"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə rayonları ləğv edilir? BİR DAHA REGİONAL İDARƏETMƏ HAQQINDA

--2020-09-06 / 11:02

Milli Məclisin üzvü Naqif Həmzəyevi yaxından tanımasam da, hər hansı bir tədbirdə üz-üzə gəlməsəm də, seçildiyi ilk günlərdə ehtiyatsız fikirlər səsləndirdiyindən məndə özünə qarşı bir antipatiya yaratsa da bugünkü açıqlamasında ölkəmizdə regional idarəetmənin məhz qədim Gəncədən başlayacağının anonsunun verməsiylə diqqətimi çəkdi. Məhz Naqif Həmzəyevin APA-ya açıqlaması bizi yenidən regional idarətemə mövzusuna qayıtmağımıza bir növ təhrik etdi.

MM üzvünün açıqlamasında bildirilirdi ki, "hazırda həyata keçirilən islahatlar paket onu göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək. Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir”.

Millət vəkili daha sonra qeyd edib ki, bunun nəticəsində vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq, idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq: "Eyni zamanda əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaq, böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq”.

Açıqlamadan belə başa düşülür ki, Gəncə şəhərində Azərbaycan SSR Ali Sovetinin 21 noyabr 1980-ci il tarixli qərarı ilə yaradılmış iki rayon- Kəpəz və Nizami rayonlarının ləğvi gözlənilir. Bu isə o deməkdir ki, vətəndaş cəmiyyətinin təmsilçisi olaraq avqust ayının birində bizim “Bakıda on iki inzibati rayonun olmasına ehtiyac varmı? BİR DAHA REGİONAL İDARƏETMƏ HAQQINDA” adlı yazımızda verdiyimiz “İndiki şəraitdə xüsusəndə Bakı və Gəncədə səlahiyyətsiz rayon icra hakimiyyəti kimi bir qurumun saxlanmasına ehtiyac varmı?” suala nəhayət ki cavab veriləcək. Beləliklə, bir daha regional idarəetmə haqqında fikirlərimizi oxucularımızla bölüşmək istərdik.

Belə güman etmək olar ki, regional idarəetmə ilə bağlı ilk addımlar məhz qədim Gəncə şəhərindən start götürə bilər. Onu da əlavə edim ki, cari ildə regional idarəetməyə həsr etdiyim ona yaxın yazı və araşdırmada əsasən prosesin zəruriliyinə, prosesin icrasının nəticə etibariylə həm də bələdiyyələrin yerlərdə çəkisinin artması məsələsinə toxunmuşdum. Bununla yanaşı regional idarətetmə ilə bağlı mövcud vəziyyəti təhlil edərək bu sahədə ciddi problemlərin olduğunu, hər bir nazirliyin özünə sərf etdiyi şəkildə bu sistemi qurduğunu da dilə gətirmişdim.

Yazılarda xüsusilə qeyd edilmişdir ki, Bakı və Gəncə şəhərində ilk növbədə bu rayonların ləğv edilərək böyük şəhər bələdiyyəsinin yaradılmasına ehtiyac vardır.

Hazırda Bakıdakı 12 rayon və Gəncədəki 2 rayon icra hakimiyyəti aparatının və başçısının elə də ciddi bir səlahiyyəti qalmayıb. Çox güman ki, bir neçə il əvvəl pilot layihələrin icrasına nəzarətin beş il müddətinə rayon icra başçılarına verilməsi bir növ onlara “ikinici süni nəfəsin” verilməsinə hesablanmışdısa da, real vəziyyət və bu sahədə başçıların yaratdığı süni əngəllər ölkə başçsının bu qərarının daha tez ləğv etməsinə şərait yaratdı. Gəlin açıq etiraf edək ki, bəzi   layihələrin icrası problemsiz olsa da, əksər, xüsusən də Nəsimi və Nərimanov rayonunda həyata keçirilən layihələrin icrasındakı nöqsanlar əhalinin ciddi narazılığına səbəb oldu. Bütün bu problemlərlə yanaşı vəziyyətdən istifadə edib ciddi şəkildə “irəli düşən” başçılarında olduğunu etiraf etməliyik. Nə isə...

Nəticə odur ki, bir çox başçıların hərisliyi ucbatından yaranan problemlər onlara aid səlahiyyətlərin ya ləğvinə, ya da istiqamətinin dəyişdirilməsinə səbəb oldu. Əslində bu gün bələdiyyələrin ətəyindən bərk-bərk yapışmanında kökündə məhz qeyd etdiyim səlahiyyətsizlik dayanır. Bu da danılmaz faktdır ki, uzun illərdən bəri bələdiyyələrə və bələdiyyə sədrlərinə qarşı atılan adddımlar bu gün icra başçılarının özlərinə yönəlib.

Beləliklə, Bakı və Gəncədə şəhərində mövcud (12+2) inzibati rayonun ləğvi mütləq şəkildə həyata keçirilməlidir. Bu addım birinci növbədə indiki pandomiya dövründə həm büdcə vəsaitlərinin böyük həcmdə qənatinə, həm idarəetmədə şəffaflığın, operativliyin yaranmasına səbəb olacaq, ən əsası isə yerli məmurların süni şəkildə yaratdıqları problemlərin qarşısının alınmasına şərait yaratmış olacaqdır. Ən əsası isə bu addımı atmaqla gələcəkdə əksmərkəzləşməyə getməklə məsuliyyət yükünün bir hisssəsini seçicinin öhdəsinə verməklə dövlətin idarəetmə yükünü azaltmış olacağıq.

