"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəgəli Bələdiyyəsinin 2021-ci il üçün illik hesabatı

--2022-01-25 / 04:54

 

2021-ci ildə Gəgəli Bələdiyyəsinin ümumi gəliri cəmi 53416 manat olub. Ümumi gəlirin 43017 manatı torpaqların icarə haqqından, 5528 manatı torpaq vergisindən, 402 manatı əmlak vergisindən, 2460 manatı dotasiyadan, 2009 manatı digər mənbələrdən əldə edilib.

Həmin dövrdə Gəgəli Bələdiyyəsinin ümumi xərcləri cəmi 53310 manat təşkil edib. İşçilərin əmək haqqına 18502 manat, Dövlət Sosial Müdafiə Fonduna 5552 manat ödənilib. Universitetlərə qəbul olan abituriyentlərin mükafatlandırılmasına 860 manat, ofis üçün printerin alınmasına 570 manat, Azərbaycan Ordusuna Yardım Fonduna 60 manat, Fövqəladə Hallar Nazirliyinə 102 manat, rabitə xərclərinə 60 manat, piar xidmətinə 300 manat, 2021 və 2022-ci il üzrə qəzet abunəsinə 575 manat, ikiillik audit yoxlaması rəyinin alınmasına 1100 manat, kəndin müxtəlif yerlərində informasiya panelləri üçün banerlərin çapı və montajına 1170 manat, Qaranlıq dərədə torpaq abadlaşdırma işlərinə 2040 manat, giriş dayanacağına elektrik xəttinin çəkilməsi və sayğacın quraşdırılmasına 847 manat, Azərpoçt MMC-yə xidmət haqqı olaraq 1800 manat, Təmiz kənd MMC-nin nizamnamə kapitalının artırılmasına 6500 manat, Covid19 Vaksinasiya işlərinin təşkili üçün 200 manat, evlərində yanğın baş vermiş Sədrəddin Sədiyev və Kəmalə Sədiyevaya maddi yardım 500 manat, mərhum Sadulla Şamıyevin dəfn və hüzr mərasimi üçün maddi yardım 100 manat, Sarılı körpüsünün memarlıq planlaşdırma layihəsi üçün 500 manat, Sarılı körpüsünün daban yeri, selqıranları və istinad divarının tikinti işlərinə 4623 manat, Bələdiyyə ofisinin həyətində sanitar qovşağın tikilməsi, su xəttinin çəkilməsi, su hovuzunun təmirinə 1320 manat, Gəgəli kəndində park və qəbiristanlıqların saxlanmasına 1750 manat, gənclər arasında rəy sorğusunun keçirilməsinə 300 manat, bələdiyyənin sosial şəbəkə resurslarının idarə edilməsinə 850 manat, kənd ərazisində abadlaşdırma işlərinin görülməsinə 1550 manat, gegeli.az bələdiyyə saytı üçün domenin alınması, hostinqin alınması, saxlanması, internet səhifənin proqramlaşdırılması, internet səhifənin dizaynı, internet səhifənin emalı, internet səhifəyə texniki xidmətin göstərilməsinə avans olaraq 600 manat, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Asossasiyasına 510 manat köçürülüb.

Gəgəli Bələdiyyəsi Dövlət büdcəsindən bələdiyyələrin layihələrinin maliyyələşdirilməsi üçün ayrılan subvensiya proqramı üçün "Antik Nərgizava sənət mərkəzi" layihəsini hazırlayıb və Maliyyə Nazirliyinə təqdim edib. Lakin indiyə qədər layihə ilə bağlı hər hansı münasibət bildirilməyib.

Bələdiyyənin daşınmaz və daşınar əmlakının inventarizasiya işlərinin aparılması üçün İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi ilə müqavilə bağlanılıb və işlər davam edir. İndiyə qədər bələdiyyənin heç bir əmlakının rəsmi qeydiyyatı aparılmayıb.

