"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"Güclü Lider - güclü Azərbaycan" TƏHLİL

--2019-04-10 / 07:35

2018-ci ilin 11 aprelində keçirilmiş prezident seçkilərindən bizi bir il ayırır. Bu bir ildə Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər barədə danışmaq nə qədər xoş olsa da, həm də məsuliyyətli, eyni zamanda, zəruri və vacibdir. 2018-ci ildə ölkəmizdə keçirilən prezident seçkilərində seçicilərin mütləq səs çoxluğu - 86,02% hesab ilə Cənab İlham Əliyev möhtəşəm qələbə qazandı. Əslində, bu səslər, ilk növbədə, Ümummilli Liderimiz Heydər Əliyevin strateji xəttinin davamına verilən səslər idi. Bu qələbə həm də 2003-cü ildən 2018-ci ilədək Cənab Prezident İlham Əliyevin Prezidentlik dövründə gördüyü irimiqyaslı işlərə, ölkənin iqtisadi qüdrətinin və onun beynəlxalq nüfuzunun artırılmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına verilən dəyər idi. Bu siyasət ötən bir ildə də davam etmişdi. Cənab Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev 2018-ci il fevralın 8-də keçirilən Yeni Azərbaycan Partiyasının VI Qurultayındakı çıxışında deyirdi: "2003-cü ildə prezident seçkiləri ərəfəsində, bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir". Qurultaydakı tarixi çıxışında Cənab Prezident son 15 ildə əldə edilən uğurlardan daha çox gələcək planlardan danışmışdı. O, qeyd etmişdi: "Mən dəfələrlə demişəm və bir də demək istəyirəm ki, bizim siyasətmizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır". Cənab Prezident ölkədə aparılacaq siyasi və iqtisadi islahatların anonsunu hələ VI Qurultayda vermişdi. Xarici siyasətdə yaxın qonşularla birgə layihələrin həyata keçirilməsi və həmin ölkələrlə münasibətlərdə yeni yanaşma, Avropa və Avropa İttifaqı ölkələri ilə münasibətlər, Aİ ilə yeni sazişin işlənməsi, islam ölkələri ilə əməkdaşlığın daim inkişafı, beynəlxalq və regional təşkilatlarda layiqli konstuktiv və müstəqil mövqe Cənab Prezidentimizin qarşıdakı Prezidentlik müddətinin prioritetləri idi.
Cənab İlham Əliyev, hər zaman bəyan etmişdir ki, güclü olmaq, dünyada söz sahibi olmaq üçün iqtisadiyyatımız güclü olmalıdır.

XALQ VƏ DÖVLƏT NAMİNƏ: BÜTÜN İSTİQAMƏTLƏRDƏ MÖHTƏŞƏM UĞURLAR


2015-ci il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar, bütün dünyada böhran yarandı. Bu böhran bizdən də yan keçmədi. O zaman Cənab Prezident böhrandan çıxmağın yollarını işləyib - hazırladı. 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atıldı. 2018-ci ildə isə ölkəmizdə ciddi islahatlar aparıldı. Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi uzun müddətdir ki, sabit qalıb və infilasiya yox səviyyəsindədir. Qeyri-neft sektoru və sahibkarlıq inkişaf edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Dünyanın aparıcı maliyyə qurumları Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə səmərəli əməkdaşlıq edir. Ölkəmizin iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur. Yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramına yekun vuruldu, dördüncü Dövlət Proqramı qəbul edildi. Üçüncü Dövlət Proqramı artıqlaması ilə icra edilmiş, qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunmuşdur. Son 5 il ərzində, xüsusilə, bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilmişdir. Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər, büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Təkcə ilin birinci ayında daxilolmalar xeyli artmışdır. Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə, dövlət başçısı qeyd etmişdir ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır.

