun istənilən sahədə hücumlarını dəf etmək, eyni zamanda, öz maddi-mənəvi dəyərlərini qorumaq üçün bir vasitədir. Odur ki, informasiya xammal ehtiyatı, enerji daşıyıcıları, faydalı qazıntılar və s. kimi milli strateji resurs olmaqla, dövlətçiliyin əvəzedilməz və əsas sərvətlərindən biri hesab olunmalıdır.

Texnologiyaların inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab olunur. Bu səbəbdən, son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbi sahədə “informasiya əməliyyatı” və “informasiya müharibəsi” terminləri geniş istifadə edilməkdədir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə deməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində əsas üstünlük informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaqdır.

Dünya siyasi arenasında baş vermiş dəyişikliklər, Azərbaycanın müstəqil dövlət kimi proqressiv fəaliyyətinə, digər maraqlı dövlətlərdən asılı olmadan yüksələn xətlə inkişafına qarşı yaradılan süni problemlər, o cümlədən ərazi bütövlüyünün pozulması  respublikamızın beynəlxalq və daxili siyasətinə bir çox digər dövlətə nisbətən daha artıq dərəcədə təsir göstərmiş,  milli təhlükəsizlik problemlərinə yanaşmada köklü surətdə dəyişikliklərin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi zərurətini yaratmışdır.

Bu konteksdə Ermənistanın törətdiyi 12-13 sentyabr təxribatlarından sonra həm xarici, həm də daxili auditoriyada növbəti dəfə informasiya təxribatları baş verirdi. Xüsusilə iki istiqamətdə qərəzli xəbərlər sosial şəbəkələr və xaricdən idarə olunan bəzi saytlar vasitəsilə cəmiyyətə ötürülür, bunun üzərində “fırtına qoparmağa” cəhdlər edilirdi: Birincisi o idi ki, ermənilərin və onların havadarlarının “Ermənistan ərazisinə təcavüz olub” iddiasına fokuslanaraq, “bizə o ərazilər lazım idimi, bu döyüşlər niyə oldu” sualı ilə ictimaiyyəti çaşdırmağa çalışırdılar.

İkincisi, bəziləri belə iddialar ortaya atmışdılar ki, guya Laçın şəhəri yenidən sülhməramlıların nəzarətinə qaytarılıb, Laçın dəhlizinə alternativ - yeni inşa edilən yoldan istifadə gələn ilin yazında istifadə edilməyə başlayacaq. Belə söhbətlər ortaya atılmışdı ki, “Laçın şəhəri ilə mübahisə qalmaqdadır, ora nəzarət yenə bizdə deyil” və s.
Sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan Ali Baş Komandan cənab İlham Əliyevin bu addımı cəmiyyətimizdə çaşqınlıq yaratmaq istəyənlərə bir şapalaq oldu.

Ali Baş Komandan Laçın şəhərində bayrağımızı ucaltdıqdan sonra şəhəri gəzdi, xəritələr üzrə müşahidələr apardı, görüləcək işlər barədə tapşırıq və tövsiyələr verdi.
Laçın şəhərində tikinti bərpa işlərinə dair sərəncamlar imzaladı, vəsaitlər ayırdı.
         Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 26 sentyabr 2012-ci il tarixli Fərmanı mühüm əhəmiyyət daşıyır. Həmin fərman ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Bunun üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmış, uyğun hökumət strukturlarına fərmandan irəli gələn vəzifələrin icrası həvalə edilmişdir. Faktiki olaraq, qeyd olunan sənədi Azərbaycan Respublikasının İnformasiya təhlükəsizliyi doktrinası kimi qiymətləndirmək olar.

Müasir elmi-texniki inqilab informasiya mübarizəsində əsl çevriliş yaratmış, köklü dəyişikliklərin yaranmasına gətirib çıxarmış, psixoloji əməliyyatlar daha fəal və qlobal xarakter almış, radioelektron mübarizə daha da inkişaf etmiş, yeni informasiya texnologiyalarının tətbiqi sürətlənmiş, onun nəticələri daha nəzərəçarpan olmuşdur.

İnformasiya müharibəsi informasiya üstünlüyünün əldə edilməsi məqsədilə, özünün informasiyaya əsaslanan proseslərinin, şəxsi informasiya sistemlərinin və kompyuter şəbəkələrinin informasiya təhlükəsizliyini təmin etmək şərtilə, düşmənin informasiyaya əsaslanan proseslərə, informasiya sistemləri və kompyuter şəbəkələrinə təsir etməkdir.

İnformasiya müharibəsinin iki istiqamətini fərqləndirmək lazımdır: texniki – məlumat istiqamətli və psixoloji – məlumat istiqamətli.

İnformasiya-texniki təsir – müxtəlif növ informasiya sistemlərinə telekommunikasiya vasitələrinə, kompyuter şəbəkələrinə qarşı radioelektron mübarizə, həmçinin, radioelektron kəşfiyyat, haker müharibələri və s. nəzərdə tutulur. Texniki obyektlər kimi, ilk növbədə, hərbi əlaqələndirmə və idarəetmə sistemləri, paralel olaraq düşmən dövlətin maliyyə-iqtisadi fəaliyyətli, dövlət orqanlarının rəsmi səhifələri və s. hədəfə alına bilər.

İnformasiya-psixoloji təsir – siyasi elita və əhalinin psixoloji durumuna, davranışına, cəmiyyətin informasiya-psixoloji mühitinin inkişafına, funksionallığına birbaşa təsir göstərən xüsusi informasiyanın məqsədəuyğun istehsalı və yayılmasıdır. Təbliğat “beyinlərin yuyulması” və psixoloji təsir informasiya-psixoloji təsirin növləridir. İnformasiya-psixoloji təsirin effektliyi, ilk növbədə, məqsəd və hədəflərin düzgün təyinindən, ona müvafiq səmərəli üsulun seçilməsindən asılıdır. İnformasiya-psixoloji müharibə zamanı birinci yerdə ictimai fikrin formalaşdırılması prosesi dayanır.

İnformasiya müharibəsi zamanı psixoloji təsir vasitələrindən istifadə bir tərəfdən mövcud informasiya sistemini dağıtmağa, digər tərəfdən isə onu başqa informasiya-kommunikasiya sistemi ilə əvəz etməyə imkan verir. Bununla da cəmiyyətin maraqları qarşı tərəfin maraqlarına tabe etdirilir. Bir çox insan hələ də müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən gələn, əsasən də siyasi məqsədlərə xidmət edən gizli informasiya-psixoloji təhlükələri tam anlamır, onlara laqeyd yanaşır.

Beləliklə, hər bir Azərbaycan vətəndaşı və ya dünya azərbaycanlısı ölkəmizin maraqları naminə informasiya təhlükəsizliyinə çox həssas yanaşmalıdır.

 Asəf Əkbərov

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Bərdə regional ədliyyə idarəsinin

məsləhətçisi

ŞƏRHLƏR