"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəgəli kəndində anım mərasimi keçirilib

--2021-10-21 / 03:29

Ağsu rayonu Gəgəli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Zəfər qəhrəmanı Süleymanlı Elmir Aqil oğlunun anım mərasimi keçirilib. Anım mərasiminə Ağsu rayonu İcra hakimiyyətinin başçısı Rövşən Bağırov, icra hakimiyyətinin rəhbər işçiləri, idarə rəhbərləri, şəhid ailələri, qazilər, Ağsu Tədris Mərkəzinin kollektivi, Gəgəli kənd icra nümayəndəliyi əməkdaşları, bələdiyyə üzvləri, müəllimlər, kənd sakinləri qatılıblar. Rövşən Bağırov şəhid atası Aqil Süleymanovla görüşüb, ona başsağlığı verib və qayğıları ilə maraqlanıb. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər haqqında danışıb. Nuran xatun məscidinin imamı Hacı Nurəddin Qurani-Kərimdən ayələr oxuyub, dualar edib. Sonra anım mərasiminin iştirakçıları Zeyvə nənə qəbristanlığında şəhid Elmir Süleymanlının xatirə abidəsini ziyarət ediblər. Qəbri başında dualar ediblər. Anım mərasimini bədii formada Ağsu Tədris Mərkəzinin müəllim və şagird kollektivi tərtib ediblər. Məktəblilər bədii kompozisiyalar səsləndiriblər. Kənd icra nümayəndəsi müavini Hamlet İsayev, bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, məktəb direktorları Sabit Abdullayev və Vəlican Mikayılov, şəhid ataları Pərviz Quliyev, Əli İbişov, Aqil Süleymanov, şəhid anası Ofelya Süleymanova və digər iştirakçılar çıxış edərək xatirələrini bölüşüblər, şəhid Elmir Süleymanlının qəhrəmanlıqları haqqında danışıblar. Daha sonra anım mərasimi şəhid Elmir Süleymanlının evində davam edib.

Şəhid Elmir Süleymanlı
(11.05.2001-20.10.2020)

Süleymanlı Elmir Aqil oğlu 2001-ci ilin may ayının 11-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Elmir Süleymanlının atası Süleymanov Aqil Böyükağa oğlu daş ustası işləmiş, anası Süleymanova Ofelya Rəfael qızı isə evdar qadın olmuşdur. Elmir Süleymanlı 2007-ci ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2018-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Elmir Süleymanlı Azərbaycan Milli Ordusunda Beyləqan korpusu 702 saylı hərbi hissədə pulemyotçu ixtisası ilə hərbi xidmət keçmişdir. 2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayarkən Elmir Süleymanlı hərbi xidmətdə idi. Füzuli istiqamətindən döyüşlərə qatılaraq Cəbrayıl və Hadrut istiqamətində döyüşlərdə iştirak etmişdir. Elmir Süleymanlı döyüşlər zamanı çoxlu sayda qəhrəmanlıqlar göstərmişdir. Əsgər yoldaşlarının məlumatına görə o, yaralı komandir, baş gizir Elvin Ömərovu güllə yağışı altından çıxarmışdır. Elmir Süleymanlı isə Hadrutda 1621 yüksəkliyində düşmənlə üz-üzə dumanlı havada döyüşərkən snayperdən açılan güllə ilə şəhid olmuşdur.
Elmir Süleymanlı rayon və kənd camaatının iştirakı ilə xüsusi mərasimlə Ağsu rayonu Gəgəli kəndi Zeyvə nənə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölümündən sonra Elmir Süleymanlı xüsusi fərmanla "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edib. Ağsu rayonunun Gəgəli kəndində şəhid Elmir Süleymanlının xatirəsinə müxtəlif abidələr ucaldılmışdır.

ŞƏRHLƏR