"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional Ədliyyə İdarəsi bələdiyyələrə tövsiyə edir

--2017-02-23 / 16:05

Ədliyyə Nazirliyinin Göyçay Regional İdarəsi Ucar bələdiyyələrinə “Açıq hökumətin təşviqi üzrə tədbirlər çərçivəsində bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi barədə” tövsiyyə məktubu göndərib.

Regional idarənin rəisi  vəzifəsini icra edən, I dərəcəli ədliyyə qulluqçusu    Teymur Mustafayevin imzasıyla göndərilən məktubda qeyd edilir:

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27.04.2016-cı il tarixli sərəncamı ilə Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilmişdir.

Milli Fəaliyyət Planının 6.1-ci bəndində bələdiyyə qulluğuna qəbul prosesində şəffavlığın təmin edilməsi istiqamətində bələdiyyə qulluğuna qəbul qaydaları, müsabiqə komissiyalarının tərkibi, mövcud vakansiyalar, qəbulun nəticələri və bələdiyyə qulluğuna qəbulla bağlı digər məlumatların bələdiyyələrin intarnet səhifəsində yerləşdirilməsi, mərkəzləşdirilmiş vahid elektron resursun yaradılması üzrə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Bildiririk ki, Azərbaycan Respublikasının 13 fevral 2015-ci il tarixli Qanunu ilə “Bələdiyyə qulluğu haqqında” Qanuna bir sıra dəyişikliklər edilmişdir.

Yeni dəyişikliyə görə yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir.

Qanuna əlavə edilmiş 5-1-ci maddəyə əsasən bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər. Müsabiqənin keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir. Müsabiqə komissiyası öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir və iclas komissiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Sədr olmadıqda iclaslara sədrin müavini sədrlik edir.

Müsabiqə komissiyasının işinə müdaxilə yolverilməzdir. Müsabiqə komissiyası namizədlərin müvafiq vəzifəyə uyğunluğunu onların bilik səviyyəsinə, peşə hazırlığına, ümumi dünyagörüşünə və müvafiq vəzifə üçün tələb olunan keyfiyyətlərə əsasən qiymətləndirir. Komissiyanın işinə müvafiq sahələr üzrə ekspertlər cəlb edilə bilər.

Qanuna əlavə edilmiş 5-2-ci maddəyə görə müsabiqə komissiyası üzvlərinin müsabiqə komissiyasının səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək, təkliflər vermək, habelə bu komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq, onlarla razılaşmadıqda xüsusi rəy vermək hüququ vardır.

Müsabiqə komissiyasının üzvləri müsabiqə zamanı namizədin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmalı, namizədə müvafiq vəzifəyə yararlı olub-olmaması barədə fikir bildirməməli, müsabiqənin keçirildiyi otağı tərk etməməli, rabitə vasitələrindən istifadə etməməlidirlər.

Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda, özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər. Bu maddənin dördüncü hissəsinə uyğun olaraq əsaslandırılmış etiraz verildikdə, barəsində etiraz verilmiş müsabiqə komissiyası üzvü həmin etirazın verilməsinə səbəb olmuş namizədə münasibətdə müsabiqə komissiyasının qiymətləndirməsində iştirak edə bilməz. Əgər etiraz nəticəsində müsabiqə komissiyasının fəaliyyətini həyata keçirməsi mümkün olmazsa, həmin namizədə münasibətdə müsabiqə komissiyası yenidən təşkil olunur.Müsabiqə komissiyasının iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrlik edənin səsi həlledicidir. Müsabiqə komissiyasının iclası protokollaşdırılır, protokol iclasda iştirak edən bütün müsabiqə komissiyası üzvləri tərəfindən imzalanır. Müsabiqə komissiyası üzvünün xüsusi rəyi olduqda, protokolda bununla bağlı qeyd aparılır və xüsusi rəy protokola əlavə olunur.Müsabiqə zamanı namizədin arzusu ilə video çəkilişdən istifadə edilə bilər. Bu halda videoçəkiliş müsabiqə komissiyasının normal fəaliyyətinə maneçilik törətməməlidir.

Müsabiqənin nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.

Qanuna əlavə edilmiş 5-3-cü maddəyə uyğun olaraq bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlər müəyyən edilmişdir. Belə ki, namizəd fəaliyyət qabiliyyətinə malik deyilsə və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə, məhkumluğu ödənilməmiş və ya götürülməmişsə, bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa, bu hallarda bələdiyyə qulluğuna qəbul edilə bilməz.

 Qanunun 5-1-ci maddəsinin sonuncu hissəsinə görə müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.10.2015-ci il tarixli 324 nömrəli qərarı ilə “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası” təsdiq edilmişdir.

Qaydalara əsasən müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlıolmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.