Yerli Büdcə Məsələləri daimi komissiyasının sədri Baxış Əlişahlı, üzvləri Qürbət Kərimov və Yusif Hacıyev, Yerli Sosial-Mədəni Siyasət və İqtisadi İnkişaf Məsələləri daimi komissiyasının sədri Murad Dəmirli, üzvləri Fariz Xəlilli və Xəyyam İbadzadə, Yerli Ekologiya və Aqrar Siyasət Məsələləri daimi komissiyasının sədri Səxavət Həsənov, Ülvi İsmayılzadə və Hüsniyə Həsənova təsdiq ediliblər.

Gəgəli bələdiyyəsinin gegeli.az internet saytı IMAGE MMC tərəfindən hazırlanır. Sayt dizayn olunub, internetdə yerləşdirilib, məlumatlar doldurulur. İKT sahəsində Gəgəli bələdiyyəsi, digər bələdiyyələrə və müəssisələrə xidmətlərin göstərilməsi “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli Media” MMC-yə həvalə edilib.

Bələdiyyə ərazisində yaşayan əhalinin COVİD19-a qarşı vaksinasiya haqqında maarifləndirilməsi mütəmadi davam etdirilib, səhiyyə işçilərinə maddi və təşkilati köməklik göstərilib. Nəticədə Gəgəli sakinlərinin böyük bir hissəsi vaksinləşib.

İcarəçilərə icarə haqqının bazar qiymətinə uyğunlaşdırılması ilə bağlı müraciət ünvanlanıb. Təəssüf ki, indiyə qədər heç bir icarəçi bu müraciətə müsbət cavab verməyib. İlin əvvəlində bu sahədə qanunvericiliyə uyğun olaraq müvafiq addımların atılması düşünülür.

Gəgəli Bələdiyyəsinin yanında Şəhid Ailələrinin Təşəbbüs Qrupu yaradılıb. Təşəbbüs Qrupu Gəgəli şəhidlərinin həm doğum, həm də şəhid olduğu günlərin kənddə Şəhid anım günü elan edilməsi ilə bağlı müraciət edib. Bələdiyyə qərarı ilə Şəhid anım günləri elan edilib. Şəhid anım günlərində iməcliklərin təşkil edilməsi, kənd sakinlərinin, şəhid ailələrinin, ziyalıların həmin iməcliklərdə iştirakının təmin edilməsi nəzərdə tutulub. Şəhid anım günləri 2022-ci ildə ardıcıllıqla davam edəcəkdir. Həmin günlərdə kənd ərazisində təmizlik işləri aparılıb, ağaclar əkilib, qəbir abidələri ziyarət edilib. Gəgəli kəndinin xeyriyyəçi iş adamı Fiday Orucov kəndin girişində Gəgəli kəndi Şəhidlər xiyabanını inşa edib. Xiyabanın rəsmi açılışı noyabr ayında baş tutub, xüsusi mərasimlə açılış həyata keçirilib. İndi anım günləri həmin xiyabandan başlanır.

Gəgəli Bələdiyyəsinin başlatdığı “Abad küçə” layihəsinin planlı şəkildə həyata keçirilməsi üçün Gəgəli kəndi yaşayış məntəqəsinin işçi plan və sxemlərinin hazırlanması məqsədilə layihəçi-memar Xanlar Hüseynova müraciət edilib. İlk 13 abad küçənin şərti olaraq Qarabağ müharibəsi şəhidlərinin adı ilə adlandırılması qərara alınıb. Həmin küçələr şəhid ailələrinin razılığı ilə xəritə üzərində göstərilib.

Gəgəli Bələdiyyəsi tərəfindən 2000-ci illərdə tikilmiş Bələdiyyə binasının balansa götürülməsi üçün plan-sxemi hazırlanıb. Bununla yanaşı, bələdiyyə binasında mərhələli şəkildə təmir işlərinin görülməsi qərara alınıb. Əvvəlcə həyətdəki su hovuzu təmir edilib, sanitar qovşaq tikilib, su hovuzundan həmin qovşağa su xətti çəkilib.

