"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

İmişli bələdiyyələrinə dotasiyanın ayrılması niyə ləngidilir?

--2021-09-24 / 14:38

On gündür ki, İmişli bələdiyyələrindən ard-arda Belediyye.infonun poçtuna rayon bələdiyyələrinə ayrılan dotasiyanın ləngidilməsiylə bağlı məlumatlar daxil olmaqdadır. Müraciətləri nəzərə alıb müvafiq olaraq Maliyyə Nazirliyinin 18 saylı Beyləqan Regional Xəzinədarlıq idarəsinin rəis müavini Bəhruz müəllimə telefonla müraciət etdik.

Etiraf edim ki, telefon söhbətindən razı qaldım. Çünki rəis müavini bələdiyyələrin təqdim etdiyi hansısa sənədin yerində olmaması əsas səbəb kimi gətirsə də, bu həftənin birinci günü rəis işə çıxan kimi məsələyə aydınlıq gətiriləcəyini və tezliklə həll ediləcəyini bildirdi. Söhbətim ötən həftənin bu günündə olmuşdu. Əlavə edim ki, İmişli rayonunda 29 bələdiyyə formalaşdırılıb. Dotasiyanın 29 bələdiyyədən yalnız ikisinə köçürüldüyü deyilir. Maraqlıdır, niyə bəs ikisinə?

Bu gün həftənin beşinci günüdür. Təəssüf ki, beş iş günü ərzində problem çözülməmiş qalıb. Heç bir hərəkət belə edilməyib. Bələdiyyə təmsilçilərinin zənglərinə cavab verilməməsi də təəssüf doğurur.

Deməliyəm ki, dövlət məmurunun əsas vəzifəsi ona edilən müraciətləri dinləmək və həlli istiqamətində addımlar atmaqdır. Yəni vətəndaş məmnunluğunun təmin edilməsi hər kəsin bilavasitə borcudur. Əgər dövlət büdcəsində bu ayırmalar nəzərdə tutulubsa, demək proses müzakirəsiz icra edilməlidir. Və hansısa sənəd belə çatmrısa o da vaxtında xəbərdar edilməli və icrası təmin edilməlidir. Bu gün birbaşa canlı əlaqələrin olmasına heç kəs maraqlı olmamalıdır. Bu həm də sərt karantin rejiminin tələbi, həm də şəffaflığın təmin edilməsi üçün bir şərtdir. Dövlətin bu dotasiyanı ayırmaqda məqsədi bələdiyyələrin hansısa bir probleminin həllinə dəstək verməkdir. Bəzi vətəndaşlarımızın yerli vergiləri vaxtında ödəməməsi və etinasız şəkildə ödəməkdən imtina etməsi nəticəsində bir çox bələdiyyələr nə əməkhaqqı ala bilir, nə dəki hər hansı sosial layihə icra edə bilir. Dövlətdə dotasiyanı məhz bu gərginliyi aradan qaldırmaq məqsədiylə ödəyir.

Onu da əlavə edim ki, əgər bələdiyyə dotasiya ilə bağlı bütün sənədləri müvafiq quruma təqdim edibsə, hətta əlavə və düzəlişləri də edibsə, bu gün bütün proseslərin onlayn şəkildə icra edildiyi bir vaxtda sədrlərin yenidən xəzinədarlığa dəvət edilməsinin nə lüzumu var. Əgər dəvət "məcburi"dirsə demək bu artıq başqa niyyətədir.

Maraqlıdır, Maliyyə Nazirliyinin 18 saylı Beyləqan Regional Xəzinədarlıq idarəsinin rəisi, hörmətli Zaur Aslanov bu barədə nə düşünür? Rəisin bununla bağlı fikirlərini və cavablarını bilmək maraqlı olardı.

Hər halda biz dedik, qalır Maliyyə Nazirliyinin müvafiq qurum əməkdaşlarının bu məsələnin həllinə reaksiya verməsi.

Sonda bir subyektiv fikrimi də bidlirməyi özümə borc bilirəm. Uzun illərdən bəri bələdiyyə sahəsinin inkişafı və problemlərinin həlliylə məşğul olduğumdan bələdiyyələrə dotasiyanın verilməsinin tərəfdarı deyiləm. Dotasiya əvəzinə bələdiyyələrə ayrılan subvensiyanın həcminin xeyli artırmağın tərəfdarıyam. Ancaq subvensiyanın verilməsində də belə ləngimələr olsa....

Bu isə artıq başqa bir mövzunun yazısıdır....

P.S. Məsələ ilə bağlı bütün tərəflərin fikirlərini dinləməyə və Belediyye.info resursunda yerləşdirməyə hazırıq.

Vüqar Tofiqli

Belediyye.info

ŞƏRHLƏR