"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Heydər Əliyev və yerli özünüidarəetmə sistemi

--2019-06-21 / 20:40

Dünyada adlarını əbədi olaraq öz xalqının, vətəninin tarixinə qızıl hərflərlə yazmış dövlət başçılarından söz düşərkən ilk sıralarda görkəmli dövlət xadimi, böyük azərbaycanlı Ulu öndər Heydər Əliyevin də adı çəkilir. Zaman keçdikcə, Heydər Əliyev ucalığı, Heydər Əliyev böyüklüyü bizə daha aydın görünür. 
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində bizi bir çox bəlalardan məharətlə keçirmiş və uğurla gələcəyə apara bilmişdir. Ümummilli lider harada işləməsindən asılı olmayaraq, hansı vəzifə sahibi olmasına baxmayaraq, hər yerdə özünü əsil azərbaycanlı kimi göstərmişdir.
1990-1993-cü illər hər kəsin yaxşı yadındadır. 1992-ci ildə hakimiyyətdə olanlar öz çıxışlarında müstəqil dövlətdən, onu möhkəmləndirmək və qorumaqdan danışsalar da, əməldə sözlərini hər an pozurdular. 
Azərbaycan xalqı uzun illərdən sonra yenidən öz müstəqilliyinə qovuşmuşdur, lakin parçalanma, müstəmləkə təhlükəsi hələ də davam edirdi. Ölkədə baş verən hadisələr bu təhlükəni daha da artırırdı. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhd hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. 
Bir-biri ilə tamamilə fərqli iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmiş Ümummilli lider milli ideyanın – azərbaycançılığın müasir mərhələdə təməllərini də qoymuşdur. Ümummilli lider xüsusi olaraq vurğulayırdı: “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur” .
Milli ideyanı – azərbaycançılığı ön plana çəkən Heydər Əliyev siyasi sabitliyi təmin etməklə yanaşı, ölkədə demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı. Heydər Əliyev güclü dövlət konsepsiyasını Azərbaycanda reallaşdırmaqla nə qədər uzaqgörən dövlət xadimi olduğunu sübut etdi. Bütün sahələrdə islahatlara başlayan ümummilli lider qısa zamanda ölkədə dövlətçilik ideyalarının bərqərar olmasına nail oldu.
1991-ci ildən etibarən öz müstəqilliyini bərpa etməsinə, SSRİ-nin tərkibindən ayrılmasına baxmayaraq bütün sahələrdə, o cümlədən idarəetmə sahəsində və milli qanunvericiliyin formalaşması istiqamətində işlərin aparılması Ulu öndər Heydər Əliyevin gəlişindən sonra başladı. Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı və konstitutsiya layihəsi 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. Həmin ilin noyabr ayının 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu, bununla da ölkəmizdə milli qanunvericiliyin və dövlət idarəetmə orqanları sisteminin yenidən təşkili dövrü başladı.
Daima Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasına çalışan Ulu öndər Heydər Əliyev ölkənin ali qanununa bələdiyyələrin təşkilinin ümumi prinsiplərini təsbit edən ayrıca fəsil əlavə etməklə dövlət idarəetməsinə yeni anlayış gətirdi. 
Azərbaycan Respublikasında yeni mexanizm olan bələdiyyələrin təşkil olunması və seçkilərin keçirilməsi üçün bələdiyyələr haqqında, bələdiyyələrə seçkilər haqqında, bələdiyyələrin səlahiyyətləri və vəzifələri haqqında bir neçə qanunlar qəbul olundu. Bələdiyyələrə seçkilərin keçirilməsi üçün lazimi işlər görüldükdən sonra 12 dekabr 1999-cu il tarixinə ilk seçkilər təyin olundu. 
O dövrdə ölkəmiz Avropa Şurasına üzv qəbul olunmağın astanasında idi, bu səbədən də keçiriləcək bələdiyyə seçkiləri beynəlxalq təşkilatlar üçün daha da maraqlı idi. Ulu öndər Heydər Əliyev seçki öncəsində bu prosesi izləmək üçün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini, Yerli və Regional hakimiyyətlər Konqresinin nümayəndə heyətini qəbul etmiş, onlarla müzakirələr aparmışdı.
