"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Gəlin elə qərarlar qəbul edək ki, ədalət prinsipi pozulmasın”-NAZİR MUXTAR BABAYEVƏ

--2020-08-11 / 03:57

Ötən illərdə Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları, xüsusən də yay aylarında, bələdiyyələrə məcburi göstəriş verməklə bağlı protokol tərtib etməyi, habelə bələdiyyə sədrlərinin bir min manat civarında cərimə kəsilmə ənənənəsini uğurla davam etdirmişlər. Koronovirus pandomiyası olmasaydı yəqin ki, qeyd edilən ənənəni nazirlik rəsmiləri bu ildə davam etdirəcəkdilər. Nazirliyin əvvəlki rəhbərliyi dövründə olduğu kimi bələdiyyələrə bir çox hallarda haqsız cərimə kəsilməsi və məcburi göstərişin verilməsi hörmətli nazir Muxtar Babayevin rəhbərliyi dövründə də davam etmişdir. Təəssüf hissiylə bildirmək istərdim ki, Muxtar Babayevin rəhbərliyi dövründə nazirliyin idarəetməsində müsbətə doğru çox ciddi addımlar atılsa da bələdiyyələrə münasibət dəyişməz qalmışdır.

Ancaq nazirliyin atdığı addımlar başa düşüləndir. Təbiətə ziyan vurublarsa, ətraf ərazi zibil tullantılarıyla doludursa və ya hansısa ərazidə qanunsuz olaraq ağac kəsilibsə cərimə də tətbiq edilməli, hətta cinayət işinin açılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Biz bu sahədə ortaya sərt mövqenin qoyulmasının tərəfdarıyıq. Bir çox hallarda nazirlyinin belə sərt mövqedə dayanmasını biz də təqdir edirik. Lakin...

Maraqlıdır görəsən nazirlikdə bələdiyyə sədrlərinə kəsilən cərimələrin və məcburi göstərişlərin təhlili aparılıbmı? Aparılıbsa təklif edirəm yekun təhlil ictimailəşdirilsin, aparılmayıbsa tövsiyə edərdim ki aparılsın. Necə ola bilər ki, nazilrik bir kənd bələdiyyə sədrini ard-arda davamlı olaraq cərimə kəssin və özündə günah görməsin. Bununla yanaşı öyrənmək istərdim ki, istər əvvəlki, istərsə də sonuncu seçkilərdən sonra formalaşan bələdiyyə sədrlərinin iştirakıyla maarifləndirmə seminarları keçirilibmi? Nazirliyin mütəxəssislərinin iştirakıyla mütəmadi olaraq postpandemiya dövründə regional seminarlar keçirilməsi indidən nəzərdə tutulsa yaxşı olardı. Çünki seminarlarda nazirlik əməkdaşları da maariflənərdi və bilərdilər ki, ölkə bələdiyyələrinə mülkiyyətin-əmlak və torpaq fondunun verilməsi hələ tam başa çatdırılmayıb. Baxmayaraq ki, verilən sərəncamdan 20 il keçib. Bu gün ölkə bələdiyyələrinin 50-faizindən artıq hissəsinin nə əmlakı, nə də torpaq fondu vardır.

Bizim bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, bəzi bələdiyyə sədrləri öz hüquqlarını bilmədiklərindən, bəlkədə yerində olmadaqlarından bu “cərimə” protokoluna imza atmaqla özlərini min manatlıq borca salmışlar. Öz hüququnu bilənlər isə təbii ki müvafiq orqana müraciət etməklə cəriməni hüquqa söykənərək, fakt və dəlillərlə ləğv etdiriblər. Bir şərtlə ki, günahları olmasın.

Əlavə edim ki, may ayında Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyevaya qarşı belə protokol tərtib edilmiş, dərhal məhkəməyə üz tutan xanım sədr bir müddətdən sonra nazirliyin bu qərarının ləğvinə nail ola bilmişdir. Bundan xeyli əvvəl belə bir addımı Qəbələnin Vəndam bələdiyyəsinin sədri Asif Həşımov və Binəqədi rayonu Xocasən bələdiyyəsinin sabiq sədri Məhərrəm Əsgərov ataraq məhkəməyə iddia ərizəsiylə müraciət edərək nazirlik əməkdaşlarının tərtib etdikləri protokolu ləğv etdirmişlər. Nəzərə alın ki, Məhərrəm Əsgərova 7000 manat, Asif Həşımova 1000 manat cərimə yazılmışdı.

Bununla bağlı sosial mediada apardığım müzakirələrdə qeyd edilən bəzi məqamları saytın oxucuları üçündə təkrar qeyd etmək istərdim:

Əli Mahmudov “Məhkəmə ədalətli qərar qəbul etmişdir. Vəzifə səhlənkarlığı ermiş və 4 ildən sonra qərəzli qərar vermiş ETSN əməkdaşlarını cəzalanması barədə də tədbirlər görülməlidir”

Tural Nəbiyev: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda "əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” rolunu oynayır”

Məhərrəm Əsgərov: “O protokolu tərtib edən savadsız və məsuliyyətsiz əməkdaşlar cəzalanmalıdır.”

Bəli, beləliklə sözüm cənab nazir Muxtar Babayevədir:

“Hörmətli cənab nazir!

Bir məqama aydınlıq gətirilməsini istərdim. Belə ki, bələdiyyə sədrlərinə cərimə kəsib, bələdiyyələrə məcbur göstəriş verən şəxslər, məqam gələndə nazirliyin hüquqlarını qoruya bilməyəcəklərsə, niyə o əsassız cəriməni yazmaqla nazirliyin işgüzar nüfuzuna xələl gəririrlər.

Təklif edərdim ki, gələcəkdə belə protokol tərtib edən nazirlik əməkdaşlarının işdə qalıb-qalmaması məsələsinə baxılsın.

Hörmətli cənab nazir.

Bizim əsas məqsədimiz qanunun ailliyini qorumaq, bütün məsələlərdə ədalətin qorunmasına çalışmaqdır. Günahı olan hər kəs, istər məmur olsun, istərsə də bələdiyyə sədri qanun qaşrısında cavab verməlidir. Ancaq gəlin elə qərarlar qəbul edək ki, ədalət prinsipi pozulmasın.

Bələdiyyə sisteminə gəlincə isə, indiki pandomiya dövründə fəaliyyəti daha da kritik həddə düşən bələdiyyələrə daim metodoloji yardım da göstərməyi unutmamalıyıq.”

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri

ŞƏRHLƏR