Layihəçi memar Xanlar Hüseynovun yağış sularını ötürmək üçün tikilən yeni “Sarılı” körpüsünün memarlıq-planlaşdırma layihəsi qəbul edilib. Körpünün tikintisi üçün lazım olan materialların alınması üçün fiziki şəxs Aqil Süleymanovla müqavilə bağlanılıb. Körpüdə inşaat işlərini kənd sakinləri Niyazi Quliyev və Natiq Osmanlı görür. Körpü tikintisi davam edir.

Gəgəli Bələdiyyəsi kəndin evlərinin altında yerləşən antik və ilk orta əsrlərə aid Nərgizava nekropolunun xəritədə yerinin müəyyən edilməsi məqsədilə layihəçi-memar Xanlar Hüseynovla işləyir. Yaxın vaxtlarda kəndin ərazisinin işçi planı hazırlanarkən həmin nekropolun yeri də dəqiq göstəriləcəkdir. Bununla yanaşı, Gəgəli Bələdiyyəsi kənd ərazisindəki qədim və müasir qəbiristanlıqların təhvil alınmasını da həyata keçirib. Belə ki, Gəgəli kəndi ərazisindəki qəbristanlıqların təhvil alınmasına dair akt təsdiq olunub və bir nüsxəsi Ədliyyə Nazirliyinə göndərilib.

“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından irəli gələn işlərin görülməsinə başlanılıb. İlk növbədə təlimatla yerli din xadimlərinin tanış olması təşkil edilib. "Zeyvə nənə" qəbiristanlığında dəfnlərin reyestrinin aparılması üçün dəfn reyestr kitabı, əvvəlki qəbirlərin inventarizasiyasının aparılması üçün inventar kitabı çap edilərək “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər Parkı” MMC-yə təhvil verilib. Bico Bələdiyyəsinə Gəgəli sakinlərinin dəfn edildiyi qədim qəbiristanlığın vəziyyətinin monitorinq olunması ilə bağlı müraciət edilib. Tanınmış şəxslərin, şəhidlərin qəbirüstü abidələrinin daim nəzarətdə saxlanılması, təmirə ehtiyacı olanların müəyyən edilərək xeyirxah insanların birədəfəlik könüllü yardımı vasitəsi ilə təmir olunması qərara alınıb.

“Gəgəli kəndinin şəhidləri”, “Nizami Gəncəvi – 880 il”, “Şuşa mədəniyyət paytaxtıdır” informasiya panelləri və kəndə giriş panellərinin baner çapı və montaj xidməti fiziki şəxs Kənan Mürsəliyev tərəfindən həyata keçirilib.

Gəgəli Bələdiyyəsi kəndimizin zəhmətkeş qadınlarından biri, uzun müddət tərəkəmə həyat tərzi keçirmiş, yaylaq-qışlaq köçmə maldarlığı ilə məşğul olmuş Abidə Mürşüdova haqqında “Tərəkəmə qadın: Günəşə doğru köç” filminin çəkilişlərinə dəstək verib. Bu məqsədlə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İSART Prodakşn şirkəti ilə yaxından əməkdaşlıq edilib. Filmin çəkilişləri kənd, qışlaq və yaylaqda baş tutub. Yaxın vaxtlarda filmin təqdimatı olacaq. Film festivallar üçün nəzərdə tutulub.

Göyçay Regional Ədliyyə İdarəsinin tövsiyəsi ilə icarədə olan bələdiyyə torpaqlarından təyinatına zidd istifadə edilməsi hallarına qarşı mübarizənin gücləndirilməsi, icarəçi həmin hallara təkrar yol verdiyi halda icarə müqavilələrinin ləğv edilməsi, torpaqayırma ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, mübahisəli ərazilərlə, xüsusən də ümumi istifadədə olan torpaq sahələrinin təyinatının dəqiqləşdirilməsi, vətəndaşlarla bələdiyyə arasında yaranmış halların qısa müddətdə həll olunması üçün ərazidə monitorinq aparılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların Təşkili üzrə Dövlət Agentliyinə müraciət olunması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə mütəmadi görüşlərin və sorğuların keçirilməsi, ərizələrə vaxtında və ədalətli baxılması, hər ərizə haqqında arayışların hazırlanması və iclasda müzakirəyə çıxarılması, bələdiyyə üzvləri və qulluqçuları tərəfindən qanunvericiliyin tələblərinin daima öyrənilməsi və ciddi əməl olunması qərara alınıb.