On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

Bələdiyyə orqanlarında vakant vəzifələr üzrə bələdiyyə qulluğuna qəbul üçün bələdiyyənin müsabiqə komissiyası (bundan sonra - müsabiqə komissiyası) müsabiqə elan edir. Elan bələdiyyənin rəsmi internet saytında (olduğu halda) və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Elanda sənədlərin qəbul edildiyi yer, sənədləri qəbul edən şəxsin soyadı, adı, atasının adı və əlaqə telefonları, vakant vəzifələrin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən bələdiyyə qulluğunda işləmək üçün lazım olan şərtlər göstərilir.

Sənədlərin qəbulu başa çatdıqdan sonra 30 (otuz) gün müddətində  müsabiqə komissiyası tərəfindən müsabiqə keçirilir.

Müsabiqə keçirilən gün müsabiqə başlamazdan əvvəl müsabiqəyə buraxılan namizədlərin siyahısı və şəxsi işləri müsabiqə komissiyasına təqdim edilir. Müsabiqə komissiyasının sədri siyahıda göstərilmiş namizədləri elan edir.

Müsabiqə müsabiqə komissiyası tərəfindən namizədlərə sualların, tapşırıqların verilməsi və namizədlərin həmin sualları cavablandırması, tapşırıqları həll etməsi və müsahibənin keçirilməsi yolu ilə həyata keçirilir. Suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, tapşırıqlar isə onların həlli üçün qısa zaman tələb olunmaqla praktiki vərdişlərinin, bacarığının müəyyən edilməsi üçün verilir. 5 sual və tapşırıq müsabiqə komissiyası tərəfindən əvvəlcədən müəyyən edilir və müsabiqə günü namizədlər tərəfindən yazılı formada cavablandırılaraq müsabiqə komissiyasına təqdim edilir. Eyni vəzifəyə müraciət edən namizədlərə eyni sual və tapşırıqlar verilir.

Müsahibə hər bir namizədlə fərdi qaydada həyata keçirilir və ən azı 15 dəqiqə aparılır. Müsahibə zamanı hər namizədin iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu, bilik səviyyəsini və ümumi dünyagörüşünü müəyyən etmək üçün suallar verilir.

Namizəd müsabiqə zamanı aşağıdakı tələblərə riayət etməlidir:

müsabiqə komissiyasının üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;

müsabiqənin keçirildiyi otaqda rabitə vasitələrindən istifadə etməmək.

Müsabiqə zamanı namizədin sual və tapşırıqları yerinə yetirməsi və müsahibə zamanı suallara verdiyi cavablar müsabiqə komissiyasının üzvləri tərəfindən ballarla qiymətləndirilir və “Namizədin müsabiqədə qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilərək müsabiqə komissiyasının sədrinə təqdim edilir(2 nömrəli əlavə). Namizədin sual və tapşırıqlara verdiyi yazılı cavabların hər biri  və müsahibə zamanı suallara verdiyi cavablar 5 ballıq sistem üzrə qiymətləndirilir. Müsabiqə komissiyasının üzvləri arasında namizədin cavabları ilə bağlı fikir mübadiləsi keçirilə bilər. Müsabiqə komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanılmaqla, müsabiqənin yekun nəticələri “Namizədin müsabiqədə qiymətləndirilməsinin yekun protokolu” ilə rəsmiləşdirilir.

Namizədlərin balları eyni olduqda, müvafiq ixtisas üzrə əmək stajı daha çox olan şəxslərə, şəhid ailələrinə, əlillərə, öhdəsində 16 yaşadək iki və daha çox uşağı olanlara və vakant vəzifənin tələblərinə uyğun elmi dərəcəsi və ya elmi adı  olanlara üstünlük verilir. Müsabiqənin nəticəsi üzrə qərar həmin iş günü müddətində elan olunur, bələdiyyənin rəsmi internet saytında (olduğu halda) və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Müsabiqənin nəticəsinə uyğun olaraq, ən yüksək bal toplamış namizəd 10 (on) iş günü müddətində vakant iş yerinə təyin edilir.

 Bu Qaydanın 3 nömrəli əlavəsinə əsasən hazırlanmış yekun protokol  2 (iki) il müddətində müsabiqə komissiyasında saxlanılır.

Namizədin tələbi əsasında ona 3 (üç) gün müddətində müsabiqənin nəticəsi üzrə topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir.

Müsabiqənin nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu tarixdən 30 (otuz) gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.

   Göstərilənlərə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən       

 

T Ö V S İ Y Ə    E D İ R İ K:

 -   bu tövsiyə 15 gün ərzində bələdiyyənin iclasında müzakirə edilsin.

-  yerli özünüidarə orqanlarında bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi    qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi təmin  olunsun.

-   qəbul edilmiş qərarın surəti Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin”

  Belediyye.info

 

 

 

 

 

 

                                                                       

                                                                                                                                    

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR