"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhər Nizami bələdiyyəsinin 2022-ci il 6 ay ərzində gördüyü işlər haqqında H E S A B A TI

--2022-07-18 / 16:46

Gəncə şəhərinin Nizami rayonunda yerli özünüidarəni həyata keçirən Nizami bələdiyyəsi öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, digər normativ - hüquqi aktlara əsasən qurur və işini seçicilərin arzu və təkliflərinə, bələdiyyə iclaslarında qəbul edilmiş yerli proqramlara müvafiq müəyyənləşdirərək həyata keçirməkdədir.

Hesabat ilində bələdiyyə ərazisində Şəhər və Rayon İcra Hakimiyyətlərinin təşəbbüsü ilə aparılan geniş yenidənqurma, abadlıq-təmizlik, bərpa-təmir və yaşıllaşdırma tədbirlərinin aparılması, sakinlərə göstərilən sosial və kommunal xidmətlərin yaxşılaşdırılması, onların həyat ehtiyaclarının ödənilməsi Nizami bələdiyyəsinin ən öndə duran vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.

Aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması, bələdiyyəyə müraciət etmiş vətəndaşlara maddi yardım, dəfn və mərasim xidmətlərinin təşkilinə köməklik göstərilməsi, bayramların qeyd edilməsi, mədəni-xeyriyyə tədbirlərinin keçirilməsi Nizami bələdiyyəsi yanında fəaliyyət göstərən Yerli sosial məsələləri daimi komissiyasının gündəlik işində başlıca yer tutmuşdur.

Ümumilikdə, 2022-ci ilin 6 ay ərzində Nizami bələdiyyəsinin büdcəsindən maddi yardım və müavinətlərin verilməsi məqsədilə 5077,60 manat xərclənmişdir.

Nizami bələdiyyəsi işini günün tələblərinə uyğun qurmaq üçün öz sakinləri ilə yerlərdə məhəllə komitələri vasitəsilə sıx ünsiyyət saxlayır.

Bələdiyyə ərazisində fəaliyyət göstərən 17 məhəllə komitəsi ərazidə yaşayan hər bir sakinin arzu və ehtiyacının öyrənilməsində, onların problemlərinin yaxından həllində bələdiyyənin köməkçisidir.

Nizami bələdiyyəsi, onun icra aparatı məhəllə komitələrinin, ayrı-ayrı vətəndaşların ərizə və şikayətlərinə qayğı və həssaslıqla yanaşmaqla bu müraciətlərin vaxtında və müsbət həll olunması üçün yüksək tələbkarlıq göstərir.

2022-ci ilin 6 ay ərzində Nizami bələdiyyəsinə 198 ərizə və məktub daxil olmuş, məzmununa görə fərdi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılması, maddi yardım göstərilməsi və sair xarakterli ərizələrə baxılaraq ərizəçilərə müvafiq cavab və izahatlar verilmişdir.

Yerli proqramların həyata keçirilməsində və bələdiyyə fəaliyyətinin daha da genişləndirilməsində bələdiyyənin maliyyə əsasları mühüm rol oynayır.

2022-ci ilin 6 ay ərzində 88518.00 manat fiziki şəxslərdən əmlak vergisi, 12565.50 manat fiziki şəxslərdən torpaq vergisi, 8007.50      manat nəqliyyat vasitələrinin müvəqqəti dayanacaqları üçün ödəniş, 41087.30 manat Dəfn və mərasim xidmətləri şöbəsinin göstərdiyi xidmət haqqı, torpağın özəlləşməsindən gələn rusum 66817.80 manat ödəniş toplanaraq bələdiyyə büdcəsinə ödənilmişdir.

2022-ci ilin 6 ay ərzində M.A.Abbaszadə, Həsən Əliyev,Zeynalabdin Tağıyev digər prospekt və küçələrdə, ümumşəhər iməcliklərində abadlıq-təmizlik tədbirləri aparılmış, Hava limanı yolunda, Heydər Əliyev parkında Nizami bələdiyyəsinin xidmət etdiyi yaşıllıq zonasında dekorativ ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmiş, alaq otları biçilmişdir.1941-1945 abidə kompleksində və Xəmsə kompleksində təmir işləri aparılmışdır.