Bununla yanaşı təklif edərdik ki, rayon səviyyəli strukturlar ilk olaraq rayon mənzil-kommunal birlikləri və bu sahəyə bərabər tutulan istiqamətlər də ləğv edilsin.

İkinci bir tərəfdən, təsəvvür edin ki, qeyd etdiyim sahədə milyonlarla manat pul əllərdə “fırlanır”, nəqdləşdirilir. “Zibil pulu” adlandırdığımız rüsümları misal çəkə bilərəm. Hansı səbəbə bu rüsum əhalidən nəqd şəkildə yığılır? Yığılan vəsait hara gedir, bilən varmı? Onun hesabatını aparan varmı? Əhaliyə bununla bağlı hesabat verilirmi? Maraqlı suallardır, deyilmi?

Ölkə başçısının 2014-cü ildən bələdiyyə sistemindəki neqativ halların qarşısnın alınmasıyla bağlı qərarı ilə bütün yerli vergilər nəqdsiz şəkildə ödənir. Bu gün yerli vergilərin ödənişinin onlayn şəkildə icrası bütünlükdə bu sahədəki neqativ halları aradan qaldırmış oldu. Onu da etiraf edək ki, ötən ildən bələdiyyə vergilərinin poct şöbələri vasitəsiylə həyata keçirilməsi bir sıra ciddi problem yaratsa da düşünmək olar ki, “Azərpoct”bələdiyyələrin onlara ünvanlanan suallarından nəticə çıxararaq daha optimal və kreativ layihələr icra etməklə bələdiyyələr üçün daha cəlbedici olacaqdır.

Göründüyü kimi, cəmiyyətdə paradaksal vəziyyət yaranıb. Bir tərəfdən əhali bələdiyyəyə onlayn şəkildə vergisini ödəyir, icra strukturunun əməkdaşı isə qapı-qapı düşüb vergi yığır. Nəqd şəkildə vergiyığan qurumun başçısı da dolayısıyla bələdiyyəni qapaz altında saxlamağa cəhd edir. Təəcüblüdür, deyilmi? Bəs maraqlıdır, icra strukturuna bu şəraiti hansı qüvvə yaradıb? Nə isə...

Beləliklə, biz Bakı və Gəncədə idarəetməni necə görmək istərdik? Bunun üçün ortada İstanbul, Paris və Moskva təcrübəsi vardır. Hər üç ölkənin təcrübəsindən yaralanmaq olar. Amma fikrimcə bizə yaxın olan və zəngin təcrübəyə malik İstambul təcrübəsindən yaralanmaq daha önəmlidir. Birincisi nəzərə almaq lazımdır ki, hər üç ölkədə qanunlar və normativ hüquqi sənədlər toplusu elə hazırlanıb ki, siyasi mənsubiyyətindən asılı olmayaraq şəhər meri üçün ən önəmli fəaliyyət dövlətin və seçicinin marağına xidmət etməkdir. İstənilən halda dövlətin və seçicinin marağına xidmət etməyənlərə qarşı ölkə başçısı tərəfindən etimadsızlıq göstərilməsi məsələsi də qanunla müəyyən edilib. Həm də bu şəhərlərin hər birində seçkili orqanların qəbul etdiyi qərarların qanunlara uyğunluğu müəyyən edən İNZİBATİ ORQANDA fəaliyyətdədir. Demək sistem elə qurulub ki, hər hansı yanlışlıq belə ola bilməz.

Bu gün İstambulda böyük şəhər bələdiyyəsi, rayon bələdiyyəsi və qəsəbə (ilçə) bələdiyyəsi formalaşdırılıb. Hər birinin öz funksiyası və öz maliyyə istiqamətləri var. Nəzərə alsaq ki, on milyonluq İstanbul bələdiyyəsinin illik büdcəsi 12 milyard dollara yaxındır, onda sistemin necə saat kimi dəqiq işlədiyini gorə bilərik. Vətəndaş vergisini konkret olaraq verməlidir. Bizdəki kimi mehmanxana və saysız hesabsız villa sahibi olan məmur, deputat və ümumiyyətlə imkanlı şəxslərin əksəriyyəti heç biri bələdiyyələrə vergini vermək niyyətində belə deyillər, hətta bu vergini verməməkdən ötrü məhkəməyə müraciət edənlərin də olduğu deyilir. Nə isə....

Bizim əsas məqəsdimiz bu günkü həssas dönəmdə vətəndaş cəmiyyətinin təmsilçisi olaraq ölkə başçısın da söylədiyi kimi xalqımızın, vətəndaşlarımızın sosial rihaf halının yaxşılaşdırılmasına çalışmaqdır. Biz hər zaman dövlətimizin inkişafına maneə yaradan amillərin aradan qaldırılmasına çalışır, dövlət başçısının yürütdüyü siyasətə daim dəstək olur və bundan sonra da olacağıq.

P.S. Hər halda yazıda qaldırılan məsələlərin icrası barədə düşünməyə dəyər.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

 

ŞƏRHLƏR