"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həbslər, icra başçıları və bələdiyyələr

--2020-04-29 / 19:00

Daha bir icra başçısının həbs xəbəri yayıldı. Bu son altı ayda həbs edilən sayca dördüncü icra başçısıdır. Bundan bir neçə gün əvvəl isə bir rayonun icra başçısının şəhər üzrə nümayəndəsi həbs edildi. Hər halda olduqca düşündürücü hadisədir. Ölkə başçısı, xüsusən son çıxışlarında ciddi məqamlara toxunur, sərt addımlar atacağını bəyan edir, yerlərdəki məmurlar isə “əvvəlki hallarına” qayıda bilmirlər.

Nəticədə Prezident sərt addım atmaga məcbur olur. Onlara dərs verir, onların hərəkətinin hətta əcdadları üçün utancverici olduğunu dəfələrlə deyir. Cızığından çıxanlar həbs edillir, vəzifədəki oğlanları, qohum-əqrabaları vəzifəyə necə gəlmişdilərsə eləcə də tərk edirlər və bununla da ümumən həbs edilən icra başçısının nəslinin “fis”ı yatmış olur.

Bu həbslər ümumilikdə yerli icra strukturlarına azalmaqda olan inamı bir xeyli mənfi mənada təsir etmiş oldu. Demək bu strukturun həqiqətən yenilənməsinə ciddi şəkildə zəruriət yaranıb. Biz bununla bağlı dəfələrlə təkliflər irəli sürmüşük. Ən əsas təklifimiz isə istər Bakı şəhərində, istərsə də rayonlarda böyük şəhər bələdiyyələrinin təsis edilməsini gündəmə gətirmək olub.

Deməliyik ki, istər kommunal xidmətlərin, istərsə də yerli icra strukturlarının saxlanmasına dövlət büdcəsindən kifayət qədər yüksək maliyyə vəsaiti ayrılır. İndki vaxtda bu qədər vəsaitin ayrılmasına nə zəruriət var. Ümumiyyətlə buna zəruriət varmı?

Düşünürəm ki, bununla bağlı dünya təcrübəsindən yararlanmağın vaxtıdır. Ən əsası isə büdcə vəsaitlərinə bir tərəfdən qənaət etmiş oluruq, digər tərəfdən vətəndaşın üzərinə məsuliyyət yükü qoymaqla görülən işlərin keyfiyyətini artırmış oluruq, sonda sakinləri narahat edən problem öz həllini tapır, nəticədə sakinlərin ölkə başçısının yürütdüyü siyasətə etibarı və inamı daha da yüksəlmiş olur. Tanınmış siyasətçilərin də son günlər səsləndirdiyi fikirlərdən prosesin həqiqətən yuxarıda irəli sürülən istiqamətə gedəcəyindən xəbər verir, yəni indiki halda ciddi islahatların aparılacağı daha inandırıcı görünür...    

Mənə həmçinin həbs edilənlərin tərcümyi-halındakı Ali təhsili necə almaları ilə bağlı məqam çox maraqlı gəldi. Bu kadrları təqdimata hazırlayanlar nədən bu məqamı gözdən qaçırıblar, ya gözdən qacırmaq məcburiyyətində qalıblar. Hər hansı təcrübəyə sahib olmayan necə icra başçısı kimi məsuliyyətli bir vəzifəyə təqdim edilir, maraqlıdır həqiqətən.

Fikrimcə, məmur təyinatında əsas meyar təhsilə, təcrübəyə və dünyagörüşə verilməli idi. Bu seçimdə və kadr bazasına əlavə edilən siyahıya “alim”, idmançı, ticarətçi, ya da əməkdar məşçiyə yox, ilk olaraq idarəcilik təcrübəsi olana diqqət yetirilməli idi. Təhsili, təcrübəsi və dünyagörüşü olan şəxsin elə dövlətinə sədaqəti də olacaqdır. Yəqin ki, bu seçimi edənlərdə həbslərdən nəticə çıxaracaqlar.

Hər halda yerlərdə hakimiyyətin bələdiyyələrə verilmə zamanı yaxınlaşır. İcra strukturlarına gəldikdə isə Türkiyə variantı bizə daha məqbul sayıla bilər. Regional idarəetmə mexanizmini tətbiq etməklə, əsas diqqəti qanunların icra prosesinə nəzarətə yönəltmək olar.

Bundan sonra təyinat alanlar da isə əsas prinsip yuxarıda səsləndirilən məqamlara verilərsə, düşünrəm ki, ölkə başçısının narahatlığına da son qoyulmuş olar.

Bu gün hər kəs, içi özüm qarışıq dövlət başçısının apardığı siyasəti yüzdəyüz dəstəkləyir. Bu kimi utancverici hallar aparılan siyasətə xələl gətirə bilməz. Sadəcə hər birimizin bu siyasəti layiqincə dəstəkləməmiz və bu həbslərdən nəticə çıxarmamız lazımdır.

Vüqar Tofiqli

P.S. Xaqlın malına göz dikən, sözünü tutmayan və tamahı artıq olan məmurlara isə Allahdan bir ucuz ölüm arzu edirəm...

ŞƏRHLƏR