2022-ci ilin 6 ay ərzində bələdiyyənin 10 iclas keçirilmişdir. İclasların gündəliyinə 228 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. İclaslarda əsasən sakinlərə təmir-abadlıq işlərinin aparılması, maddi yardımın ayrılması, mədəni-kütləvi tədbirlərlə bağlı və sakinləri narahat edən digər bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklfləri, həmçinin arayışları da dinlənilib.

2022-ci il 6 ay ərzində iki şəhid ailəsinə şəhid anasının qəbir üstü abidəsinin hazırlanması üçün 1500 manat vəsait ödənilmişdir.Şəhidlərin qəbir üstü adidələrinin güllə bəzədilməsinə 6202 manat,Şəhid ailələrinə və qazilərə 1600 manat maddi yardım edilmişdir

2022-ci ilin 6 ay ərzində bələdiyyə sədri tərəfindən 127 nəfər fərdi şəkildə qəbul edilib. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti yerində baxılmaqla öz həllini tapmışdır. Bələdiyyəmizin, fəaliyyət göstərən daimi komissiyaların iş planlarına uyğun olaraq yerli əhəmiyyətli məsələlərin operativ həlli məqsədilə tez-tez seçicilərlə və məhəllə komitələri ilə sıx təmasda olur, həmçinin yerli əhəmiyyətli problemlər, istəklər, rəylər toplanaraq buna əsasənGəncə şəhər Nizami Bələdiyyəsinin fəaliyyəti planlaşdırılır.

Gəncə turizm şəhəri hesab olunur. Buna görə də şəhərin gözəlliyinin qorunması,sakinlərimizə və gələn qonaqlara yüksək xidmətin göstərilməsi bizim əsas işlərimizdən biridir. Bələdiyyə ərazisindəki İstiqlal parkında, Novruz meydanında və Hacı Zeynalabdin Tağıyev parkında,Gəncə dövlət dram teatrının qarşısındakı parkda abadlıq və yenidənqurma işləri aparılır. Parklarda qazon örtüyünün yenilənməsi, suvarma sistemlərinin bərpası, sıradan çıxmış tamet örtüklərinin və bardurların dəyişdirilməsi həmçinin oturacaqların təmiri bu yarımil ərzində də diqqətdə saxlanılıbdır.

Bunlardan əlavə 2022-ci ilin 6 ay   ərzində Gəncə şəhər Nizami Bələdiyyəsinin ərazisində vaxtaşırı iməciliklər təşkil olunmuş, iməcliklərdə ağaclar əkilmiş, yaşıllıq zonalarında suvarma işləri görülmüş, otlar biçilmiş və kol-kosların təmizlənməsi icra olunmuşdur.

Gəncə şəhər Nizami Bələdiyyəsi daim seçicilərlə ünsiyyətdə olur seçicilərin rəy və təkliflərini nəzərə alaraq öz fəaliyyətini onların həlli istiqamətində qurmağa çalışır. Fəaliyyət göstərən 5 daimi komissiya müvafiq məsələlərin ümumi yığıncaqda müzakirəyə çıxarılmasını təmin edir. Bələdiyyəmizin məqsədi seçicilərin bu quruma inamını daha da artırmaq, onları özünüidarəetmə fəaliyyətinə cəlb etmək üçün indidən sonra da səylə çalışmaqdır. Növbəti hesabat dövründə buraxılmış nöqsanlar da aradan qaldırmaqla seçicilərin ərizə, şikayət, təkliflərinə daha həssaslıqla yanaşacaq, bələdiyyəyə əlavə dayanaqlı gəlir mənbələri axtaracaq, seçicilərin qüvvəsindən bələdiyyənin idarə olunmasında səmərəli istifadə edəcək.

Gəncə şəhərində aparılan çoxsahəli, geniş quruculuq və abadlıq işlərində sosial-iqtisadi, ekoloji, mədəni və digər tədbirlərin həyata keçirilməsində Nizami bələdiyyəsi bundan sonra da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa, seçici tapşırıqlarının yerinə yetirilməsində özünüidarəni layiqincə təşkil edilməsinə çalışacaqdır.

 Gəncə şəhər Nizami bələdiyyəsi

ŞƏRHLƏR