"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hacı Rəhim Əfəndinin 115 yaşlı məktəbi

--2018-12-01 / 20:18

Göyçay rayonunun Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Bu barədə məlumatı “Göyçay” rayon qəzeti noyabr sayında məlumat yayıb.

***

Əlavə edək ki, məktəbin əsası 1903-cü ildə Şirvan bölgəsində xeyriyyəçiliyi və maarifpərvərliyi ilə tanınan Hacı Rəhim Əfəndi tərəfindən qoyulub.

Qeyd edək ki, Qaraman kəndində uşaqların təhsilə yüksək marağını nəzərə alan Hacı Rəhim Əfəndi 1903-cü ilin aprelində Bakı Quberniyasına və Dağıstan məktəbliləri direktorluğuna müraciət edib.

Məhz həmin məktubda Qaraman kəndində ibtidai məktəbin açılması xahiş edilirdi.

Hacı Rəhim Əfəndinin bu müraciətinə 1903-cü ilin iyun ayında müsbət cavab verilir.

Kənd ağsaqqalarının, ziyalılarının, qonşu kənd sakinlərinin və müəllimlərinin iştirakıyla 1903-cü ilin payızında məktəbin təntənəli açılışı olur.

Bu həmin illərdə Göyçay Qəzasında fəaliyyətə başlayan üçüncü ibtidai məktəb olur.

***

Tədbirdən əvvəl məktəbə baxış keçirilmiş, məzunlar məktəblə bağlı xoş xatirələrini bölüşmüşlər.

Yubiley tədbiri məktəbin akt zalında davam edib.

Məktəbin direktoru Məlahət İsmayılova tədbir iştirakçılarını salamlayaraq tanınmış maarifçi, kənd sakini Hacı Rəhim Əfəndi təşəbüsü və yaxından iştirakıyla 1903-cü ildə təməli qoyulmuş təhsil ocağının tarixi keçmişi və bu günkü uğurları barədə məlumat verib.

Tədbirdə çıxış edən Hacı Rəhim Əfəndinin nəvəsi, Milli Məclisin üzvü, AVCİYA-nın prezidenti Elxan Süleymanov çıxış edərək bir çox məqamlara toxunub:

“115 il ərzində bir neçə nəsil dəyişib. Dəyişməyən isə məktəbin böyük ənənələridir. Ötən dövr ərzində məktəbin minlərlə məzunu yetkin həyata vəsiqə qazanıb və ictimai həyatın müxtəlif sahələrində uğurla çalışıb.”

Çıxışının sonunda Elxan Süleymanov əməkdar rəssam Elşən Hacızadənin üzərində Ümummilli Liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmləri olan əsərini məktəbə hədiyyə edib.

Tədbirdə həmçinin Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılov çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Təntənəli hissədən sonra Qaraman kənd tam orta məktəbinin şagirdlərinin ifasında bədii kompozisiya nümayiş etdirilib.

Tədbir də çıxış edən müəllim və valideynlər yubileyi qeyd oolunan təhsil ocağında son illər aparılan abadlıq işlərində, o cümlədən məktəbə maddi və mənəvi dəstək gösrətən Hacı Rəhim Əfəndinin nəvəsi millət vəkili Elxan Süleymanovun əməyinə yüksək dəyər veriblər.

Sonda xatirə şəkli çəkliib.

P.S. Hacı Rəhim Əfəndinin həyat və fəaliyyətiylə bağlı geniş yazı yaxın günlərdə sayta yerləşdiriləcəkdir.

P.S.S. Şəkillər 1905.az saytından götürülüb.

Belediyye.info

ŞƏRHLƏR