Təcrübəli dövlət qurucusu, Ulu öndər Heydər Əliyevin ilk bələdiyyə seçkiləri öncəsi xalqa müraciəti zamanı söylədiyi “Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Əgər bələdiyyə seçkiləri uğurla keçirilsə, əgər bələdiyyələrə həqiqətən, hər bir bölgədə fəaliyyət göstərib xalqa xidmət etmək arzusunda olan insanlar seçilsə və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza yaxşı xidmət göstərə bilsə, təbiidir ki, bu, bizim ölkəmizin inkişafında çox böyük rol oynayacaq və dövlətin qarşısında duran vəzifələrin bir qismini bələdiyyələr öz üzərinə götürəcəkdir.” kəlmələri bələdiyyələrə olan inamın böyük göstəricisi idi. 
12 dekabr 1999-cu il tarixdə ölkədə keçirilən ilk bələdiyyə seçkilərində 22 min nəfərdən artıq bələdiyyə üzvü seçilmiş və 2667 yerli özünüidarəetmə orqanı təşkil olunmuşdur. 
Növbəti, 2004-cü il dekabrın 17-də ikinci bələdiyyə seçkiləri keçirilməklə yerli özünüidarəetmə orqanlarının inkişafının yeni mərhələsi başlamışdır. Həmin seçkilərdə 2731 bələdiyəyə 20356 bələdiyyə üzvü seçilmişdir. 
Ölkəmizdə 2009-cu il dekabrın 23-də bələdiyyələrə keçirilmiş III seçki də mühüm siyasi tədbir kimi, böyük önəm daşımışdır. Azad, demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilər nəticəsində 15591 nəfər bələdiyyə üzvü seçilmişdir. Seçilmiş bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil etmişdir. Bu seçkilər seçilmiş bələdiyyə üzvləri sırasında qadınların və gənclərin xüsusi çəkisinin əvvəlki seçkilərdən fərqli olaraq xeyli artması ilə əlamətdar olmuşdur. Belə ki, qadınların sayı 4243 nəfər, gənclərin sayı isə 4000 nəfərdən çox olmuşdur. 
2014-cü ildə birləşmədən əvvəl 1717 bələdiyyə mövcud idi. 30 may 2014-cü il tarixdə qəbul edilən “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunla 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaradılmış, 110 bələdiyyə isə ləğv edilmişdir. Hazırda 1607 bələdiyyəyə üzrə 15035 bələdiyyə üzvü fəaliyyət göstərir. 
2003-cü ildən Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan, “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasətini davam etdirilməyi Azərbaycan xalqına söz verən, bu siyasətə sadiq qalacağını, heç vaxt bu yoldan dönməyəcəyini” söyləyən cənab İlham Əliyev son on altı ildə uğurlu addımları ilə hər vədini əməli işi ilə təsdiqləyir. Artıq bu gün yeni-yeni hədəflərə doğru irəliləyən Azərbaycan möhkəm təmələ əsaslanan siyasətin uğurlarını yaşayır.
Ölkəmizdə yerli özünüidarəetmə institunun inkişafı da ölkə başçısının prioritetləri sırasındadır. Tez - tez qanunvericilik bazasının təkmilləşdirilməsi üçün edilən dəyişikliklər, hətta son referendumun nəticəsi olaraq konstitusiyamıza əlavə olunan 6 yeni maddədən birinin bələdiyyələrlə bağlı olması dövlət qayğısının bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini sözsüz ki, bir yazı çərçivəsində əhatə etmək mümkün deyil. Təcrübəli dövlət qurucusunun xidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir yazıda ümumi fikir budur ki, Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu da onu təsdiqləyir ki, Heydər Əliyev irsi daima öyrənilməsi və gələcək nəsillərə çatdırılması vacib olan bir məktəbdir. 
O, hər zaman azərbaycanlı olmağı ilə fəxr edirdi. Biz isə onun azərbaycanlı olmağı ilə fəxr edirik, çünki biz Heydər Əliyev kimi müdrik öndərə sahibik. 
Bu il bələdiyyə institunun yaranmasının 20 ili tamam olur. Bu illər ərzində bələdiyyələrin fəaliyyətində həm qüsurlar, həm də uğurları olubdur. Qüsurlarımızdan dərs alıb, uğrlarımızdan daha da həvəslənərək üzərimizə düşən məsuliyyəti anlayıb bizə olan inamı doğrultmalıyıq. 

Eldar Mirzəliyev
Qaraçuxur Bələdiyyəsinin üzvü,
Yerli və Beynəlxalq Əlaqələrin Qurulması Daimi Komissiyasının sədri

http://palitranews.az/news.php?id=108301&fbclid=IwAR3bpks2_8k6f6ualbU_R098c15HfUBNsz7sRetS2w9B3lQXl-jL92GM_nA#.XQ0DrWYePMk.facebook

ŞƏRHLƏR