Göyçay Regional Ədliyyə İdarəsinin tövsiyəsi ilə gələcəkdə Bələdiyyənin bütün qərarlarında "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə istinad edilməsi nəzərdə tutulub. Bələdiyyənin xidmət sahələrinin yaxşılaşdırılması və məşğulluğun təmin edilməsi üçün “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC, “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər Parkı” MMC, “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli Media” MMC və “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Axtaçı Obası” MMC şirkətləri yaradılıb. Şirkətlər bu sahədə Ağsuda ilk bələdiyyə şirkətləri olub, öz fəaliyyət sahələrinə uyğun işlərə başlayıb. “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC, “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli media” MMC və “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı” MMC-nin ştat cədvəli təsdiq edilib. Kənd sakini Həzi Həsənovun fiziki şəxs kimi təşkil etdiyi “Təmiz kənd xidmət mərkəzi” obyekti “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC-yə təhvil verilib. 01 iyun 2021-ci ildən “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC-yə məişət tullantılarının daşınması üçün yerli sakinlərlə müqavilə bağlaması səlahiyyəti verilib. Gəgəli Bələdiyyəsi bələdiyyə mülkiyyətində olan torpaqdan iki hektar “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd” MMC-nin istifadəsinə verib.

Bələdiyyə qərarı ilə kəndarası bütün yollar və onların mühafizə zolaqları, kəndin bütün küçələri, kənd ərazisindəki bütün su nohurları və onların mühafizə zolaqları, kənd ərazisindəki bütün bulaqlar və onların mühafizə zolaqları, körpülər, dayanacaqlar və onların mühafizə zolaqları, kəndin Giriş darvazası, Şəhid informasiya panellərinin saxlanılması "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz kənd" MMC-yə həvalə edilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü ilə yol kənarlarında, meşə ayrıclarında və yüksək gərginlikli elektirk xətlərinin mühafizə zolağında yanğına qarşı mübarizə tədbiri məqsədilə şum işlərinin aparılması “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz kənd” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılıb.

Gəgəli Bələdiyyəsinin aşağıdakı internet resursları rəsmi şəkildə qəbul olunmuş və "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli media" MMC-nin idarəçiliyinə verilmişdir: gegeli.az internet səhifəsi, bələdiyyənin Feysbuk səhifəsi, Bələdiyyənin Feysbuk qrupu, Bələdiyyənin İnstaqram səhifəsi, Bələdiyyənin Linkedin səhifəsi, Bələdiyyənin Tvitter səhifəsi, Bələdiyyənin Yutub kanalı (Gəgəli TV), Bələdiyyənin Pinterest səhifəsi, Bələdiyyənin TikTok səhifəsi.

“Ağsu rayonu Gəgəli Bələdiyyəsi Yerli Media” MMC Gəgəli gəncləri arasında rəy sorğusu keçirib, onların cavablarını emal edib, təklif və tövsiyələr hazırlayıb.