YENİ TƏŞƏBBÜSLƏR: NÖVBƏTİ MƏRHƏLƏYƏ DOĞRU

Bildiyimiz kimi, 2018-ci ilin prezident seçkilərindən sonra Prezidentin ilk Fərmanı şəhidlərin vərəsələrinə veriləcək 11 min manat vəsait ödənişlə bağlı idi. Budur, Cənab Prezidentin sözü ilə işinin vəhdəti. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Buna paralel olaraq, şəhid ailələrinə verilən müavinətlər 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətlər 220 manatdan 300 manata qaldırılmışdır. Məcburi köçkünlərlə bağlı bu il bir çox proqramlar icra edilir. Bu il 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə, 800-ə qədər şəhid ailəsi mənzillə təmin ediləcəkdir.
Cənab Prezidentimiz tərəfindən minumum əməkhaqqları və minumum pensiyalarla bağlı çox ciddi qərarlar qəbul edildi. Minimum əmək haqqları 130 manatdan 180 manata, minumum pensiyaların məbləği isə 116 manatdan 160 manata qədər artırılmışdır və bu artımlar təxminən 823 min insanın təminatını yaxşılaşdıracaqdır. Uzun illər ərzində, vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə, rəsmi olaraq, qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi idi. Cənab İlham Əliyevin imzaladığı bir Fərmanla bu problem də həllini tapdı. Fərmanın tətbiqi dörd yüz çoxmənzilli binada yaşayan təxminən 60 minə yaxın ailənin problemlərini həll edəcəkdir. Təqribən 100 minə yaxın tələbənin təqaüdü artırılmış və Prezidentimizin bu addımı tələbələrdə böyük ruh yüksəkliyi yaratmaqla, həm də onlar arasında motivasiyanı gücləndirmişdir.
Uzun illər idi ki, vətəndaşlarımızı narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlı idi. Bununla bağlı Cənab Prezidentin verdiyi qərar dünyada bəlkə də analoqu olmayan tarixi bir hadisədir. Bu Fərman 800 mindən çox ailənin əhatə edəcəkdir ki, bu da, təxminən 1,5 milyard manatdan çox vəsait deməkdi

Ölkə Prezidentinin təkcə bu ilin üç ayında iqtisadiyyatımızın güclənməsinə və əhalinin rifah halının yaxşılaşmasına yönəlmiş fərman və sərəncamları haqqında danışmaq üçün bu kiçik yazı azlıq edər. Eyni zamanda, Cənab Prezident son vaxtlar keçirdiyi görüş və tədbirlərdə dəfələrlə qeyd etmişdir ki, əhalinin sosial müdafiəsinə yönəlmiş bu təşəbbüslər son deyil və iqtisadiyyatımız artdıqca, bu təşəbbüslər də çox olacaqdır.
Çox təəssüflə qeyd etməyi lazım bilirəm ki, Azərbaycanın bu uğurlarını qəbul etmək istəməyən, gözü götürməyən və xarici havadarlarından dəstək alan anti-Azərbaycan şəbəkəsi, antimilli qüvvələri ölkədə mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş cəhdlər edir. Ölkə Prezidentinin bu sosial təşəbbüsünə şərik çıxmağa çalışır və iddialar edirlər ki, guya 19 yanvar mitinqləri olmasaydı, bu addımlar atılmayacaqdı. Lakin onlar və havadarları yaxşı bilirlər ki, onların niyyətləri baş tutmayacaqdır. Xalq öz Prezidentini yaxşı tanıyır, Ona güvənir və öz taleyini Ona etibar edir. İndi 1990-cı illər deyil və özünü müxalifət adlandıran antimilli qüvvələrin arzuları gözündə qalacaqdır. Azərbaycanda ictimai-siyasi sabitliyin təminatçısı xalqla Prezidentinin birliyidir və heç bir qüvvə bu birliyi sarsıda bilməz.

RAMİZ GÖYÜŞÖV,
YAP Binəqədi rayon təşkilatının sədri

ŞƏRHLƏR