"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hümbət Hüseynov: “Bələdiyyə institutunun yaradılmasının 20 illiyi ilə əlaqədar “Bələdiyyə - 20 il” layihəsi çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”

--2019-08-03 / 09:22

M.Ə.Rəsulzadə bələdiyyəsi hesabat verdi

Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsində 2019-cu ilin 6 aylıq fəaliyyətinə dair sakinlərlə hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.

M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 2019-cu ilin 6 ayı ərzində qəsəbədə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Bələdiyyə sədri bildirib ki, hesabat dövrü ərzində bələdiyyənin maliyyə imkanları daxilində bir sıra təmir-tikinti, abadlıq və təmizlik işləri görülüb, eyni zamanda bir sıra sosial layihələr həyata keçirilib. Ötən müddət ərzində bələdiyyəyə vətəndaşlardan, ümumilikdə 197 müraciət (2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 87 vahid çox) daxil olub. Vətəndaş müraciətlərindən 178-i ərizə (2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 vahid çox) və 19-u şikayət (2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 vahid çox) olub.

Hümbət Hüseynov bildirib ki, qəbula gələn vətəndaşların bələdiyyə sədri, sədr müavinləri və daimi komissiya sədrləri tərəfindən qəbul edilməsi həftəlik qəbul qrafiki üzrə müəyyənləşdirilsə də, vətəndaşlar hər gün qəbul olunur. Beləliklə, M.Ə.Rəsulzadə bələdiyyəsində 2019-cu ilin 6 ayında 823 vətəndaş qəbul edilib. Qəbulun 196-sı bələdiyyə sədri tərəfindən həyata keçirilib. Qaldırılan məsələlərin həlli istiqamətində mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq köməklik göstərilib, zərurət olduqda vətəndaşların iştirakı ilə yerində araşdırmalar aparılıb, müraciətlər əsassız olduqda, bununla bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilib. Hesabat dövründə M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvlərin iştirakı ilə 8 iclası keçirilib, baxılan məsələlərə dair 22 qərar qəbul edilib.

Bələdiyyənin gəlir və xərc ləri məsələsinə toxunan bələdiyyə sədri bildirib ki, 2019-cu ilin birinci yarımilində proqnozlaşdırılmış 399000 manat gəlirə qarşı büdcə 87,1 % yerinə yetirilib. Hümbət Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən, əməkdaşların sosial rifahının yaxşılaşdırılması məqsədilə bələdiyyə aparatında əmək haqqı fondu artırılaraq, iyul ayından minimum əmək haqqı 250 manata çatdırılıb.

Qarşıda görüləcək işlərdən bəhs edən bələdiyyə sədri onu da qeyd edib ki, 2019-cu ilin bələdiyyələr üçün seçki ilidir. Eyni zamanda, bu il Azərbaycanda yerliözünü idarəetmənin 20 yaşı tamam olur. Elə 20 illik fəaliyyətin hesabatı da növbəti V çağırış bələdiyyə seçkilərində özünü göstərəcəkdir. Hümbət Hüseynovun sözlərinə görə, bələdiyyə institutunun yaradılmasının 20 illiyi ilə əlaqədar “Bələdiyyə - 20 il” layihəsi çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində müxtəlif aksiyaların, müsabiqələrin, idman yarışlarının, həmçinin “20 ilin ən əhəmiyyətli layihəsi” kampaniyasının keçirilməsi planlaşdırılıb. Bunu həm də 20 illiyin hesabatı da adlandırmaq olar.

Belediyye.info

ŞƏRHLƏR