Aşağıdakı obyektlər Gəgəli Bələdiyyəsinin balansına qəbul olunmuş və "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı" MMC-nin istifadəsinə verilib: Zəfər parkı və Zəfər muzeyi, "Antik Nərgizava" Ekoparkı, "Zeyvə nənə" qəbiristanlığı, "Uzun ata" qəbiristanlığı, "Türk", "Əyri pir", "Sarı pir", "Dam yeri" qəbristanlıqları, "Köhnə dəyirman" Mərasim zalı, Şəhidlər xiyabanı, Qəhrəmanlar parkı. Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər Parkı MMC "Zeyvə nənə" qəbristanlığında inventarlaşma və dəfnlərin reyestrini aparacaq. "Zeyvə nənə" qəbiristanlığında təmizlik və abadlıq işlərinin aparılması üçün qəbir sahibləri "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı" MMC-yə könüllü birdəfəlik ödənişlər və ianələr edə bilərlər.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqəsində iştirak etmək üçün Gəgəli bələdiyyəsinin müəssisələri layihələr hazırlayıblar. “Ağsu rayonu Gəgəli bələdiyyəsi Zəfər parkı” MMC “Şəhid analarının sahibkarlığa cəlbi”, “Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd” MMC “Təmiz kənd xidmət mərkəzi”nin insinerator avadanlığı ilə təchizatı”, “Ağsu rayonu Gəgəli bələdiyyəsi Axtaçı obası” MMC “Tərəkəmə yurdu” eko-etno-aqro turizm mərkəzinin yaradılması”, “Ağsu rayonu Gəgəli bələdiyyəsi Yerli media” MMC “Regional media sahibkarlığının inkişafı: Gəgəli TV studiyasının avadanlıqla təchizatına dəstək” layihələrini hazırlayıblar. Bu məqsədlə Kürdəmir-Ağsu KOB İnkişaf Mərkəzi bələdiyyə müəssisələrinə təlim keçilməsini təşkil edib. Bələdiyyə ilə əməkdaşlıq edən “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin təlimçiləri bələdiyyənin müəssisələrinin rəhbərlərinə biznes təlimlər keçiblər. Hazırda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqəsinə göndərilən layihələrin beş faizi Gəgəli kəndindən təqdim olunub.

Bələdiyyənin şəhid ailələri və qazilərə bütün sahələrdə diqqəti artırılmış və onların bələdiyyənin fəaliyyətinə cəlb edilməsinə çalışılmışdır. Kəndin Perspektiv İnkişafı Fondu torpaqlarının istifadəçisi olan “Ağsu rayonu Gəgəli bələdiyyəsi Zəfər parkı” MMC şəhid ailələri, o cümlədən qazilərlə əməkdaşlıq müqaviləsi imzalamışdır. Hər ailəyə 2022-ci ildə istifadə etmələri üçün bir hektar torpaq verilmişdir.

Torpaqlarında meliorativ işlər görülənə qədər şoran torpaqları olan kənd sakinlərinə Kəndin Perspektiv İnkişafı fondu torpaqlarının istifadəçisi olan “Ağsu rayonu Gəgəli bələdiyyəsi Zəfər parkı” MMC ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmələri tövsiyə edilmişdir. Şoran torpaqları olan kənd sakinlərinə meliorativ işlərin görülməsi və torpağın münbitləşdirilməsində dəstək göstərmək nəzərdə tutulur.

Bələdiyyə müəssisələrinin nizamnamə kapitalının artırılması və əkinçiliyə sərmayə qoyulması məqsədilə torpaq istifadə haqqı ödənişləri və əldə ediləcək mümkün subsidiyaların bələdiyyə müəssisələri büdcəsinə ödənilməsi qərarlaşdırılmışdır. Bələdiyyə müəssisələrinin biznes layihəsi olan və əməkdaşlıq üçün müraciət edən kənd sakinləri ilə birgə fəaliyyət haqqında müqavilə imzalaması tövsiyə edilmişdir.

Kənd ərazisində əkin sahələrində heyvanların otarılması müşahidə olunur. Haqlı narazılıqlar yaranır. Bu məqsədlə maarifləndirmə işləri aparılır. Şikayətçilərə hüquqları başa salınır. Bələdiyyənin internet resurslarında elanlar yerləşdirilir.

Kəndin örüş sahəsinin yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması məqsədilə Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə müraciət edilmişdir. Lakin yeni xəritənin hazırlanması məsələsi ilə əlaqədar bələdiyyəyə cavab verməyi təxirə salmışlar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Gəgəli bələdiyyəsi “Zəfər qəhrəmanları” sərgisinin və kitab-albomun hazırlanmasında yaxından iştirak etmişdir.

Ağsu rayonu Gəgəli bələdiyyəsi

ŞƏRHLƏR